Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3888/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən elektrik xəttinin İddiaçı2 Qələndər oğlunun və İddiaçı1 fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 86 (səksən altı) manat borcun ləğv olunması və iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi elektrik xəttinin iddiaçıların torpaq sahəsindən çıxarılması, borcun silinməsi və mənəvi zərərin ödənilməsi barədədir, iddiaçılar özünün poçt ünvanı kimi ünvan 1ı göstərmiş, cavabdehlərin qeydiyyat ünvanını iddia ərizəsində göstərməmişdirlər. Bununla belə, “Elektron məhkəmə” İnformasiya sistemi vergi ödəyiciləri məlumatları barədə elektron Çıxarışlardan görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayou, X1 küçəsi ev 14, mənzil 49, Cavabdeh2 ASC-nin hüquqi ünvanı isə ünvan 3a məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, cavabdehlərin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə verilməli olduğu halda Bakı şəhəri Xətai rayon Məhkəməsinə verildiyindən onun Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi, ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151-152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “cavabdeh "xxxx" ASC tərəfindən elektrik xəttinin İddiaçı2 Qələndər oğlunun və İddiaçı1 fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 86 (səksən altı) manat borcun ləğv olunması və iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3888/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3888/2022
23.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver