Məhkəmə qərarları › İş №e-2(011)-3946/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3946/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3946/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Türkiyə Respublikasının "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Türkiyə Respublikasının "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyinin cavabdeh Bakı Şəhər 40 Saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. "xxxx" MMC tərəfindən iddiaçının hüquqi ünvanına 202,58 manat məbləğində borcun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı dərhal "xxxx" MMC ilə əlaqə saxlamış və borcu təsdiq edən müqavilə və digər sənədləri təqdim etməyi "xxxx" MMC-dən xahiş etsə də, "xxxx" MMC bununla bağlı iddiaçıya heç bir sənəd təqdim etməmişdir.

2. Həmçinin Bakı şəhəri, Xətai rayonu İcra şöbəsi tərəfindən Bakı şəhəri 40 saylı Notariat ofisinin 8İ-659 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbinin könüllü icra edilməsi ilə bağlı iddiaçın hüquqi ünvanına bildiriş göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Bakı şəhəri, Xətai rayonu İcra şöbəsi ilə əlaqə saxlamış və bununla bağlı sənədləri təqdim etməyi bildirmişdir. Bakı şəhəri, Xətai rayonu İcra şöbəsi tərəfindən cavabdehin verdiyi icra qeydinin surəti iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Həmin icra qeydində iddiaçıdan "xxxx" MMC-nin xeyrinə 202,58 manat borcun tutulması göstərilmişdir.

3. İddiaçının nümayəndəsi dərhal cavabdehlə əlaqə saxlamış və ondan xx.xx.2023-cü il tarixdə iddiaçı barədə verilən icra qeydinə əsas olan sənədləri tələb etmişdir. Cavabdeh daha sonra iddiaçının nümayəndəsinə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətini təqdim etsə də, borcu təsdiq edən heç bir sənəd təqdim etməmişdir.

İddiaçının tələbi:

4. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən iddiaçı barədə verilmiş icra qeydinin ləğv olunması ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı hüquqi yardım üçün Vəkil Bürosuna ödənilmiş 210 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçı Türkiyə Respublikasının "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O öz izahında qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər əsassızdır, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənəddə tarix olaraq 2023-cü il göstərilsə də, əvvəlki maliyyə arayışında borc 2011-ci il göstərilir, sənədlər arasında uyğunsuzluq var. O icra qeydinin ləğv edilməsini və hüquqi yardım üçün Vəkil Bürosuna ödənilmiş 210 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. xx.xx.2011-ci il tarixli “Abunə Müqaviləsi”nə əsasən "xxxx" MMC ilə Türkiyə Respublikasının "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyi arasında bağlanmış müqavilə.

11. "xxxx" MMC tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən qeyd edilən nömrələr sonuncu dəfə xx.xx.2012-ci il tarixdə aktiv olmuşdur.

12. № 581619 nömrəli qaiməyə əsasən "xxxx" MMC tərəfindən Türkiyə Respublikasının "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyinə xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktub İnarə Tağıyeva tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır.

13. xx.xx.2023-cü il tarixli qəbzə əsasən “Milliön terminalı” vasitəsi ilə “Ədalət Vəkil Bürosu”na 210 manat məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, № ********** nömrəli qəbzə əsasən Türkiyə Respublikasının "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Bakı Şəhəri 36 Saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktunu ilə xx.xx.2023cü il tarixli, 8İ-659 reyestr nömrəli icra eydi və ona əlavə edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.

16. 22 noyabr 2022-ci il tarixli Pretenziya məktubunun surəti.

17. Digər sənədlər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

17. Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:

17. 15) icra qeydləri aparır;

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

20. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat (11 sentyabr 2000-ci il): 161 Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”:

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli;

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 2.1. mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il Qərarı: Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

24. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il Qərarı: İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).

26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2 Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

28. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, icra qeydinin verilməsi üçün qanunvericikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur. Belə ki, icra qeydinin verilməsi üçün ən vacib şərt borcun mübahisəsiz olmasıdır. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Abunə Müqaviləsi” (§10) üzrə borcun mövcud olması iddiaçı tərəfindən mübahisələndirilir.

29. Belə ki, yuxarıda qeyd edilən normalarda təsbit olunan digər bir şərt isə tələbin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti çərçivəsində irəli sürülməsidir ki, iş materiallarından da göründüyü kimi, müqavilə xx.xx.2011-ci bağlanmışdır, 2011 və 2012-ci illər üçün təminat məktubu mövcud olsa da, qalan dövrlərdə xidmətin göstərilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin notariat işi materiallarında iddiaçının sonuncu ödəniş tarixi ilə bağlı heç bir məlumat da öz əksini tapmamışdır. Mülki iş materiallarından da göründüyü kimi İcra qeydi Notariat haqqında AR Qanunun 76-cı maddəsinin (§18) şərtləri pozulmaqla həyat keçirildiyində ləğv edilməlidir.

30. Eyni zamanda Notariat haqqında AR Qanunun 76-cı maddəsinin (§18) tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Mülki iş materiallarında 22 noyabr 2022-ci il tarixli pretenziya məktubu əlavə edilsə də məktubun göndərildiyini sübut edən sifarişli poçt qəbzi məhkəməyə təqdim edilməmişdir.

31. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydi ləğv edilməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. . Eyni zamanda məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qiymətləndirilməyən iddia koteqoriyasına aid olduğundan iddia üçün ödənilməli olan dövlət rüsumu 100 manat məbləğində müəyyən edilməlidir. Bu səbəbdən ödənilməmiş 70 manat məbləğində dövlət rüsumu Bakı şəhəri 40 saylı Notariat ofisindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

35. Həmçinin iddiaçının tələblərindən biri də iddia ərizəsi verilərkən hüquqi yardım üçün ödənilmiş 210 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən “Milliön terminalı” vasitəsi ilə “Ədalət Vəkil Bürosu”na 210 manat məbləğində ödəniş edilmişdir. Hüquqi yardım üçün iddiaçı tərəfindən xərclərin çəkilməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının bu tələbinə münasibətdə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən "xxxx" MMC-nin xeyrinə "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyindən 227,58 (iki yüz iyirmi yeddi manat əlli səkkiz qəpik) məbləğində pulun tutulması barədə xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilsin.

3. İddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisindən tutularaq iddiaçı "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyinə ödənilsin.

4. Cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisindən 70 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

5. Hüquqi yardım üçün iddiaçı tərəfindən çəkilmiş 210 manat xərcin əvəzi cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisindən tutularaq iddiaçı "X2 X1 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" Nümayəndəliyinə ödənilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar