Məhkəmə qərarları › İş №e-2(011)-4042/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4042/2022

22.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4042/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən üçüncü şəxslərə satılaraq əldə edilmiş pul vəsaitlərini mənimsədikləri üçün vurulmuş maddi zərərə görə 15000 manat və mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq idddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Ramana qəsəbəsi, keçmiş yod zavodunun yaxınlığında yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xəbəri olmadan üçüncü şəxsə, sonuncu isə dördüncü şəxsə – X1. Hazırda sözügedən fərdi yaşayış evində X8 ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edilmiş və şikayət ərizəsi əsasında müvafiq qaydada araşdırılma aparılmışdır. Sözügedən araşdırılma materiallarının əldə olunması üçün vəkil Sərdar tərəfindən müvafiq qaydada vəkil sorğusu verilməsinə baxmayaraq, araşdırma materiallarının surəti təqdim olunmamışdır. İddiaçı qeyd edir ki, sözügedən fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar iddiaçıyla X5 arasında 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi bağlanılmış, lakin sonuncu fərdi yaşayış evinin tikintisini tam başa çatdırmadığından ona qarşı “müqavilə üzrə öhdəliklərin tam icra edilmədiyinə görə vurulmuş maddi və mənəvi zərər” tələbi ilə məhkəməyə müraciət edilmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-589/2021 saylı mülki iş üzrə, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Elman İsayev) İiddiaçı Əliyeva Ülviyyə Vaqif qızının cavabdeh Zərbəliyev Oktay Dünyamalı oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 çü) yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Zərbəliyev Oktay Dünyamalı oğlundan tutularaq, iddiaçı Əliyeva Ülviyyə Vaqif qızına ödənilməsi qət edilmişdir (sözügedən məhkəmə qətnaməsini elektron kabinet vasitəsilə iddia ərizəsinə əlavə etmək mümkün olmamışdır. Bu səbəbdən digər sənədlərlə birlikdə məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir.) Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən üçüncü şəxslərə satılaraq, iddiaçıya vurulmuş maddi zərərə görə 35000 manat, ödənilmiş dövlət rüsumuna görə 195 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul etməyi xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən sözügedən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi real bazar qiymətindən dəfələrlə aşağı qiymətə üçüncü şəxslərə satılmış və nəticədə iddiaçıya külli miqdarda maddi zərər vurulmuşdur.İ İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X12 məhkəmə iclasında iddia etiraz edərərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus olan torpaq sahəsini tərəflərin nikah dövründə əldə etmişdilər. Həmin torpaq sahəsinin hər hansı sənədləri mövcüd olmamışdır. Daha sonra anası mülki iş üzrə Cavabdeh2 özünə məxsus olan mənzili satmış və ona evin tikintisi üçün 30000 manat məbləğində pul vermişdir. Həmin pul İddiaçı Oqtay adlı şəxsə evin tikintisi üçün vermişdir, Oqtay da evin tikinisini başa çatdırmamışdır. Həmin evi və torpaq sahəsini ayrıldıqlarına görə satmışdır, satışdan əldə edilmiş pulu da xərcləmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-589/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilmiş tikinti işlərinə görə 11914,80 manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 manat və 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, mübahisə premdeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmışş hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 26819 saylı ekspert rəyindən görünür ki, Bakı şəhərində yerləşən İddiaçı Vagiq qızına məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085,20 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən Sifarişçi tərəfindən İcraçıya ödənilmiş pulun (28000) geri qaytarmalı olan hissəsi 11914,80 manat təşkil edir (28000-16085,20=11914,80 manat). İş materiallarında olan Cavabdeh2 ilə X6 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın Alqı-Satqı Müqaviləsi”ndən görünür ki, satıcı Cavabdeh2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili 60000 manat qiymətinə alıcı X4 satmışdır. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bümyadzadə küçəsində yerləşən tikiliyə dair "xxxx" MMC tərəfindən hazırlanmış Hesabat Cədvəlindən görünür ki, tikilinin satış dəyəri 89600 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 195 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Xətai Rayon Məhkəmsinə ödəmişdir. Məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə vətəndaş İddiaçı ünvanladığı ərizə əsasında toplanmış materialın surətlərindən məlum olur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, onlar 2005-ci il tarixində rəsmi nikaha daxil olmuş, 2019-cu ildə isə ayrılmışdılar. Onlar nikah dövründə bir neçə torpaq sahəsi almışdırlar, onlardan biri də Sabunçu rayonu, T.Bünyadov küçəsində yerləşir. Həmin torpaq sahəsinin sənədi olmadığına görə torpağın sahibi İddiaçı ilə 8000 manat barəsində borc müqaviləsi bağlamış və əlavə olaraq 4000 manat isə torpaq sahəsinin sahibinə onun evində verilmişdir. 2017-ci ildə anası yaşadığı mənzili sataraq 30000 manat pulu ona evini tikmək üçün verib. Onun keçmiş həyat yoldaşı İddiaçı ondan xəbərsiz həmi pulun hamısını “Zamin Əmlak” şirkətinin müdiri Oqtay Zərbəliyeva müqavilə imzalayıb. 2019-cu ildə o həyat yoldaşından ayrılıb və evi olmadığından kirayəşin qalmışdır. Ehtiyacı olduğundan 2021-ci ilin mart ayında həmin evi İsa Atakişiyeva 20000 manata satmışdır. Borcları olduğuna görə həmin vəsaiti xərcləmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 nikah dövründən onlar Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus olan torpaq sahəsini almışdılar və həmin torpaq sahəsinn üzərində tikili inşa etmişdilər. Tərəflər 2019-cu ildə boşanmışdılar. Bundan sonra Cavabdeh1 torpaq sahəsini və üzərində olan tikilini 20000 manata satmışdır. İddiaçı sözügedən torpaq sahəsi və tikilinin özünə məxsus olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Digər tərəfdən Cavabdeh1 tikilinin onun anası tərəfindən verilmiş 30000 manat pulun hesabına inşa edildiyini bildirsə də, bu halı təsdiq edəcək yetərli sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə Cavabdeh2 məxsus olan mənzilin alqı-satqısı ilə bağlı müqavilə təqdim edilsə də, satışdan əldə edilmiş pul vəsaitinin məhz Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin üzərində tikilinin inşası üçün sərf edildiyi sübuta yetirilmir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi bu dəlili nəzərə almır. İddia tələblərinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı və Cavabdeh1 birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin və üzərində inşa edilmiş tikinlinin satışından əldə edilmiş 20000 manat məbləğində vəsaitinin ½ hissəsinin, yəni 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 Airf oğlundan tutularaq İddiaçı ödənilməlidir. Sözügedən torpaq sahəsi və üzərində inşa edilmiş tikili alqı-satqısına Cavabdeh2 aidiyyəti müəyyən edilmədiyinə görə, iddia ona münasibətdə təmin edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin onun məlumatı olmadan,bazar qiymətindən aşağı qiymətə satıldığına görə ona 35000 manat məbləğində ziyanın vurulduğunu iddia etsə, formal olaraq ehtimallara əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (MM 1096.1-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (MM 1097.1-ci maddəsi). Məhkəmə həmçinin iddianın 195 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 10000 (on min manat) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar