Məhkəmə qərarları › İş №e-2(011)-4100/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4100/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4100/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdurlar. Birgə nikahdan tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan bir müddət sonra Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyata alınmışdır.

2. Birgə nikah dövründə, yəni 26 aprel 2012-ci il tarixdə ünvan 2 ünvanda yerləşən mənzili iddiaçı alqı-satqı yolu ilə əldə etmiş, cavabdehlə və azyaşlı övladı ilə birgə həmin mənzildə yaşamışdırlar. Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildə qeydiyyatda qalması formal xarakter daşımışdır. Cavabdehlə ailə münaqişələrindən sonra tərəflərin nikahına Xətai rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh iddiası əsasında Xətai rayon məkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(011)-5067/2018 saylı qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən mənzildə Cavabdeh payı 2/1 müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi icra edilmişdir.

3. İddiaçı anası və digər ailə üzvləri ilə hal-hazırda birgə yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilin orderi iddiaçının atası X4 adınadır. İddiaçının atası X8 22 noyabr 2021-ci il tarixdə vəfat etmişdir.

4. İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi və ünvan 3 ünvanda yerləşən mənzilin mülkiyyətinə keçirilməsi ilə bağlı iddiaçı AR ƏN 6 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat ofisinə müraciət etmişdir. Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildə qeydiyyatda olması iddiaçının həmin mənzillə bağlı bir sıra hüquqlarını həyat keçirməyinə mane olur. Cavabdehlə aralarındakı nikaha xitam verildiyindən və bütün mübahisəli məsələlər həll edildiyindən, iddiaçının və ailəsinin həmin şəxslə heç bir hüquqi və faktiki bağlılığı qalmamışdır.

İddiaçının tələbi:

5. Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzildə yaşayış hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilən iddia ərizəsinin dəqiqləşməsinə əsasən, Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzilə yaşayış hüququna deyil, istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh həmin ünvanda faktiki yaşamır, İddiaçı isə yaşayır.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. xx.xx.2018-ci il tarixli, 2(011)-5067/2018 saylı Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç, 106 saylı evin 78 saylı mənzilində X2 1/2 payı, İddiaçı 1/2 payı müəyyən edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, 180/2022 nömrəli 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən, İddiaçı X3 qalmış miras əmlaka (ünvan 5) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 adına çıxarışın sorğunu təqdim edən şəxs vasitəsi ilə verilməsi xahiş edilmişdir.

11. AZ-İ № 440081 nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X5 və İddiaçı arasındakı nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 421№ ilə qeyd edilmişdir.

12. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən ünvan 5 ünvanında qeydiyyatda olan digər şəxslər siyahısında Cavabdeh adı da görünür.

13. AZ-İİ № 223060 ölüm haqqında şəhadətnaməyə əsasən, X1 respirator çatmamazlığı səbəbindən xx.xx.2021-ci ildə ölmüşdür.

14. 25 dekabr 1981-ci il tarixli 205237 saylı Orderdən görünür ki, X6 və onun ailə üzvlərinəBakı şəhəri, Neftayıranlar küçəsi, kvartal 2444, ev 204, mənzil 68, blok 4, mərtəbə 5, iki otaqlı , 26,82 kvadratmetr sahəsi olan mənzildə yaşamaq hüququ verilmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

18. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2.Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə iş materiallarını, tərəfin izahını dinləyərək hesab edir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququna qanuni gözləntisi mövcuddur. Belə ki, Mülki qanunvereiciliyin yuxarıda sadalanan normalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilmə əsaslarından biri vərəsəlik hüququdur. İddiaçı mənzil mülkiyyətçisinin oğlu və eyni zamanda vərəsəsidir. Faktiki miras əmlakını qəbul etmişdir, dolayısı ilə mənzilə faktiki sahiblik edir və mülkiyyət hüququ ilə bağlı gözləntisi mövcuddur. Belə ki, AİHK-yə əsasən “1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı daxili qanunvericilikdəki formal təsnifatdan müstəqil olan muxtar məna daşıyır (Beyeler İtaliyaya qarşı işi № 33202/96). “Mülkiyyət” ya “mövcud sahiblik” və ya aktivlər, o cümlədən iddialar ola bilər ki, bununla bağlı ərizəçinin mülkiyyət hüququndan səmərəli istifadəni əldə etmək üçün ən azı “qanuni gözləntisi” olduğunu iddia edə bilər (Kopeski Slovakiaya qarşı işi №44912/98). Bu sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilmısi ilə bağlı subyektiv hüququ mövcuddur və o məhkəmədə bu məsələ ilə bağlı iddiaçı qismində tanınmasını tələb etməkdə haqlıdır.

23. Məhkəmə qeyd edir ki, cavadehin sözügedən mənzilə istifadə hüququ İddiaçı ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olduğu andan yaranmış hesab olunmalıdır. Hüquq münasibətinin yaranma anına müvafiq olaraq cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər MM-in 228.5ci maddəsinə uyğun olaraq həll edilməlidir.

23. Belə ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

24. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdurlar, Ailə qurduqdan bir müddət sonra Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyata alınmışdır. Birgə nikah dövründə, yəni 26 aprel 2012-ci il tarixdə ünvan 2 ünvanda yerləşən mənzili iddiaçı alqı-satqı yolu ilə əldə etmiş, cavabdehlə və azyaşlı övladı ilə birgə həmin mənzildə yaşamışdırlar. Cavabdehlə ailə münaqişələrindən sonra tərəflərin nikahına Xətai rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh iddiası əsasında Xətai rayon məkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(011)-5067/2018 saylı qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən mənzildə Cavabdeh payı 2/1 müəyyən edilmişdir. Hal-hazırda cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildə faktiki olaraq yaşamır, onun həmin ünvanda qeydiyyatda qalması formal xarakter daşımışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda saxlanılsa da, bir sıra şərtlər gözlənildiyi halda bu istifadə hüququna xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

25. İddiaçı faktiki olaraq istifadə hüququ olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığı, həmçinin ünvan 2 ünvanında ½ pay hüququ müəyyən edildiyindən onun ilk mənzilə münasibətdə istifadə hüququnun saxlanmasına, o cümlədən istifadə hüququnun xitam verilməsi zamanı kompensasiya ödənilməsinə zərurət aradan qalxmışdır. 26.Məhkəmə hesab edir ki, cavabdehin formal xarakterli qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını, mülkiyyət hüququna gözləntilərini məhdudlaşdırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.

3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar