Məhkəmə qərarları › İş №e-2(011)-4199/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4199/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4199/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkilin və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında əvvəllər qohumluq əlaqələri olmuş, cavabdeh iddiaçının bacısı X4 ilə nikahda olmuşdur.

2. Cavabdeh “X9”-da özünə bağ sahəsinin alınması məqsədilə iddiaçıdan 2021-ci ilin sentyabr ayında 125 000 ABŞ dolları məbləğində borc almış, tərəflər arasında pulun verilməsi ilə bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Pul iddiaçının tapşırığı ilə onun biznes şəriki X3 tərəfindən iddiaçıya verilmişdir.

3. Sonradan cavabdeh tərəfindən iddiaçının xeyrinə bəzi işlərin yerinə yetirilməsinə görə çəkilmiş xərclər çıxılmaqla, borcun son qalıq məbləğinin 108000 ABŞ dolları olması barədə tərəflər arasında 2023-cü ilin aprel-iyun aylarında bir neçə dəfə email vasitəsilə yazışmalar olmuş, cavabdeh Səbinə Pərviziyə həmin yazışmalarla ailə borclarının 360 000 manat, 200 000 manat və 108 000 ABŞ dolları olmasını təsdiq etməsini təklif etmişdir.

4. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2218/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə Səbinə Pərvizi arasındakı nikah pozulmuşdur.

5. Həmçinin, cavabdehlə X4 (iddiaçının bacısı) arasında “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması” tələbinə dair mübahisə üzrə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin 6-cı bəndinə görə cavabdeh və X4 birgə nikah dövründə götürdüyü və onların adına rəsmləşdirilmiş hüquqi və ya fiziki şəxslərdən alınan bütün borcları ayrı-ayrılıqda ödəməyi hər biri öz üzrəinə götürür. Həmin barışıq sazişi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarddadı ilə təsdiq edilmişdir.

6. Tərəflər arasındakı e-mail poçt yazışmalarında cavabdeh digər borclarla bərabər aldığı 108000 ABŞ dolları borcu X4 ilə onun birgə nikah dövründə alınmış borc kimi qəbul etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı cavabdehdən 108.000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, 22.950 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 497 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, tərəflər qohumluq münasibətində olmuşlar. Təxminən 2021-cilin yay aylarında cavabdeh iddiaçıya müraciət edərək ona 125.000 ABŞ dolları məbləğində borc pul vəsaitinin verilməsini xahiş etmişdir. İddiaçı həmin dövrlərdə Böyük Britaniyada olduğundan dostu X3 vasitəsi ilə 125.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə cavabdehə səsli mesaj göndərərək pulu götürdükdən sonra özünəməxsus "xxxx" ASC-də olan bank hesabına mədaxil edəcəyini iddiaçıya bildirmiş, qısa müddət sonra iddiaçıya sms yazaraq pul vəsaitini aldığını təsdiq etmişdir. Onlar “X9”da yerləşən istirahət mərkəzinin yaxınlığında yanaşı bağ sahələri almışlar. Bundan sonra həmin torpaq sahəsinin bir qismi əvəzləşdirilmiş, cavabdehin sahibliyində və istifadəsində olan torpaq sahəsindən müəyyən bir hissə iddiaçının sahibliyi və istifadəsində olan torpaq sahəsinə qatılmışdır. Bundan sonra iddiaçı və cavabdeh razılaşmışdır ki, cavabdehin iddiaçıya olan qalıq borc məbləği 108.000 ABŞ dolları təşkil edir. İddiaçının bacısı və cavabdeh arasında olan ailə münasibətləri korlandığı ərəfədə 2023-cü ilin mart ayında tərəflər arasında olan e-mail yazışmaları ilə bu tam sübut olunur. Cavabdeh özü də iddiaçıya 108.000 ABŞ dolları məbləğində pul vəsaiti borclu olduğunu qəbul etmişdir. Həmin borcu ödəyəcəyini qəbul etsə də, öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı ondan dəfələrlə pulunu qaytarmasını tələb etməyinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, tərəflər arasında borcun götürülməsi ilə bağlı heç bir müqavilə olmamışdır. Cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. 2021-ci ildə cavabdeh tərəfindən hər hansı torpaq sahəsi alınmamış və ya kiminsə xeyrinə torpaq sahəsindən imtina etməmiş və ya güzəştə getməmişdir. Cavabdehin iddiaçıdan borca pul istəməsi, iddiaçının ona borca pul verməsi, eləcədə torpaq sahəsinin 17.000 dollara istifadəyə verilməsi kimi iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və tam şəkildə uydurmadır. İddiaçının anası X2 2020-ci ildə “X9”-da ümumi sahəsi 220 kvadrat metr olan kottec alıb. 2021-ci ilin yanvarından onun təmirinə başlamaq qərarına gəlmişlər. İddiaçı xaricdə yaşadığına görə, cavabdehin yaxın qohum olduğundan və həm də təmir işlərində təcrübəsini nəzərə alaraq, təmirin aparılmasını və nəzarət etməsini ondan xahiş etmişdir. Kottecin təmiri 8 ay davam etmiş və buna rəsmən qeydə alınmış uçota görə 284 000 manat vəsait xərcləmişdir. Bütün xərcləri iddiaçı qarşılamış, təmir işləri onun vəsaiti hesabına aparılmışdır. Təmir işlərinin təşkili və nəzarəti cavabdeh həyata keçirdiyindən, həmin vəsaitin çox hissəsinin alınması və xərclərin ödənilməsinə sərf edilməsi də onun tərəfindən aparılmışdır. İddiaçının bacısı cavabdehin keçmiş həyat yoldaşıdır. İddiaçı Azərbaycanda yaşamadığına və burada maliyyə vəsaitinin olmadığına görə, tikinti-təmir işlərinə xərclərin bir hissəsini xarici bank hesablarından, bacısının Azərbaycandakı bank hesablarına köçürmüşdür. Bu vəsaitləri hərdən iddiaçının bacısı özü bankdan götürüb, hərdən cavabdeh gedib ofisdən götürmüşdür. İddiaçı pulları cavabdeh üçün deyil, onun anasının adına olan, əslində ona məxsus “Seabreez”-də yerləşən kottecin təmiri üçün bacısına göndərmişdir. O, bunu cavabdehin xahişi ilə və ya cavabdeh üçün göndərməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi isə 2022-ci ilin sentyabr ayında alınmışdır və dəyəri cəmi 20.000 manat təşkil edir. Bu torpaq sahəsindən heç bir hissə iddiaçıya hər-hansı bir borca görə satılmayıb və bağışlanmayıb. Elektron poçt və SMS-lərin heç birində cavabdehin iddiaçıdan ona borc verilməsini xahiş etdiyi, eləcədə ona borclu olduğunun qəbul etdiyi (borcun etirafı) və borcu qaytaracağını öhdəsinə götürdüyü kimi qeydlər mövcud deyildir. Həmin yazışmalarda ailə borcu və boşanmadan sonra borcların ər-arvada aidliyi barədə qeydlər edilmişdir. Tərəflərin arasında qohumluq münasibətləri yetərincə uzun müddət davam etmişdir və bu müddətlər ərzində bir-birinə hədiyyələr edilmiş, işlərində bir-birinə dəstək olmuşlar. Ən çox da 2020-ci ildə Covid-19 pandemiyası ilə bağlı iddiaçının bacısının təsis etdiyi və qardaşı ilə birgə idarə etdikləri firmaların fəaliyyətində durğunluq yarandığından və yaranmış borcların aradan qaldırılması üçün hər ikisi (yəni həm iddiaçı, həm də cavabdeh) Səbinəyə maliyyə dəstəyi etmişlər. Birgə bizneslərdə iştirakları olmuşdur. Pandemiyanın yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaq ücün iddiaçı 2021-2022-ci illərdə bacısı X1 hesabına külli miqdarda vəsait köçürmüşdür. Məhkəməyə təqdim olunan məktublarda bu maliyyə vəsaitinin məhz 108 000 dollar olmasının cavabdeh tərəfindən təsdiq edilməsi xahiş edilir və qeyd edilir ki, bu ümumi ailə borcudur və məhkəmə zamanı aidiyyəti olaraq bölüşdürüləcək. Elektron yazışmaların mətnləri məhkəməyə tam deyil, natamam təqdim edilmişdir və yazışmalarda gedən 108 000 dollar ailə borcu olaraq, boşanmada razılaşdırılan sazişdə ona aid öhdəlikdə şərtləndirilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat vedrərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında yaxın qohumluq əlaqələri olduğuna görə onlar arasında heç bir müqavilə bağlanmamışdır.

11. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, o, iddiaçı ilə birlikdə eyni şirkətdə işləyiblər. İddiaçı ona zəng edərək bildirdi ki, cavabdeh “X9”da bağ evi tikmək istəyir, ona pul lazımdır. Buna görə də onun 125 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verməlidir. 2021-ci ilin sentyabr ayında cavabdeh ofisə gələrək 125 000 ABŞ dolları məbləğində pul vəsaitini götürmüş və elə həmin vaxt da iddiaçıya ismarıc yazaraq pulu götürdüyü barədə məlumat vermişdir. Tərəfləri təxminən 15 ildir ki tanıyır.

13. Məhkəmə iclasında Şahid Akif oğlu izahatında bildirdi ki, o, hər iki tərəfi yaxşı tanıyır, tərəflərlə birlikdə magistratura pilləsində təhsil almışlar eləcə də, ailəvi dost olublar. Tərəflər arasındakı borc münasibətlərindən əvvəlcədən məlumatı olmamışdır. Sonradan iddiaçı ona bildirmişdi ki, cavabdehə borc pul verib, ancaq cavabdeh həmin borcu qaytarmır. O, ilk öncə borcun məbləğini bilmirdi, sonradan tərəflərlə görüş zamanı öyrənmişdir ki, iddiaçı cavabdehə 125 000 ABŞ dolları məbləğində pul borc verib, sonradan müəyyən dəyişikliklər olmuş və borcun məbləği 108 000 ABŞ dolları olmuşdur. Onun vasitəçiliyi ilə təşkil edilmiş tərəflər arasındakı görüşdə üç əsas məsələ müzakirə olunmalı idi. Birincisi, Fərhada verilmiş 125 000 ABŞ dolları məbləğində pul vəsaiti, ikincisi, Eminin bağ evinin tikintisinə Fərhad tərəfindən çəkilmiş xərclərin miqdarı, üçüncüsü, torpaq sahəsinin yenidən ölçülməsi idi, çünki tərəflərin aldıqları torpaq sahəsi bitişik idi. Üçtərəfli görüş zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 125 000 ABŞ dolları məbləğində pul vəsaitindən cavabdeh tərəfindən iddiaçının bağ evinin tikintisinə görə iddiaçının əvəzinə ödədiyi pul vəsaiti və cavabdeh tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin dəyəri çıxılmalı idi. İddiaçı bağ evinin tikintisi zamanı Cavabdeh onun əvəzinə 9400 manat, yəni 5500 ABŞ dolları məbləğində ustalara ödəniş etmişdir. Görüşün qısa xülasəsini yazılı şəkildə o özü hazırlayıb tərəflərə göndərmişdi və tərəflərdən də xahiş etmişdi ki, tanış olaraq təsdiq etsinlər. İlk öncə Fərhad, daha sonra isə Emin təsdiqlədi. Lakin, Fərhad bildirirdi ki, aldığı borc şəxsi deyil, ailə xərcləri üçündür və mediasiya prosessi zamanı bölüşdürüləcək. Üçtərəfli görüş zamanı cavabdeh heç bir zaman bildirməyib ki, o, iddiaçıdan borc pul götürməyib. Cavabdeh etiraf edib ki, iddiaçıdan pul vəsaitini borc olaraq götürüb və həmin pulu “X9”da özünə bağ evi tikdirmək üçün galıb. İddiaçı tərəfindən 125 000 ABŞ dolları məbləğində cavabdehə borc pul verilərkən həmin vaxt orada olmayıb, ancaq tərəflər özləri bunu etiraf ediblər.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

15. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

30. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

31. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

32. İddiaçı cavabdehə 125 000 ABŞ dolları borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, 125 000 ABŞ dolları məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirldiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

33. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüquqnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüquqnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fikiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.

34. Hazırkı mübahisədə də, iddiaçı pulun cavabdehə nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 125.000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 125 000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini əks etdirən sübutlar (iş materiallarına əlavə edilmiş elektron poçt yazışmaları və şahid ifadələri) iddiaçı tərəfindən işə əlavə edilmişdir.

35. Belə ki, tərəflərin bir-birlərinə ünvanladıqları və əlavə olaraq da bəzi hallarda Şahid və Səbinə Pərviziyə göndərdikləri elektron poçt yazışmalarını tədqiq etdikdə müəyyən olunur ki, Şahid vasitəçiliyi ilə tərəflər arasında xx.xx.2023-cü il tarixində danışıqlar aparılmış, həmin danışıqlarda ümumilikdə üç ayrı-ayrı məbləğlərdən ibarət pul vəsaitlərindən bəhs edilir. Onlardan birincisi, 360 000 manat pul vəsaitidir ki, cavabdeh bildirir ki, həmin pul vəsaiti onun anasından alınmış borcdur. İkincisi, 200 000 manat pul vəsaitidir ki, cavabdeh bildirir ki, həmin pul bankdan götürülmüş kreditdir. Üçüncüsü isə, mübahisələndirilən 108 000 ABŞ dolları pul məbləğindəki vəsaitidir. Cavabdeh xx.xx.2023cü il tarixli elektron poçt vasitəsilə yazışmasında hər üç məbləğdə göstərdiyi pul vəsaitinin onun keçmiş arvadı, Səbinə Pərvizi ilə ortaq borcları olduğunu və bu borcların onların arasında bölünəcəyini qeyd edir. Həmin pul barədə tərəflər arasında e-mail danışıq belə olmuşdur ki, Şahid xx.xx.2023-cü il tarixdə saat 16:31-də tərəflərin adı göstərilmiş e-poçt ünvanlarına aşağıdakı məzmunda məktub göndərmişdir: “1. Şahid qısa şəkildə razılaşma tərtib edərək tərəflərə göndərmişdir, razılaşmanın məzmunu ondan ibarətdir ki, borcun ümumi məbləği 125 000 ABŞ dollardır. Mənfi 5500 USD (9400 azn) Fərhad tərəfindən təmir zamanı Dima c-a pdənilib. Torpaq sahəsinin yenidən hesablanmasıüçün minus X USD (məbləğ Emin tərəfindən ölçmələr nəticəsində təsdiqlənməlidir, ilkin hesablama 7000 ABŞ dolları). 2. Yuxarıda borc Fərhad və Səbinə Pərvizinin ailəsinə verilmişdir və şərikli ailə borcudur və boşanma prosei nəticəsində başqa cür razılaşdırılmadıqda, Səbinə ilə Fərhad arasında 50:50 nisbətində bölünür. Zəhmət olmasa, nəyisə səhv başa düşmüşəmsə təsdiq edin və ya düzəldin”. Eyni tarixdə saat 20:15-də cavabdeh iddiaçıya və Şahid e-poçt vasitəsilə aşağıdakı məzmunda cavab yazır: “Sağ ol Nurin. Qeyd edim ki, bizim ailə olaraq (cavabdeh özü ilə Pərvizi Səbinəni nəzərdə tutr) ortaq borcumuz da anama olan 360.000 azn və banka olan 200.000 azn borcdan ibarətdir. Bütün bu borclar may ayından başlayacaq və tərəflərin (və ya məhkəmənin) qərarından asılı olaraq, borc tərəflər arasında bölünəcək vasitəçilik prosesi ilə həll olunacaq”.

36. Bundan sonra, iddiaçı ölçmələrin dəqiqləşdirilməsi barədə həm cavabdehə, həm də Şahid e-poçt vasitəsilə məktublar göndərilmişdir. Həmin yazıda iddiaçı torpaq sahəsinin dəyərinin təxminən 11 000 – 12 000 ABŞ dolları olacağını bildirmişdir. İddiaçının həmin yazısına isə cavabdeh heç bir etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya, Şahid və Səbinə Pərviziyə e-poct vasitəsilə göndərdiyi yazısında qeyd edir: “salam Emin. Hesablaşmalara görə balans 108k USD təşkil edir. Səbinə, zəhmət olmasa ümumi ailə borcunu öz tərəfinizdən təsdiq edin, çünki bu hər ikimizə aiddir və bölünmə predmeti olacaq 360 min azn, 200 min azn, 108 min usd” xx.xx.2023-cü il tarixdə isə cavabdeh iddiaçıya və Səbinə Pərviziyə e-poct vasitəsilə bu məzmunda məktub göndərmişdir: “salam Emin. Boşanma prosesi çərçivəsində razılaşdıq ki, üzərimizə götürdüyümüz borclar ailə borcları kimi deyil, fərdi borclar kimi qəbul edilsin. Çıxardığım borcları mən, Səbinənin çıxardığı borcları Səbinə ödəyəcəyək”.

37. Göründüyü kimi, cavabdeh 125 000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının özünün bağ evinin tikintisi üçün cavabdehə verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim etmir, əksinə müəyyən xərclərin çıxılmasından sonra onun iddiaçıya 108 000 ABŞ dolları borcu olduğunu, həmin pulun Səbinə Pərvizi ilə birgə ailə borcları deyil, özünün fərdi borcu olduğunu etiraf edir. Bundan başqa, cavabdehin bildirdiyi kimi 125 000 ABŞ dolları məbləğində pulun iddiaçının öz bağ evinin tikintisi üçün verildiyi təqdirdə, yazışmalarda bununla bağlı heç nə qeyd etmir.

38. Məhkəmə qeyd edir ki, sözügedən həcmdə pul vəsaitinin borc qismində iddiaçı tərəfindən cavabdehə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Belə ki, şahid qismində izahatı dinlənilmiş Şahid şəxsən özü tərəflər arasında danışıqların aparılmasında iştirak etmişdir. Onun izahatı əvvəldə ətraflı şəkildə qeyd edilmişdir. Şahid bildirir ki, iddiaçı tərəfindən cavabehə pul vəsaiti verilərkən orada olmasa da, sonradan tərəflər arasındakı mübahisədən məlumatı olmuş və tərəflər özləri ona etiraf etmişdir ki, cavabdeh iddiaçıdan 125 000 ABŞ dolları pul vəsaitini borc kimi almış, sonradan cavabdeh tərəfindən iddiaçının bağ evinin təmirinə sərf edilmiş pul məbləği və cavabdeh tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin dəyəri çıxılmaqla, qalıq borc 108 000 ABŞ dolları təşkil etmişdir. Həmçinin də, digər şahid Əkbər Yaqubov iddiaçının tapşırığı ilə onun şəxsi hesabında olan 125 000 ABŞ dolları məbləğində pulu cavadehə verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmiş, əksinə şahidlərlə hər iki tərəf arasında uzun illər yaxın dostluq əlaqələrinin olması müəyyən edilmişdir.

39. Bundan başqa, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə e-poçt vasitəsilə aparılan danışıqlar zamanı iddiaçı həmin borcların Səbinə Pərvizi ilə ortaq borcları olduğunu qeyd etsə də, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən elektron poçt vasitəsilə göndərilmiş ismarıcda cavabdeh bildirmişdir ki, boşanma prosessi gedişində Səbinə Pərvizi ilə aralarında baş tutmuş razılığa əsasən tərəflərin hər birinin üzərinə götürdüyü borc, ailə borcu deyil, tərəflərin hər birinin şəxsi borcudur. Eyni zamanda, həm iş materialları ilə, həm də şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, iddiaçı pul vəsaitini Əkbər Yaqubov vasitəsilə cavabdehə vermişdir.

40. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, 125 000 ABŞ dolları məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə pula olan mülkiyyət hüququnu cavabdehə faktiki olaraq keçirmiş, lakin sonradan tərəflərin öz aralarında müəyyən xərclərin əvəzləşdirilməsi nəticəsində həmin borcun qalıq hissəsi 108 000 ABŞ dolları məbləğində qalmışdır.

41. 125 0000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

42. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

43. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 125 000 ABŞ dolları məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 125 000 ABŞ dolları məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 125 000 ABŞ dolları (əvəzləşdirmədən sonra qalıq 108 000 ABŞ dolları) məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

44. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.

45. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

46. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında formaladırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

47. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi və sonradan müəyyən çıxılmalar aparıldıqdan sonra hazırda qalıq qalan 108 000 ABŞ dolları məblığində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, iddiaçı cavabdehdən verdiyi puldan 108 000 ABŞ dollarının geri qaytarılmasını tələb etməkdə haqlıdır.

48. Tərəflər arasındakı etibarsız əqdin nəticəsinin tələb edilməsi müddəti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı konkret müddətin olması məhkəmə araşdırması zamanı müəyyən olunmasa da, tərəflər arasındakı e-poçt yazışmalarından bəlli olur ki, borcun dəqiqləşdirilməsi və kim tərəfindən qaytarılmalı olması ilə bağlı 2023-cü ilin mart-iyun aylarında danışıqlar aparılmış, cavabdehlə Səbinə Pərvizi arasında bağlanmış barışıq sazişinin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təsdiq edildiyi vaxtdan isə cavabdehin həmin borcu qaytarmaq öhdəliyi yaranmışdır.

49. Məhkəmə hesab edir ki, iddia tələbi 22 950 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır.

50. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamış, eləcə də, borcun hansı müddətə qaytarılması ilə bağlı dəqiq tarix razılaşdırılmamışdır. Lakin, cavabdeh pulu qaytarmağı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qərardadının qəbul edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən qaytarmağı öhdəsinə götürsə də buna əməl etməmiş, qaytarmalı olduğu borcu gecikdirmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

52. İşin qeyd edilən hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh qaytarmalı olduğu 108 000 ABŞ dolları pulu vaxtında qaytarmadığına və gecikdirdiyinə görə iddiaçıya gecikdirdiyi pul məbləğinin illik 5% miqdarında pul ödəməyə borcludur. Gecikdirilmiş müddət isə cavabdehin pulu qaytarması öhdəliyinin yarandığı gündən, yəni Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildiyi gündən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək, yəni xx.xx.2024-cü ilədək qəbul olunmalıdır. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq cavabdeh pulu gecikdirdiyi 9 ay 15 gün müddət (xx.xx.2023xx.xx.2024) üçün iddiaçıya illik 5% məbləğində, yəni 4050 ABŞ dolları məbləğində pul ödəməlidir.

53. Məhkəmə həmçinin iddianın 497 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 108 000 ABŞ dolları məbləğində pul (Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), 4050 ABŞ dolları məbləğində illik 5 faiz məbləğində pul və 497 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar