Məhkəmə qərarları › İş №e-2(011)-4221/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4221/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4221/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı – "xxxx" QSC-dən 76875 manat uduş məbləğinin, 3000 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın və 338 manat ödənilmiş dövlət rüsumunun, cəmi 83213 manat pulun tutulub vətəndaş İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixində müxtəlif saatlarda “Topaz” idman mərc oyununda hər biri 500 manat olmaqla 38 dəfə mərc edərək kupon əldə etmişdir, əldə olunmuş kuponlar üzrə vətəndaş İddiaçı həmin mərcləri qazanmışdır. Kuponları nağdlaşdırmaq məqsədi ilə “Topaz” məntəqələrinə yaxınlaşdıqda kuponların uduşlu olduğunu, lakin baş ofisə yaxınlaşmalı olduğu bildirilmişdir. Vətəndaş İddiaçı dəfələrlə qaynar xətt nömrəsi ilə əlaqə saxlamış və "xxxx" QSC-nin baş ofisinə müraciət etmiş lakin bu günə kimi heç bir nəticə verməmiş və hər dəfəsində müxtəlif bəhanələrlə vətəndaş əli boş yola salınmışdır. Kuponlar üzrə vətəndaş vergilər çıxılmaq şərti ilə 76875 manat uduş məbləği qazanmışdır. xx.xx.2022ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmiş lakin bu günə kimi uduş məbləği ödənilmir. “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası’nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının aşağıda göstərilən maddələrinə əsasən: Bir uduşlu biletin təqdim edilməsi halında satıcılar Operator tərəfindən müəyyənləşdirilən limitə qədər olan uduş məbləğlərini oyun iştirakçısına nağd formada ödəməlidirlər. Operator satıcının ödəniş limitindən çox olan uduş məbləğləri üçün banklara səlahiyyət verir. Uduşun ödənilməsi ilə əlaqədar səlahiyyət verilən satıcı və banklar uduş məbləğlərini vaxtında, tam həcmdə və düzgün şəkildə ödənilməsinə görə məsuliyyət daşıyırlar. Satıcı uduşlu mərc biletlərini mərc oyunlarının şərtlərində göstərilmiş qəbul müddəti ərzində, mərc oyunu iştirakçılarının ilk tələbi əsasında qəbul etməlidir. Virtual satıcı uduşlu elektron mərc biletlərinin uduşlarını avtomatik olaraq mərc oyunçularının hesablarına köçürür. Uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 bank günü ərzində iştirakçıya ödənilir. Uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifadə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 ay ərzində saxlanılır. Uduş məbləği yalnız uduşlu biletin təqdim edən 18 yaşına çatmış şəxsə ödənilir. Virtual mühitdə oynanılan sabit ehtimallı və müştərək mərc oyunları ilə bağlı olan biletlər istisna olunmaqla, idman oyunlarına aid sabit ehtimallı və müştərək mərc oyunları ilə bağlı biletlər sahibinə aiddir. Uduşun ödənilməsi üçün biletin təqdim edilməsi mütləqdir. Virtual mühitdə qazanılan uduşlar elektron mərc biletlərə əsasən virtual satıcı tərəfindən ödənilir və uduşlar iştirakçıların virtual satıcının nəzdində açılan hesablarına avtomatik olaraq hər hansı tələbin irəli sürülməsini gözləmədən köçürülür. Uduşun ödənməsi üçün səlahiyyət verilmiş satıcı və banklar tərəfindən mərci qazanan şəxslərə edilən ödənişlərdən qanunvericilikdə nəzərdə tutulmuş vergilər istisna olunmaqla, heç bir faiz tutula bilməz. Bundan əlavə cavabdeh 25 gündən artıq müddətdə uduş məbləğini ödəməməklə iddiaçıya maddi və mənəvi ziyan vurur. Belə ki, udulmuş məbləğin 19000 manatı şəxsin şəxsi pullarıdır ki həmin məbləği şəxs bu müddət ərzində istifadə edərək müəyyən miqdarda gəlir edə bilərdi və əlavə olaraq cavabdehdən pulun alınması üçün 300 manat miqdarında vəsait hüquqi xidmətlər üçün və 321 manat dövlət rüsumu ödəməlidir. Bundan başqa, 25 gündən artıqdır ki, uduş məbləğini verməməklə iddiaçını stresdə saxlayırlar. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, cavabdeh "xxxx" QSC idman mərc oyunlarının operatoru qismində “Topaz” əmtəə nişanı altında fəaliyyət göstərir. İddiaçı xx.xx.2022-ci il tarixdə müxtəlif saatlarda “Topaz” idman mərc oyunları üzrə 38 dəfə mərc etdiyini və kuponlar əldə etdiyini bildirir. İddiaçının bütün bu mərcləri müxtəlif saatlarda özünün oynaması ilə bağlı bildirdiyi fakt həqiqətə uyğun deyildir. Belə ki, təqdim edilən kuponlardan göründüyü kimi, 38 ədəd mərc bir “Topaz” satış məntəqəsində deyil, müxtəlif ünvanlarda yerləşən 6 ayrı “Topaz” satış məntəqəsində xx.xx.2022-ci il tarixdə cəmi 24 dəqiqə ərzində, 15:26-15:50 saat aralığında edilmişdir ki, fiziki olaraq bunun bir şəxs tərəfindən edilməsi mümkün deyildir. Belə ki, mərclərin edildiyi ünvanlar Binəqədi, Yasamal və Nərimanov rayonlarında müxtəlif ərazilərdə yerləşir və 24 dəqiqə ərzində bir şəxsin bu mərc qoyuluşlarını etməsini iddia etməsi uydurmadır. Uduşun verilməməsinin hüquqi əsaslandırmasına gəlincə, iddiaçının istinad etdiyi mərclərdə eyni oyunla bağlı təkcə iki növ mərc, ilk hissə ikidən çox qol və oyun nəticəsində dörddən çox qol üzrə 38 dəfə mərc qoyuluşlarının edilməsi faktı bu oyunun etibarlılığı ilə bağlı əsaslı şübhələr oyatmışdır. Həmin oyun X7, 2-ci Dəstə, Şimali Svealand turnirində xx.xx.2022-ci il tarixdə İfk Österäker Fk və İF Kungsangens futbol komandaları arasında keçirilmiş və 6:1 hesabı ilə birincinin xeyrinə bitmişdir. Bu şübhənin araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli məktubla İsveç Futbol Federasiyasına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq İsveç Futbol Federasiyasından xx.xx.2022-ci il tarixdə daxil olmuş elektron poçtda bildirilmişdir ki, müraciət əsasında onlar tərəfindən yoxlamalara başlanılmışdır və oyunun nəticələrinin araşdırılmasına əsasən ilk hissə üçün ən azı üç qolun olmasına və oyunun nəticəsində ən azı 5 qolun olmasına dair ciddi sayda mərcin edilməsi bu oyunun düzgünlüyü ilə bağlı əsaslı şübhələr yaradır. Eyni zamanda bildirilmişdir ki, İF Kungsangens futbol komandasının axırıncı iki il ərzində dörd dəfə oyunlarda manipulyasiyaya yol vermiş olduğu öz təsdiqini tapıb. X5 Federasiyasının xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, hazırda həmin oyunla bağlı Federasiyada araşdırma davam etdirilir və İsveç polis orqanlarına da bu barədə məlumat verilmişdir. Bu şübhələrə görə cavabdehin uduşu ləğv etmək hüququ qanunvericiliklə öz əksini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli № 53/22 saylı əmrin surətindən görünür ki, xx.xx.2022-ci il X7, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınması, hazırkı əmrin 1-ci bəndində göstərilən oyunla bağlı şübhələrə dair İsveç Futbol Federasiyasına müraciət edilməsi, təxirə salınmış uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilməsi, cəmiyyətin idman mərc oyunlarının satıcısı qismində fəaliyyət göstərən bütün agentləri hazırkı əmr barəsində məlumatlandırılması, hazırkı əmrdən irəli gələn məsələlərin həlli Cəmiyyətin Risklərin idarə edilməsi və Satış şöbələrinə və Cəmiyyətin hüquqşünasına həvalə olunması əmr edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli № 65/22 saylı əmrin surətindən görünür ki, xx.xx.2022-ci il X7, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə ləğv edilmişdir. Ləğv edilmiş uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli № 127/22 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il X7, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyununun nəticələri ilə bağlı əsaslı şübhələr olduğundan, İsveç Futbol Federasiyasına müraciət olunduğu və həmin oyunla bağlı İsveç Futbol Federasiyası tərəfindən İsveç polisinə məlumat verilməsi qeyd edilmiş və bu oyuna görə mərclər edən şəxslərin bu və ya digər mənbələrdən oyunun nəticəsi barədə məlumata sahib olmasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2-ci maddəsinə əsasən qadağan edilmiş əməlin törədilməsinə əsaslı şübhələr olduğundan, faktın araşdırılmasına köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Johan Claesson tərəfindən Məmməd Qasımova ünvanlanmış e-mail məktubundan görünür ki, Kungsangens İf son 2 il ərzində Sportrader tərəfindən nəzərdən keçirilmiş 4 matçda oynadığına görə artıq diqqət çəkmişdir. Kungsangen həmin 4 matçın hamısında manilpulyasiyaya cəlb olunmuşdur. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən "xxxx" QSCnə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, "xxxx" QSC-nə uduş məbləğinin ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Vəkil İddiaçı səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənədləri təqdim etməsi xahiş edilmişdir. İş materiallarında olan X1 Futbol Assossiasiyasının xx.xx.2022-ci il tarixli "xxxx" QSC-nə ünvanlanmış məktubundan görünür ki, hazırda onlar Division 2 Norra Svealand danışılmış oyun şübhəsi ilə bağlı araşdırma aparırlar. Sözügedən matç xx.xx.2022-ci il tarixində İFK Österaker-Kungsangens İf arasında oynanılıb. Kungsangens İf əvvəllər araşdırdıqları şübhəli matçlarda oynayıb. Bu matçlar əsasən 2021-ci il mövsümündə oynanılıb və hələ də araşdırmalar davam edir. İsveç polisinə bu barədə məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1083.1-ci maddəsinə əsasən, oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Həmin Məcəllənin 1084-cü maddəsinə əsasən, lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Topaz” idman mərc oyunlarında 38 dəfə mərc edərək, kupon əldə etmişdir. Əldə etdiyi kuponlar uduşlu olduğu üçün o, uduşun verilməsi üçün “Topaz” əmtəə nişanı altında fəaliyyət göstərən cavabdeh "xxxx" QSC-nə müraciət etmiş, lakin cavabdeh tərəfindən uduşlar ləğv edildiyindən, uduşlar iddiaçıya verilməmiş və nəticədə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. "xxxx" QSC-nin uduşu ləğv etməsi barədə əsaslandırması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinin tələbi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən, bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Cavabdeh "xxxx" QSC iddiaçının eyni oyunla bağlı 38 dəfə mərc edərək uduş qazanması faktı ilə bağlı şübhələr olduğu üçün uduşun verilməsini təxirə salmış, bununla bağlı müvafiq X2 müraciət etmiş və sonuncu cavab olaraq bildirmişdir ki, keçirilmiş oyun barəsində danışılmış oyun şübhəsi olduğu üçün polisə müraciət edilmişdir . Məhkəmə işin xüsusatlarını araşdıraraq, həm iddiaçının iddiasının, həm də cavabdehin etirazının hüquqi əsaslandırmasına qiymət verərək, hesab edir ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəli olduğundan, oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr olduğundan, Kungsangens İf futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya uduşun ləğv edilməsi əsaslı olmuşdur. Odur ki, iddia tələbi cavabdehdən 76875 manat uduş məbləğinin tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının 3000 manat maddi və 3000 manat mənəvi ziyanın tutulması barədə iddiasına hüquqi qiymət verərək qeyd edir ki, həmin tələblər iddiaçı tərəfindən uduşun verilməsinin 25 gündən artıq gecikdirilməsi nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı olub, yəni əsas tələbdən törəmə tələblərdir. İddiaçının əsas – uduşun verilməsi barədə tələbi təmin edilmədiyindən, ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı tələbləri də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş və cavabdehdən tələb olunan 338 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı cavabdeh "xxxx" QSC -nə qarşı – "xxxx" QSC-dən 76875 manat uduş məbləğinin, 3000 manat maddi ziyanın 3000 manat mənəvi ziyanın və 338 manat ödənilmiş dövlət rüsumunun cəmi 83213 manat pulun tutulub vətəndaş İddiaçı ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar