Məhkəmə qərarları › İş №e-2(011)-4242/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4242/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4242/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ASC tərəfindən X2 mülkiyyətində olan və "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2019-cu il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin istifadəsində olan daşınmaz əmlak çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh istifadəsində olan 116 saylı mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür.

2. Həmçinin iş materiallarında olan Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yaşayan Cavabdeh səhlənkarlığı nəticəsində mənzilindən gələn su "xxxx" MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinə maddi zərər dəymişdir.

3. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 600 (altı yüz) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixli, CFİ-0373/2019-AKT0365 nömrəli aktla 100 manat azadolma məbləği çıxılmaqla, 500 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür.

İddiaçının tələbi:

4. Cavabdeh 500 manat məbləğində əsas v ə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 530 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkməyə ərizə ilə müraciət edərək, iddia tələbi ilə razı olduğunu, 500 manat məbləğində borcu olduğunu bildirmişdir.

Tərəflərin izahatı:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, cavabeh Cavabdeh 500 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 530 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. BA seriyalı 942032 №-li Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi.

9. CFİ-0373/2019-AKT0365 №-li, xx.xx.2020-ci il tarixli Sığorta aktına əsasən, müəyyən olunmuş zərərin məbləği 600 manat, azadolma məbləği 100 manat olmaqla, faktiki ödənilən məbləğ 500 manat məbləğində müəyyən edilmişdir.

10. xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatına əsasən, yekun məbləğ 600 manat müəyyən edilmişdir.

11. xx.xx.2020-ci il tarixli SMS çıxarışa əsasən, AKT0365 saylı akta əsasən "xxxx" MMC-yə 500 manat sığorta ödənişi ödənilmişdir.

12. 53 saylı MKİS tərəfindən verilmiş 53/01 saylı, xx.xx.2019-cu il tarixli akta əsasən, Azadlıq prospekti 116 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin binanın 2-ci mərtəbəsində yerləşən mənzillərin vanna otaqlarında su xəttinin nasaz olması səbəbindən su axması nəticəsində obyektin tavan hissəsinə, döşəməsinə, divar hissələrinə, elektirik avadanlıqlarına və xırda mebellərə ciddi ziyan dəymişdir.

13. xx.xx.2019-cu il tarixli Subasma hadisələrinə dair arayış.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir.

15. Fotoşəkillər və digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

17. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə tərəfin izahını, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. İşin mübahisəsiz hallarından göründüyü kimi İddiaçı ASC ilə X6 arasında bağlanmış sığorta müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığortalanmışdır. (§8) Daha sonra xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin istifadəsində olan daşınmaz əmlak Cavabdeh istifadəsində olan mənzildən axan su nəticəsində zərər görmüşdür. Dəymiş zərərin məbləği 500 manat məbləğində müəyyənləşdirilmiş və bununla bağlı X4 500 manat sığorta ödənişi ödənilmişdir. (§9, §10, §11, §12)

22. Mülki Məcəllənin subroqasiya hüquqi ilə bağlı müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. (§16)

23. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2025-ci il tarixində məhkməyə ərizə ilə müraciət edərək, iddia tələbi ilə razı olduğunu, 500 manat məbləğində borcu olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Müki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. (§18)

24. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməli və Cavabdeh 500 (beş yüz) manat yol- sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 500 (beş yüz) manat pul məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar