Məhkəmə qərarları › İş №e-2(011)-4244/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4244/2025

15.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4244/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə 306 manatın, 115 manat evakuator xərcinin, 40 manat rabitə xərcinin, cəmi 461 manatın cavabdehdən tutulması, hadisə nəticəsində keçirdiyi psixoloji sarsıntıya görə 3000 manat mənəvi zərərin cavabdehdən tutulması, cavabdehin yol hərəkəti qaydalarını pozması və görmə məhdudiyyəti olduğu halda eynəkdən istifadə etmədən avtomobil idarə etməsi faktı üzrə məsuliyyətə cəlb olunması və araşdırma aparılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4244/2025 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə 306 manat, 115 manat evakuator xərci, 40 manat rabitə xərci cəmi 461 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması, hadisə nəticəsində keçirdiyi psixoloji sarsıntıya görə 3000 (üç min) manat mənəvi zərərin cavabdehdən tutulması, cavabdehin yol hərəkəti qaydalarını pozması və görmə məhdudiyyəti olduğu halda eynəkdən istifadə etmədən avtomobil idarə etməsi faktı üzrə məsuliyyətə cəlb olunması və araşdırma aparılması, məhkəmə xərclərinin cavabdehdən tutulması tələbi barədə iddiasına dair mülki iş üzrə icraata “cavabdehin yol hərəkəti qaydalarını pozması və görmə məhdudiyyəti olduğu halda eynəkdən istifadə etmədən avtomobil idarə etməsi faktı üzrə məsuliyyətə cəlb olunması və araşdırma aparılması” tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, 17 fevral 2025-ci il tarixdə, saat 08:00 radələrində, iddiaçıya məxsus “KİA Soul” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mehdi Mehdizadə küçəsi ilə Yusif Səfərov küçəsi istiqamətində hərəkət etdiyi zaman, Ayaz İsmayılov küçəsindən yüksək sürətlə çıxan və yol nişanının tələbini pozan Cavabdeh idarə etdiyi “KİA K5” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə çırpılmışdır. Zərbənin gücündən avtomobili səkiyə çıxaraq dirəyə çırpılmış və hər iki təhlükəsizlik yastığı açılmışdır. Hadisə nəticəsində, iddiaçı ciddi şok vəziyyəti keçirmişdir. O, ətrafda olan vətəndaşların köməkliyi ilə avtomobildən çıxarılmış və ilkin tibbi yardım almışdır. Cavabdeh hadisə zamanı və sonrakı müddətdə sağlamlıq vəziyyəti ilə maraqlanmamış, məsuliyyətsiz və qeyri-insani davranış sərgiləmişdir. "xxxx" şirkəti tərəfindən avtomobilə dəymiş zərər 6230 manat məbləğində qiymətləndirilmiş, güzəşt məbləği isə 5924 manat olmuşdur. Sığorta şirkəti tərəfindən yalnız 5000 manat ödənildiyindən, təmir işlərinin davam etdirilməsi üçün əlavə 1230 manat şəxsi vəsaiti hesabına ödənilmişdir. Bu ödənişə daxil olan hissələr belədir: sığorta tərəfindən ödənilmiş 5000 manat, onun tərəfindən ödənilmiş 1230 manat, cavabdeh tərəfindən könüllü ödənilmiş 924 manat, qalan maddi zərər 306 manat. Evakuator xidmətinə görə 115 manat və sığorta şirkəti ilə dəfələrlə əlaqə saxlamaq üçün çəkilmiş 40 manat telefon xərcləri də tərəfindən qarşılanmışdır. Avtomobilsiz qalmaq iddiaçıya gündəlik həyatında, xüsusilə işə gedib-gəlməkdə ciddi çətinliklər yaratmışdır. Qəza nəticəsində psixoloji sarsıntı keçirmiş, fiziki sağlamlığına zərər dəymişdir. O, 1 ay yarım müddətində psixoloji və tibbi yardım almağa məcbur olmuşdur. Eləcə də keçirdiyi sarsıntı iş fəaliyyətinə də mənfi təsir etmişdir. Cavabdehin laqeydliyi mənəvi vəziyyətini daha da ağırlaşdırmışdır. Qəza ərazisinin əhalinin sıx olduğu ərazi olması və piyada ölümlərinə səbəb ola biləcək təhlükənin mövcudluğu ona dərin mənəvi travma yaşatmış və nəticədə yuxu rejimi pozulmuş həyat və iş keyfiyyəti aşağı düşmüşdür. Qəza zamanı cavabdehin avtomobilində olan şahid onun görmə məhdudiyyətli olduğunu, lakin eynək taxmadığını, yalnız qəza sonrası eynək taxdığını, eyni zamanda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğunu bildirmişdir. Bu hallar onun məsuliyyətə cəlb olunmasını zəruri edir. Cavabdehin etirazı: Cavabdeh məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, sözügedən avtoqəza onun təqsiri nəticəsində törədilmişdir. Bunu istəyərək etməmişdir. Hər bir sürücünün qarşılaşa biləcəyi arzuolunmaz haldır. Bu barədə Yol Patrul Xidməti tərəfindən barəsində inzibati protokol tərtib edilərək cərimə edilmişdir. İddiaçının avtomobilinə dəymiş zərər Sığortaçının qiymətləndirilməsinə əsasən yekun məbləğ 6230 manat, gözəştli məbləğ 5924 manat hesablanmışdır. Zərərin 5000 manatı sığortaçı tərəfindən qarşılanmışdır. Qalan hissəsi barədə onunla iddiaçı arasında telefon danışıqları və yazışmalar aparılmış və iddiaçı bildirmişdir ki, sığortaçı tərəfindən ödənilmiş 5000 manatdan əlavə 924 manat ödəsə, ona qarşı əlavə heç bir tələbi olmayacaqdır. Bu barədə yazışmalar da mövcuddur. 924 manat tərəfindən iddiaçının bank kartına 11 mart 2025-ci il tarixində göndərilmişdir. İddia tələbində qeyd edilən digər məsələlər reallığı əks etdirmir və heç bir sübutla təstiqini tapmır. Qeyd edilənlər nəzərə alınaraq iddiaçının tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının növbəti tarixə təxirə salınmasına xahiş etmişdir. Lakin iddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyinə dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Sədrlik edən Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Cavabdeh xx.xx.2025-ci il tarixdə “KİA K5” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə cavabdehin nəqliyyat vasitəsi ilə İddiaçı mülkiyyətində olan “KİA Soul” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının nəqliyyat vasitəsinin qabaq sol hissəsi və arxa sağ qapısı əzilmişdir. "xxxx" ASC-nin “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabat”dan görünür ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərər 6230,00 manat məbləğində qiymətləndirilmişdir, güzəştli məbləğ 5924,00 müəyyən edilmişdir. Dəymiş zərərdən 5000 manat məbləğində hissəsi "xxxx" ASC tərəfindən, 924 manat məbləğində hissəsi ilə Cavabdeh tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində, saat 08:00 radələrində Mehdi Mehdizadə küçəsi ilə Yusif Səfərov küçəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş vermişdir. Mülki iş materiallarına əsasən, Cavabdeh məxsus “KİA K5” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “KİA Soul” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə sonuncunun avtomobilinə ziyan dəymişdir. Belə olan halda İddiaçı avtomobilinə dəymiş ziyanın qarşılanması üçün sığorta şirkətinə müraciət etmiş, sonuncu ümumi dəymiş ziyanın dəyərinin 5000 manat hissəsini ödəniş etmişdir. İddiaçı dəymiş ziyanın dəyərinin qalmış hissəsi olan 1230 manatın və əlavə xərclərin ödənilməsini Cavabdeh tələb etmişdir, lakin sonuncu dəymiş ziyanın dəyərinin "xxxx" ASC tərəfindən aparılmış hesabatda göstərilmiş güzəşt məbləğinə uyğun olaraq qalıq 924 manatı ödəyərək, digər məbləğləri ağlabatan hesab etməyərək ödəməkdən imtina etmişdir. Odur ki, İddiaçı avtomobilinə dəymiş zərərin əvəzi olaraq qalmış 306 manatın və əlavə xərclərin məhkəmə qaydasında tutulmasını tələb etmişdir. İlkin olaraq məhkəmə qeyd etmək istəyir ki, yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi öz təstiqini Bakı şəhər Baş Polis İdarəsi DYPİnin araşdırması əsasında tapmışdır. Odur ki, bu hal məhkəmə tərəfindən mübahisəsiz hal kimi qiymətləndirilir. Digər tərəfdən yol-nəqliyyat hadisəsi nəticəsində “KİA Soul” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği “Kia” markalı avtomobillərin rəsmi servis mərkəzi tərəfindən "xxxx" ASC-yə təqdim etdiyi hesabata uyğun olaraq 6230 manat kimi qəbul edilməlidir. Belə ki, həmin hesabatdan məlum olur ki, zərərin tam məbləği 6230 manat təşkil edir. Cavabdehin iddia etdiyi zərər məbləği, yəni 5924,00 manat isə servis şirkəti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş güzəştli məbləğdir. Digər tərəfdən, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın yekun məbləği 6230 manat kimi qiymətləndirmişdir. Həmin məbləğdən 5000 manat sığortaçı, 924 manat isə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh qalan 306 manat ilə razılaşmadığından məhkəmənin təşəbbüsü ilə avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsinin aparılması "xxxx" MMC-yə həvalə edilmiş. Lakin "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi işinin aparılması üçün öncədən müəyyən edilmiş xidmət haqqının qarşılanması məqsədi ilə tərəflərə müraciət edilməsinə baxmayaraq, sonuncular ödənişi etməkdən imtina etmişdirlər. Bundan başqa, məhkəmə qeyd etmək istəyir ki, cavabdeh etiraz ərizəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq sığortaçı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat məbləğdən əlavə güzəşt məbləğinə mütənasib şəkildə qalıq 924 manatı ödəyərək aralarında razılığa gəldiklərini bildirsə də, lakin məhkəmə araşdırması zamanı təqdim olunmuş “Whatsapp” tətbiqi üzərində aparılmış yazışmalara və iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında razılıq əldə olunmamışdır, əksinə ödəniləcək pul məbləği ilə bağlı mübahisə mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın dəyəri "xxxx" ASC-nin təqdim etdiyi hesabata uyğun olaraq 6230 manat kimi qəbul edilməli və sığortaçı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat və cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 934 manat, ümumilikdə 5934 manat pul məbləğindən qalıq 306 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin 115 manat evakuator xərcinin və 40 manat rabitə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin həmin ərazidən daşınması üçün evakuator xidmətindən istifdə etdiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı avtomobilə dəymiş zərərin hesablanması və ödənməsi məqsədi ilə dəfələrlə sığorta şirkətilə əlaqə saxladığı üçün ona 40 manat zərər dəydiyini bildirmişdir. Bununla bağlı bank tətbiqindən nömrəyə edilmiş balans artımları ilə bağlı çıxarışlar əlavə etmişdir. Lakin məhkəmə hesab edir ki, çıxarışlardan balans artımlarının hansı nömrəyə edilməsi, həmin nömrənin kimə məxsus olması, habelə edilmiş ödənişlərin yalnız sığorta şirkəti ilə danışıqların aparılması üçün istifadə olunması faktları öz təstəqini tapmamışdır. Belə olan halda, iddia 115 manat evakuator xərcinin və 40 manat rabitə xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaya cavabdehdən 3000 manat məbləğində mənəvi zərərin tutulması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 3000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin həcmi 3000 manat məbləğində deyil iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərcləri:Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə xərcinə daxil olan 54,61 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi ziyanın əvəzi olaraq 306 (üç yüz altı manat) manat, mənəvi ziyanın əvəzi olaraq 500 (beş yüz manat), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,61 (əlli dörd manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar