Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4362/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.565 manat məbləğində sığorta ödənişi, 35.65 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 1.601,05 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə 19 may 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ford Ranger” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı **- NM-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 1.565 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 18 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Ford Ranger” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 15 iyul 2022-ci il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21074” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1.565 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli, 1896/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Vaz 21074” markalı **-NM-*** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 1.565 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 12 iyul 2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi “Ford Ranger” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Vaz 21074” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 18 iyul 2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan sığorta aktına əsasən dəymiş zərərin 1.565 manat olduğu müəyyən edilmiş, 05 avqust 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1.565 manat sığorta ödənişi iddiaçı tərəfindən “Vaz 21074” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 12 iyul 2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “Ford Ranger” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi qəza nəticəsində X3 idarə etdiyi “Vaz 21074” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı "xxxx" ASC tərəfindən “Vaz 21074” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 1.565 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş və tərtib edilmiş qərarla sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edilmişdir. Hadisə nəticəsində cavabdeh zərər çəkmiş şəxsin avtomobilinə ziyan vurduğuna görə iddiaçının sonuncuya qarşı suboqrasiya hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 35.65 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 35.65 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1.565 (bir min beş yüz altmış beş) manat məbləğində sığorta ödənişi, 35.65 (otuz beş manat altmış beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4362/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4362/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver