Məhkəmə qərarları › İş №e-2(011)-445/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-445/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-445/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən dəymiş maddi ziyana görə 2000 manat, mənəvi zərərə görə iddiaçıların hər birinə 500 manat olmaqla, ümumlikdə 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat, ekspertiza xərcinin əvəzi olan 100 manat, mütəxəssis xərcinin əvəzi olaraq 200 manat pul vəsaitinin tutularaq onlara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhərinin Xətai rayonu, Telnov (köhnə "ünvan 1 ünvanında ailəsiylə birlikdə yaşayır. Həmin binanın 0092-ci mənzili Kərəmi (Namazova) Leyla Cahangir qızına və onun atası Cavabdeh2 məxsusdur. Mənzilinin üst mərtəbə sahibləri olan cavabdeh şəxslər tərəfindən mənzil müxtəlif illərdə başqa-başqa şəxslərə kirayəyə verilir. Mənzilinin üst mərtəbəsində yerləşən və cavabdehlərə məxsus olan, lakin faktiki olaraq həmin mənzildə kirayə yaşamış şəxslər tərəfindən 2011-ci il tarixindən etibarən mənzilinə ümumilikdə 07 dəfə (2017-ci ildən sonra isə 04 dəfə) su axıdılmışdır. Hər bir kirayəşin üst mərtəbədə yaşadığı müddətdə ən azı bir dəfə cavabdehlərə məxsus 0092 nömrəli mənzildən iddiaçıya məxsus 0088 nömrəli mənzilə doğru su axıtmışdır. Cavabdehlərə məxsus 0092 nömrəli mənzildə hazırda kirayəşin yaşayan şəxslər isə son 01 il ərzində 02 dəfə mənzilinə və 01 dəfə binanın şaxtasına su axıtmışdır. Mənzilinə axıdılan həmin çirkab sular nəticəsində mənzilinin mətbəx otağında mətbəx mebeli, divar emulsiyası öz əvvəlki saz keyfiyyətini itirmişdir. Bununla yanaşı mətbəx əşyaları və mənzilinin mətbəxə aid işıq xətti sıradan çıxmışdır. Yaşadıqları müddətdə mətbəx əşyalarına günlük tələbat olduğundan və mətbəxin işıqlandırılması zərurəti yarandığından mətbəx əşyaları və işıq xətlərini qısa müddətdə yeniləmişlər. Lakin, mətbəx mebeli və divar emulsiyası artıq öz əvvəlki saz keyfiyyətində deyildir. Cavabdehlərin təqsiri ucbatından ziyan çəkmiş mətbəx mebelinə, divarın emulsiyasına hər dəfə baxdıqlarında sinirləri pozulur, əsəb-stress keçirirlər. Belə ki, mətbəx divarının yuxarı tərəfində nəm, kif və rütubət gözlə görünür və hiss olunur. Mətbəx mebelinin bir neçə parçası isə öz simmetrik xüsusiyyətlərini itirərək əyilmiş, suyun təsirindən bəzi yerləri şişmiş və bir neçə yerindən aralanmışdır. Paltaryuyan, soyuducu, qabyuyan və qazpeçinin arxa tərəflərinin emulsiyası isə həddən artıq pis hala salınmışdır. Cavabdeh şəxslərdən Kərəmi (Namazova) Leyla Cahangir qızının istifadəsində olan (070) ***-**-** mobil nömrədən iddiaçıya məxsus mobil nömrəsi arasında yazılan sms mətnlərindən müəyyən olunur ki, cavabdeh şəxs ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmasını və keçirdiyi əsəb-stressi anladığını, bütün bu baş verənlərin onların məsuliyyəti olduğunu, vəziyyəti gördüyünü, lakin ona məxsus mənzildə faktiki yaşayan şəxsləri çıxara bilmədiyini, mənzilinin başdan-ayağa səhv yığıldığını, mənzilində təmirə ehtiyacı olduğunu, mənzilində hətta suyun kəsilməsinə etiraz etmədiyini və binanın komendantı tərəfindən mənzilində suyunun kəsilməsinə də razılıq verdiyinə dair qeydlər etmişdir. Nəticə etibarı ilə, cavabdehlərə məxsus üst mərtəbə mənzili tərəfindən mənzilinə axıdılan su nəticəsində ailəvi olaraq həm maddi, həm də mənəvi ziyan çəkmişlər. Mətbəx mebelinin və divarının şpaklyovka, emulsiya, nəmişliyə qarşı izolyasiya tədbirləri görülərək yenilənməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçı1 məhkəmə iclasında verdiyi izatında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı1 oğlu ilə "xxxx" Mənzil-Tikinti Kooperativində mənzil almaq barədə xx.xx.2005-ci il tarixli, 88 saylı müqavilənin 1.1-ci bəndinə əsasən “Payçı” "xxxx" Mənzil- Tikinti Kooperativinə üzv qəbul edilir və onun ödədiyi və ya köçürtdüyü pay haqqı Bakı şəhəri, Babək prospektinin 2345-ci məhəlləsində “Kooperativ” tərəfindən tikilən mənziltikinti kooperativinin maliyyələşdirilməsi üçün ********** saylı hesaba yerləşdirilir. Müqavilənin 1.2-ci bəndinə əsasən Mənzil-tikinti kooperativinin tikintisi başa çatdıqdan sonra bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş ********** saylı hesaba daxil olmuş pul vəsaitinin müqabilində “Kooperativ” tərəfindən “Payçı”nın mülkiyyətində mənzil (mənzillər) verilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2A, 92 saylı mənzil (Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 8, M11, m4) Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8787-9/9274 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 88 saylı mənzilin mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzilinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 92 saylı mənzilin sanitar-qovşağı tikilinsinin faktiki olaraq söküldüyündən, təmir işləri aparıldığından, su-kanalizasiya xətləri yenisi ilə əvəz edildiyindən Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzildə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzildə quraşdırılmış mətbəx mebelinin təxminən 1,54 paqon metr (2,20 metr x 0,70 metr) ölçülü korpus hissəsinə su sızması nəticəsində qaralmaların, qabarmaların, qopmaların olması müəyyən edilmişdir. Həmçinin mətbəx mebelinin qapılarının normal vəziyyətdə olduğu müəyyən edilmişdir. Mətbəx mebelinin təxminən 1,54 paqon metr (2,20 metr x 0,70 metr) ölçülü korpus hissəsinin təmir bərpası mümkün olmadığından yenisi ilə əvəz olunmalıdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QCM/İ04-064/25 saylı mütəxəssis rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8787-9/9274 saylı ekspert rəyindəki smetaya əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzilə dəymiş zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyəri 748 manat, iş üzrə mübahisələndirilən mebellərdə yaranmış qüsurların aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyəri 600 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzilinə Cavabdeh2 mülkiyyətində olan həmin yaşayış evinin 92 saylı mənzilindən su axıdılması nəticəsində zərər dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar vurulmuş zərərin 2000 manat məbləğində olduğunu iddia etsələr də, mülki iş üzrə cəlb edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QCM/İ04-064/25 saylı mütəxəssis rəyində dəymiş zərərin məbləği 1348 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, iddia 2000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1348 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə qeyd edir ki, su axıdılması nəticəsində zərər dəymiş Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzilə dair müqavilə İddiaçı1 adına rəsmiləşdirildiyindən həmin mənzilə dəymiş zərərin əvəzi olaraq 1348 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin əvəzi olaraq iddiaçıların hər birinə 500 manat olmaqla, ümumlikdı 1000 manat məbləğində pul vəsaitinin tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan mənzildən su sızması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 88 saylı mənzildə yaranmış problemlərlə bağlı mənzilin sakinləri olan iddiaçıların mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və onların, stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia mənəzvi ziyanın ödənilməsi hissəsində təmin edilərək, Cavabdeh2 500 manat məbləğində pul vəsaiti İddiaçı1, 500 manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə "Xocalı", yeni qaydalarla "Lütfizadə") küçəsində inşa edilmiş 002 A saylı evin, 92 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 olduğundan həmin mənzildən su sızması nəticəsində İddiaçı1 məxsus mənzilə dəymiş ziyanla bağlı Cavabdeh1 təqsiri müəyyən edilmədiyindən iddia ona münasibətdə təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş həcminə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,48 manat və mütəxəssis tədqiqatının dəyərinə görə ödənilmiş haqqın əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı1 ödənilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti isə Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi zərərin əvəzi olaraq 1348 (min üç yüz qırx səkkiz) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,48 (qırx üç manat qırx səkkiz qəpik), mütəxəssis tədqiqatının dəyərinə görə ödənilmiş haqqın əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh2 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar