Məhkəmə qərarları › İş №e-2(011)-4599/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4599/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4599/2023 31.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərdən 250,00 manat (iki yüz əlli manat) məbləğində vəsaitin, 30,00 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 istifadəsində olan, Cavabdeh1 tərəfindən idarə olunan ** PJ *** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PD *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı Nizami Rayon Məhkəməsi tərəfindən qərar çıxarılmış və qərara əsasən Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi üçün təqsirli bilinmişdir. Sığortalı ** PD *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PD *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 875,00 manat (səkkiz yüz yetmiş beş manat) müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 875,00 manat (səkkiz yüz yetmiş beş manat) zərər məbləğindən 250,00 manat azad olma çıxılmış və 625,00 manat (altı yüz iyirmi beş manat, 00 qəpik) məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəfin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq avabdehdən tələb olunmuşdur. xx.xx.2021-ci il tarixində 625,00 manat (altı yüz iyirmi beş manat, 00 qəpik) sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması arədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləğin bir hissəsini ödəmiş qalıq 250,00 manat (iki yüz əlli manat) sığorta ödənişini isə ödəməmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4599/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə onlar məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında sığortaçı İddiaçı ASC ilə sığortalı "xxxx" QSC arasında bağlanmış avtonəqliyyat vasitələrinin (kasko) siğortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" QSC-yə məxsus “HYUNDAİ ELANTRA” markalı, **-PD-*** dövlət nömrə nişanlı minik avtomobili sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli siğorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “HYUNDAİ ELANTRA” markalı, **-PD-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərərə görə 625 manat siğorta ödənişi edilmişdir. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobili “Hyundai Elantra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobili idarə edən Cavabdeh1dur. Cavabdeh1 sürücülük vəsiqəsi yoxdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “HYUNDAİ ELANTRA” markalı, **-PD-*** nömrə nişanlı minik avtomobilinin sahibi "xxxx" QSC-nin əmlakına zərər dəymişdir. İş materiallarında olan AD seriyalı 629217 saylı X1 Şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSCyə məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh1 bildirmişdir ki, xx.xx.2020-ci il tarixində saat 13:30 radələrində etibarnamə əsasında dostu Cavabdeh2 məxsus olan Daewo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Hyundai Elantra” ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vurmuş, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, X2 bildirmişdir ki, xx.xx.2020-ci il tarixində saat 13:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəindən “Daewo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-521/2020 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobili idarə edən Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilin təmiri 875 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. (bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh1 tərəfindən idarə olunan “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobilin “Hyundai Elantra” markalı, **- PD-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh1 idarə etdiyi “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə etmək üçün hüququnun olmaması iş materialları ilə sübut olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində dəymiş zərərin əvəzi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarından görünür ki, Cavabdeh1 sürücülük hüququ olmadığından sonuncu nəqliyyat vasitəsinə hər hansı qanuni əsasla sahiblik edən şəxs (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) olmamışdır. Buna görə də ona münasibətdə iddia tələbləri təmin edilməli deyil. İşdən görünür ki, “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobili "xxxx" MMC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında, yəni qanuni əsasla digər Cavabdeh2 sahibliyində olmuşdur. Buna görə də iddia tələbləri Cavabdeh2 münasibətdə təmin edilməlidir. İş materiallarında “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində Cavabdeh2 sahibliyindən çıxması ilə bağlı sübutlar olmadığından cavabdehlərin birgə məsuliyyətə cəlb olunmalarına dair iddia tələbləri təmin edilməli deyil. Beləliklə, “Daewo Gentra” markalı, **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində sığorta hadisəsinin baş verməsi və buna görə “Hyundai Elantra” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi İddiaçı ASC tərəfindən həyata keçirildiyindən, sonuncunun subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən həmin tələb Cavabdeh2 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 subroqasiya hüququ əsasında 250 (iki yüz əlli) manat məbləğində pul məbləği, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 280,40 (iki yüz səksən manat qırx qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar