Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4663/2025 15.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələbi: ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlunun İddiaçı barəsində vermiş olduğu yanlış və səhv məlumatı nəticəsində iddiaçının əsassız ittiham olunması, barəsində qanunsuz olaraq cinayət təqibinə başlanılması, həbsə alınması və buna görə də maddi gəlirindən məhrum edilməsi səbəbindən İddiaçı dəymiş maddi ziyana görə ümumilikdə 88.750 manat məbləğində pul vəsaitinin və 356,25 manat məbləğində dövlət rüsumunun cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlundan tutularaq İddiaçı ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın dəlilləri: İlkin iddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı 27-29 noyabr 2017-ci il tarixlərində şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı 33 (otuz üç) gün və 11 yanvar 2018-ci il tarixdən hökmdən çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. İddiaçı verilmiş ittiham ondan ibarət olmuşdur ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Muradlı (Muradov) Elxan Rafiq oğlunun etibarından sui-istifadə edərək Rusiya Federasiyasında olan mənbələrdən müxtəlif kompressor avadanlıqları, azot çənləri və digər oksigen istehsalı təyinatlı avadanlıqları alaraq İran İslam Respublikasında olan naməlum şəxslərə satıb gəlir əldə edəcəklərinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 1 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində 22 dekabr 2014-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 10 yanvar 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 94.128 manat təşkil edən 120.000 ABŞ dolları, 03 iyun 2015-ci il tarixdə İddiaçı vasitəsilə həmin dövrün məzənnəsi ilə 83.872 manat təşkil edən 80.000 ABŞ dolları, 10 iyun 2015-ci il tarixdə oğlu Samir Xıdırovun vasitəsilə həmin dövrün məzənnəsi ilə 52.390 manat təşkil edən 50.000 ABŞ dolları, 22 iyun 2015-ci il tarixdə ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 157.095 manat təşkil edən 150.000 ABŞ dolları, həmçinin qısa müddət ərzində qaytaracağına dair yalandan vəd verib aldadaraq, 20 avqust 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində həmin dövrün məzənnəsi ilə 94.374 manat təşkil edən 90.000 ABŞ dolları, 30 dekabr 2015-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 1 saylı X16 yaxınlığında 40.000 manat, 11 yanvar 2016-cı il tarixdə ünvan 4 ünvanında yerləşən “Nəsimi bazarı”nın yaxınlığında oğlu Samir Xıdırovun vasitəsilə 10.000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Cavabdeh (Muradova) külli miqdarda, yəni 610.299 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmündən məhkum edilmiş İddiaçı müdafiəçisi X14 apellyasiya şikayəti verərək məhkəmə hökmünün qanunsuz və əsassız olduğunu, işin hallarından tərəflər arasında olan münasibətin borc münasibətləri olmasının göründüyünü, onlar arasında olan münasibətin mülki qanunvericiliklə tənzimləndiyini, həmçinin İddiaçı niyyətinin zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmadığını bildirib hökmün ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarından məhkum edilmiş X11 müdafiəçisi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarına əsasən (sədrlik edən: Əziz Seyidov, hakimlər: Tahir Kazımov, İlqar Qılıcov) kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019- cu il tarixli, 1(103)-587/2019 saylı qərarı ləğv edilməklə, cinayət işi Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarında cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə baxışının qismən istintaqla aparılmasını zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-659/2021 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ləğv edilmiş və iş üzrə yeni hökm qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)- 659/2021 saylı qərarından dövlət ittihamçısı Emil Mirzəyev kassasiya protesti və zərərçəkmiş şəxs X3 isə kassasiya şikayəti vermişlər. Yekunda Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-908/2022 saylı qərarına əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı və X15 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlunun istintaqa vermiş olduğu yalan məlumatı əsasında İddiaçı 2 il 11 ay (1065 gün), xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, həmçinin xx.xx.2019-cu il tarixdən 14 dekabr 2021-ci il tarixə qədər ümumilikdə 35 ay müddətinə qanunsuz olaraq həbsdə, 13 ay isə qanunsuz olaraq ev dustaqlığında saxlanılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, İddiaçı cinayət təqibinə məruz qalanadək ticarət və digər fəaliyyət növləri ilə məşğul olmuş, aylıq sabit gəliri olmuşdur. Tərəfimizdən verilmiş sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş və iddia ərizəsinə əlavə edilmiş 16 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı sərnişin daşıma müqaviləsinə əsasən özünə məxsus “Hyundai H1” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürücü təqdim etməklə 01 avqust 2014-cü il tarixdən 05 yanvar 2018-ci il tarixədək çalışmış və əldə etdiyi aylıq gəlir 1450 (bir min dörd yüz əlli) manat təşkil etmişdir. Baş Dövlət yol polis idarəsindən daxil olmuş 16 aprel 2024-cü il tarixli arayışdan görünür ki, “Hyundai H1” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, yuxarıda qeyd etdiyimiz sərnişindaşıma müqaviləsinə 05 yanvar 2018-ci il tarixdə xitam verilmişdir. Yəni həmin qərar İddiaçı həbs edildikdən çox qısa müddət sonra verilmiş və 2018-ci ilin ilk iş günündəcə müqaviləyə son verilmişdir. Müqaviləyə xitam verildikdən bir müddət sonra isə məlum avtomobil İddiaçı özünü və ailəsini dolandırması, təcridxanada saxlanılması və sair xərclər üçün özgəninkiləşdirilmişdir. Əgər Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumat verməsəydi və İddiaçı 35 ay müddətində azadlığı məhdudlaşdırılmasaydı qeyd etdiyi sərnişin daşıma müqaviləsinə xitam verilməz və İddiaçı 35 ay müddətində aylıq 1450 manat olmaqla 50750 manat məbləğində gəlirindən məhrum edilməzdi. Hazırda günümüzün reallığında heç bir şirkət rəhbəri və digər qurumlar məhkumluğu olan (olmuş) xüsusən də dələduzluq cinayətinin törədilməsində ittiham edilən bir şəxslə işləmək istəməz və ya onunla əməkdaşlıq etməz. Bundan başqa, cinayət təqibi zamanı Cavabdeh İddiaçı anası X1 hədə-qorxu gələrək oğlunu həbs etdirəcəyini, onun ən az 07 il müddətinə azadlıqdan məhrum etdirəcəyini söyləməsi səbəbindən İddiaçı anası Nadejda Mustafayeva məcbur olaraq 29 dekabr 2017-ci il tarixli akta əsasən 20.000 manat, 09 yanvar 2018-ci il tarixli akt əsasında 4.000, 18 yanvar 2018-ci il tarixli akt əsasında isə 4.000 manat, ümumillikdə 28.000 manat məbləğində pul vəsaitini cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğluna ödəmişdir. Bu hal cavabdehin əsassız olaraq varlanmasına gətirib çıxarmışdır. Bundan əlavə Muradlı (Muradov) Elxan Rafiq oğlunun verdiyi yanlış məlumatlar ucbatından İddiaçı təqsirsiz olduğu halda 2 il 11 ay, yəni 35 ay müddətə haqsız yerə azadlıqdan məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan dəymişdir. Nəticədə isə iddiaçı çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Belə ki, cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlunun istintaq orqanına verdiyi yanlış məlumat əsasında İddiaçı barəsində heç bir əsas olmadan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və üç ilə yaxın cəzaçəkmə müəssisəsində qalmağa məcbur qalmışdır. Bu da öz növbəsində iddiaçının əzab-əziyyət çəkməsi, əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon prokurorluğunun müstəntiqi X17 tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilməmişdir. Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, “aparılmış araşdırma zamanı toplanmış materiallardan və materiala əlavə edilmiş məhkəmə hökmlərindən müəyyən edilir ki, İddiaçı ilə Muradlı (Muradov) Elxan Rafiq oğlu arasında olan mübahisə tam mülki xarakterli olmuş, lakin Cavabdeh ərizə, izahat və ifadələrində İddiaçı dələduzluq edərək ona maddi ziyan vurduğunu qeyd etməsi ilə bağlı İddiaçı istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində azadlıqdan məhrum edilmiş və əsassız olaraq həbsdə saxlanılmışdır. Bundan əlavə, iddiaçının barəsində cinayət təqibinə başlamazdan əvvəl bizneslə məşğul olmasını və istifadəsinə avtomobili olmasını, həmçinin iddia ərizəsinə əlavə edilmiş aktlara əsasən iddiaçının anası X4 tərəfindən cavabdehin xeyrinə ödənilmiş pul vəsaitini nəzərə alınsa, İddiaçı külli miqdarda maddi ziyan dəymişdir. Yəni İddiaçı anası Nadejda Mustafayeva tərəfindən cavabdehə ödənilmiş 28.000 manat və özünə məxsus “Hyundai H1 markalı”, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin daşıma müqaviləsinə görə aylıq 1450 manat 35 ay müddətində 50.750 manat gəlirindən məhrum edilmişdir. Odur ki, iddiaçının həbsdə saxlanıldığı, eləcə də ev dustaqlığında olduğu müddət keçirdiyi mənəvi sarsıntı və iztirab nəzərə almaqla, bundan əlavə cavabdehin qanunsuz olaraq verdiyi yanlış məlumat əsasında hüquqlarını müdafiə etdiyim şəxsə dəymiş maddi ziyana görə 78.750 manat, (28.000 iyirmi səkkiz min manat + 50.750 əlli min yeddi yüz əlli manat) məbləğində, mənəvi ziyana görə 10.000 manat məbləğində ümumilikdə isə 88.750 manat məbləğində pul vəsaiti cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Hazırda iş üzrə çəkilmiş məhkəmə xərcləri 356,25 manat ödənilmiş dövlət rüsumundan ibarətdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbini nəzərə alaraq, cavabdehin vermiş olduğu səhv məlumatı nəticəsində İddiaçı əsassız ittiham olunması, barəsində qanunsuz olaraq cinayət təqibinin başlanılması, həbsə alınması və buna görə də maddi gəlirindən məhrum edilməsi, mənəvi-psixoloji sarsıntılar keçirməsi səbəbindən dəymiş maddi və mənəvi ziyana görə 88.750 manat məbləğində pul vəsaiti kompensasiya olaraq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 46750 manat və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1 (101 )-108/2019 saylı hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək onun şübhəli şəxs kimi tutulub həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və X12 qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X11 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə X12 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanması, X15 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 noyabr 2017- ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək onun şübhəli şəxs kimi tutulub həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılması və İddiaçı qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İddiaçı 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018ci il tarixədək həbsdə saxlanıldığı və 11 yanvar 2018-ci il tarixdən hökmün çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, İddiaçı təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan 5 ədəd disk cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxs- mülki iddiaçı Muradlı (Muradov) Elxan Rafiq oğlunun təqsirləndirilən şəxslər- mülki cavabdehlər X12 və İddiaçı qarşı vurulmuş maddi ziyana görə mülki iddiası qismən təmin edilməsi, təqsirləndirilən şəxs- mülki cavabdeh X5 vurulmuş maddi ziyana görə 563.549 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat, ümumilikdə 563.564 manat, təqsirləndirilən şəxs- mülki cavabdeh İddiaçı isə maddi ziyana görə 46.750 manat və dövlət rüsumuna görə 15 manat, ümumilikdə 46.765 manat tutularaq zərərçəkmiş şəxs- mülki iddiaçı Muradlı (Muradov) Elxan Rafiq oğluna ödənilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması, zərərçəkmiş şəxs X6 mülki iddiası baxılmamış saxlanılması və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməsi, zərərçəkmiş şəxslər X2 və X7 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi, hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş X12 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin "xxxx" Bank ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınması, Sumqayıt şəhər Məhkəməsinin 20 fevral 2018ci il tarixli qərarı ilə X12 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülməsi, iş üzrə məhkəmə məsrəfləri hesab edilən 300 (üç yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər X15 və İddiaçı müştərək qaydada, yəni hər birindən 150 (yüz əlli) manat olmaqla tutularaq dövlət büdcəsinə köçürülməsi, təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(103)-587/2019 saylı qərarı ilə İlham Xıdırovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. X11 apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)-154/2021 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(103)- 587/2019 saylı qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni baxışa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)-659/2021 saylı hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019- cu il tarixli 1(101)-108/2019 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılaraq təqdsirləndirilən şəxslərə bəraət verilmiş, zərərçəkmiş şəxs Cavabdeh mülki iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-908/2022 saylı qərarı ilə kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs X13 epizodu üzrə iş materiallarını nəzərdən keçirərək qeyd etmişdir ki, iş materiallarında olan həm İlham Xıdırov və İddiaçı, həm də Cavabdeh ifadələrindən, həmçinin onlar arasında olan üzləşdirmə zamanı verilən ifadələrdən görünür ki, təqsirlənidirlən şəxslərin əməlində dələduzluq cinayətini tərkibinin olmasına dair faktlar ziddiyyət təşkil edir. Belə ki, iş materiallarından görünür ki, İlham Xıdırov və Elxan Muradov ilk öncə şifahi razılığa gəlməklə, daha sonra yazılı razılıqla “birgə fəaliyyət haqqında tərəfdaşlıq” müqaviləsi bağlamışlar. İş materiallarından müəyyən edilir ki, İlham Xıdırov öhdəliklərini qismən yerinə yetirmiş, birgə biznesdən əldə olunmuş mənfəət bərabər bölünmüşdür. Daha sora baş vermiş maliyyə və iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi, iqtisadi fəallığın azalması, müflisləşmə və uğursuz kommersiya fəaliyyəti nəticəsində İlham Xıdırovdan aşlı olmayan səbəblərdən öhdəlik tam yerinə yetirilməmişdir. Bu halda da məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən hallar Xırıdov İlhamın və İddiaçı əməllərində dələduzluq faktının olmadığını göstərir. Bu hallar mülki öhdəçiliklə ilə bağlı məsələlər olduğundan mülki məhkəmə icraatı çərçivəsində baxılmalıdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 46750 manat ziyan vurulmuşdur. Belə ki, tərəflər arasında külli miqdarda pulun verilibalınmasında vasitəçilik etdiyinə görə İddiaçı İlham Xıdırov tərəfindən 20.000 ABŞ dolları, Cavabdeh tərəfindən isə 27500 ABŞ dolları verilmişdir. Sonradan iş üzrə ibtidai istintaq zamanı İddiaçı tərəfindən Cavabdeh vurulmuş zərərdən 20000 ABŞ dolları geri qaytarılmış, 7500 ABŞ dolları ilə hələ də qaytarılmamışdır. İddiaçı Cavabdeh alınmış həmin puldan İlham Xıdırov tərəfindən ona verilmiş 20000 ABŞ dollarını ona qaytarmamışdır. Hesab edirik ki, İddiaçı tərəfindən Cavabdeh vurulmuş zərərə görə ondan 27500 ABŞ dolları, yəni 46750 manat pul tutulmalı, iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddiaya etiraz edərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, ilkin iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə sübutların tədqiqi: Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019cu il tarixli, 1(101)-108/2019 saylı Hökmündən görünür ki, 27 noyabr 2017-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbs etmənin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə həbsdən azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmış İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək onun şübhəli şəxs kimi tutulub saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılması və İddiaçı qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı 08 dekabr 2017-cı ıl tarixdən 11 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı və 11 yanvar 2018-ci il tarixdən hökmün çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasmın başlanğıcının 08 dekabr 2017-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, İddiaçı təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, təqsirləndirilən şəxs İddiaçı maddi ziyana görə 46.750 manat və dövlət rüsumuna görə 15 manat, ümumilikdə 46.765 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Cavabdeh ödənilməsi və s. hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı Qərarına əsasən apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmü məhkum edilmiş İddiaçı müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı Qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin X15 barəsində olan 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı Qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-659/2021 saylı Hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-908/2022 saylı Qərarına əsasən İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan "xxxx" Avtomobillərin Kirayəsi və Texniki Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Kartek” firmasına öz şəxsi D.N.N (90ZH214) avtomaşınını sürücü təqdim etməklə sərnişin daşıma müqaviləsinə əsasən 01 avqust 2014-cü il tarixindən 05 yanvar 2018-ci il tarixinədək çalışıb və aylıq xidmət haqqı 1450 manat təşkil edib. Mülki işin materiallarında olan "xxxx" Avtomobillərin Kirayəsi və Texniki Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Kartek” firmasında olan öz şəxsi D.N.N (90TH780) avtomaşını ilə sərnişindaşıma müqaviləsinə əsasən 12 dekabr 2015-ci il tarixdən 05 yanvar 2018-ci il tarixinə qədər çalışıb və aylıq əmək haqqısı 1450 manat təşkil edir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus 90ZH214 dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə özgəninkiləşdirilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun oğludur. Cavabdeh tutulduğu zaman tanımışdır. Belə ki, həmin vaxt Cavabdeh ona zəng edərək, oğlunun ona 150 min manat borcunun olduğunu bildirmişdir. Daha sonra həmin şəxslə görüşdüyü zaman, orada 3 nəfər şəxs var idi, onlar oğlunun 150 min manat borcunun olduğunu bildirmişdirlər. Həmin borcun ödənilməsini tələb etmişdirlər. Əks halda, oğlunun səkkiz il müddətinə həbs edildiyini bildirmişdir. Hədə-qorxu gəlmişdirlər. Oğlu ona borcu olmadığını bildirmişdir. Lakin pulu tələb etdiklərinə görə o, öz qızıllarını, qızının qızılları satmışdır ki, pulları versin. İddianın qanuni əsasları: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Maddə 1101. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərər üçün məsuliyyət 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 4. Vurulmuş ziyanın ödənilməsi hüququ Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə ilkin iddiaya 50.750 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbinin faktiki əsası kimi, o hala istinad etmişdir ki, Cavabdeh İddiaçı barəsində vermiş olduğu yanlış və səhv məlumatı nəticəsində sonuncu əsassız ittiham olunmuş, barəsində qanunsuz olaraq cinayət təqibinə başlanılmış, o, həbsə alınmış və bunun nəticəsində də maddi gəlirindən məhrum edilmiş, mənəvi iztirab və sarsıntı keçirtmişdir. Lakin məhkəmə araşdırması zamanı ilkin iddia üzrə Cavabdeh tərəfindən İddiaçı barəsində hər hansı yanlış və səhv məlumatların verilməsi, bilərəkdən əsassız şikayət edilməsi kimi halların mövcud olduğu müəyyən edilməmişdir. Digər tərəfdən yuxarıda istinad edilən müvafiq qanunvericilik aktlarının normalarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş maddi və mənəvi ziyan, müvafiq hüquq-mühafizə orqanlarına şikayət edən şəxs tərəfindən deyil, dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, maddi və ya mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisəyə baxılarkən cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində tələbkarın fiziki və mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Lakin hazırkı mülki iş üzrə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçı qarşısında maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki məsuliyyətinin yaranması əsaslarının mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, ilkin iddia ilkin iddiaya 50.750 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi hissəsində əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə ilkin iddiaya 28.000 manat məbləğində pul vəsaitini ilkin iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissəsə əsassızdır və rədd edilməlidir. Belə ki, hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrində nəzərdə tutulmuşdur ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh üçüncü şəxs İlham Xıdırovla birlikdə həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı Cavabdeh görülən işlərə nəzarətin həyata keçirilməsi barədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tapşırıqlar vermişdir. Tərəflər sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirdən müəyyən ödənişlərin Cavabdeh tərəfindən İddiaçı aparılması barədə razılığa gəlmişdirlər. Bu razılaşmaya əsasən Cavabdeh tərəfindən İddiaçı 27000 ABŞ dollar manat ödəniş edilmişdir. Sonradan həmin pul vəsaitinin bir hissəsi İddiaçı tərəfindən cinayət təqibi müddətində Cavabdeh geri ödənilmişdir. İlkin iddia üzrə iddiaçı bu vəsaitin onun tərəfindən Cavabdeh hədə-qorxu gəldiyinə görə geri ödədiyini bildirsə də, bunu təsdiq edəcək yetərli və mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh İddiaçı hesabına əsasız olaraq varlandığı mülki işin araşdırması zamanı öz təsdiqini tapmadığından, ilkin iddia ilkin iddia üzrə Cavabdeh 28.000 manat məbləğində pul vəsaitini tutularaq İddiaçı ödənilməsi hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 46750 manat və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı qanunazidd, təqsirli hərəkətləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 46750 manat məbləğində maddi zərərin vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, mülki iş materiallarında olan hökmlərdən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh münasibətdə əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və barəsində bəraət hökmü çıxarılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 46750 manat məbləğində vəsaitin tutularaq iddiaçı Cavabdeh ödənilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Məhkəmə xərcləri: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin iddiasının rədd edildiyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası da rədd edildiyinə görə məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlunun İddiaçı barəsində vermiş olduğu yanlış və səhv məlumatı nəticəsində iddiaçının əsassız ittiham olunması, barəsində qanunsuz olaraq cinayət təqibinə başlanılması, həbsə alınması və buna görə də maddi gəlirindən məhrum edilməsi səbəbindən İddiaçı dəymiş maddi ziyana görə ümumilikdə 88.750 manat məbləğində pul vəsaitinin və 356,25 manat məbləğində dövlət rüsumunun cavabdeh Muradlı (Muradov) Elxan Rafiq oğlundan tutularaq İddiaçı ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 46750 manat və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edişin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4663/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4663/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver