Məhkəmə qərarları › İş №e-2(011)-4677/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4677/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4677/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1rşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X1rşı “subroqasiya tələbinin təmin edilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 956 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də Kasko-Butik məhsulu üzrə S2603 könüllü sığorta şəhadətnaməsi ilə X3 məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” markalı avtomobil sığortalanmışdır. 23 avqust 2019-cu il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində “Opel” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar sığortalı zərərçəkən X3 168 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Eyni avtomobilin 01 fevral 2020-ci il tarixdə digər bir yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş vermiş və tərəflərindən zərərçəkən X3 788 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq zərərvuran şəxslərin avtonəqliyyat vasitələrinin icbari sığortası "xxxx" ASC-yə və "xxxx" Dövlət Kommersiya Şirkətinə iddia məktubu ünvanlanaraq tələb irəli sürülmüşdür. Lakin şirkətlər tərəfindən məktuba cavab olaraq bildirilmişdir ki, Eduard Divitovskiy şirkətlərindən ödəniş aldıqdan sonra adları qeyd olunan sığorta şirkətlərindən zərərçəkmiş şəxs qismində müraciət edərək əlavə olaraq sığorta ödənişi əldə etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, izahatında bildirdi ki, icbari sığortadan 2019-cu ildə 168 manat, 2020-ci ildə isə 490 manat ödəniş olunmuşdur. Kasko şirkəti 956 manat pul ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Lexus LX470” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X3 məxsusdur. Həmin avtomobil "xxxx" MMC tərəfindən 23 fevral 2019-cu il tarixdən 23 fevral 2020-ci il tarixinədək 2.222 manat sığorta məbləği olmaqla sığortalanmışdır. 23 avqust 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “Opel Omega” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən X2 idarə etdiyi “Lexus LX470” markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. İnzibati tənbeh vermə haqqında qərara əsasən, “Opel Omega” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 təqsirli bilinərək cərimə edilmişdir. “Kasko Butik” SŞ tərəfindən X3 27.08.2019-cu il tarixdə 168 manat sığorta ödənişi edilmişdir. “Opel Omega” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 03 may 2019cu il tarixdən 03 may 2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. Daha sonra 01 fevral 2020-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsi ərazisində baş vermiş zəncivari yol-nəqliyyat hadisəsi nəticəsində X7 tərəfindən idarə olunan “Ford Fusion” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Lexus LX470” markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə “Lexus LX470” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. “Kasko Butik” SŞ 10.02.2020-ci il tarixdə X5 788 manat olmaqla sığorta ödənişi edilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş X5 200 manat sığorta ödənişi həyata keçirilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X3 24 fevral 2020-ci il tarixdə 490 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 23 avqust 2019-cu il və 01 fevral 2020-ci il tarixlərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehə məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə icbari sığorta şirkətləri tərəfindən həmin avtomobilin təmirinə 690 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə sığorta ödənişi etməklə müqavilə üzrə götürdüyü öhdəliyini icra etmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçının subroqasiya hüququ yaranmışdır. Cavabdeh icbari sığorta şirkətlərinədn 690 manat ödənişi almaqla qanun pozuntusuna yol vermişdir. (əsassız varlanmışdır) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 tərəfindən 690 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4dən 690 (altı yüz doxsan) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar