Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4694/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı, cavabdehdən iddiaçının xeyrinə itirdiyi bağlamanın faktiki dəyərinin, yəni 579.47 manat məbləğində vəsaitin tam kompensasiya etməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində www.amazon.com (onlayn alış-veriş veb resursu) vasitəsilə verdiyi sifarişləri xx.xx.2024-cü il tarixində ABŞdakı Starex MMC-nin anbarına çatdırılmışdır. Həmin bağlamaların Azərbaycan Respublikasına çatdırılması Starex MMC tərəfindən həyata keçirilir. Bağlamalar xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Heydər Əliyev adına hava karqo terminalına daxil olmuş, lakin hələ də təhvil verilməyib. xx.xx.2024-cü il tarixində Starex MMC-yə müraciət etdikdə, müəssisə 15 gün ərzində araşdırma müddəti zəruri olduğunu bildirmişdir. Bu müddət bitdikdə, Starex MMC bağlamanı itirdiyinə görə onun sifarişi tam məbləği olan 579.47 manat əvəzinə, yalnız 83.30 manat mobil tətbiqlərinin virtual balansına qaytarmışdır. xx.xx.2024-cü il tarixində müəssisə ilə telefonla əlaqə saxladığında, ona yalnız elektron tətbiqdə bəyan edilən məbləğin qaytarılacağını bildiriblər. Buna səbəb isə yalnız bəyan edilən məbləğin kompensasiya olunmasını irəli sürüblər. Öz növbəsində bildirmişdir ki, bağlamaların sayı 8 ədəd olduğuna görə və Starex MMC-nin mobil və veb tətbiqlərində bir neçə bağlamanın bəyan etmə imkanı olmadığına görə və eyni zamanda bağlamaların hansı sayda və formada çatdırılması barədə məlumat olmadığına görə yalnız təsadüf bir bağlama bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinə məxsus olan Smart Customs tətbiqində isə bir neçə bağlamanın təktək və ya bir şəkildə bəyan etmə funksiyalarının olması barədə daha sonra bilmişdir. Hər bir halda Starex MMC öz üzərinə düşən məsuliyyətdən kənarda duraraq vəsaitlərin tam şəkildə kompensasiya edilməsini qəbul etmir. Bu məsələ ilə bağlı zəruri sənədləri təqdim etməyə hazırdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı xx.xx.2024-ci il tarixdə “Amazon.com” onlayn satış saytından ***-*******- 3049806 qəbzə əsasən alış veriş etmişdir. Qəbzə əsasən, 1 ədəd USB kabel, 1 ədəd adapter, 1 ədəd Braun markalı saç kəsici aparat, 1 ədəd Nulaxy markalı noutbuk stendi, 1 ədəd aluminiun şarj çihacı, 1 ədəd Wadanohara adlı kitab və 1 ədəd Orbram Cat 8 kabel zakaz etmişdir. Bütün mallara ümumilikdə “Amazon.com” onlayn satış saytına 313.88 dollar ödəniş etmişdir. Çatdırılma ünvanı kimi cavabdeh "xxxx" MMC-nin ABŞ-ın Wilmington ştatında yerləşən məntəqəsini qeyd etmişdir. İddiaçı xx.xx.2024-ci il tarixdə “Amazon.com” onlayn satış saytından ***-*******- 3049806 qəbzə əsasən alış veriş etmişdir. Qəbzə əsasən, 1 ədəd masa altında kabel idarəetmə qabı və 1 ədəd şarj aparatı zakaz etmişdir. Bütün mallara ümumilikdə “Amazon.com” onlayn satış saytına 49.98 dollar ödəniş etmişdir. Çatdırılma ünvanı kimi cavabdeh "xxxx" MMC-nin ABŞ-ın Wilmington ştatında yerləşən məntəqəsini qeyd etmişdir. xx.xx.2024-ci il tarixdə **********832 nömrəli bəyannaməyə əsasən, ümumi dəyəri 86.66 dollar, yəni 147,32 manat olan 1 ədəd adapter cihazı İddiaçı tərəfindən “Smart Custom” elektron tətbiq vasitəsilə bəyan edilmiş, satıcı qismində "xxxx", post qismində isə "xxxx" MMC göstərilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC vasitəsilə “Amazon.com” onlayn alış-veriş saytından aldığı 579,47 manat dəyərində malların Azərbaycan Respublikasına çatdırılması xidmətləri ilə bağlı müqavilənin bağlandığını, lakin "xxxx" MMC tərəfindən malların Azərbaycan Respublikasına çatdırılmasının lazımı qaydada təşkil edilmədiyini, "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra edilməməsi nəticəsində malların itirildiyini bildirsə də, bu halları təsdiq edəcək zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia məhkəməyə təqdim edilmiş “”Smart Customs” elektron tətbiqindən bəyannamə məlumatlarına uyğun olaraq 147,32 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi ziyanın əvəzi olaraq 147,32 (yüz qırx yeddi manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4694/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4694/2024
09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver