Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4699/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "əşyalarla birlikdə mənzildən çıxarılma tələbinə dair" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən, ümumi sahəsi 89.38 kv.m olan 11 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) iddiaçının xüsusi mülkiyyətindədir.
2. Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus sözü gedən mənzildə ümumiyyətlə yaşamamış, təsərrüfat aparmamış, yalnız son bir neçə ay ərzində iddiaçıya məxsus mənzildə onun razılığı olmadan, iradəsinin ziddinə olaraq daxil olmuş və yaşamışdırlar.
İddiaçının tələbi:
3. Cavabdeh2 və Cavabdeh1 onlara məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən, 11 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, Cavabdeh1 iddiaçının bacısı, Cavabdeh2 isə onun əridir. Cavabdeh1 2000-ci ildən həmin evdə daimi yaşamamış, yalnız son 2 ayda həmin mənzildə yaşamışdır. Cavabdeh1 payından iddiaçının xeyrinə imtina etmişdir. Buna görə də o evə qarşı olan hüquqularını itirmişdir. Əri gündüzün isə ümumiyyətlə evə qarşı hər hansı hüququ olmamışdır. Məhkəmədə iddia tələbini müdafiə etmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/2-10-5658/24 saylı məlumata əsasən, X1 adına Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, miras əmlakı təşkil edən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.33 kv/m olan mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
8. xx.xx.2019-cu il tarixli, AZ-İİ 030069 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X2 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1252 № ilə qeyd edilmişdir.
9. 28 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi İddiaçı ünvan 1 və o miras əmlakdan tam hissədə pay almalıdır.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat №-li Çıxarışa əsasən, ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
12. İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. 18 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. (§16)
19. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (§16)
20. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
19. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 11 nömrəli mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) Sevinc Hüsən qızının mülkiyyətində olması, cavabdehlərin iddiaçıya məxsus mənzildə məskunlaşmaları işin mübahisəsiz hallarıdır.
21. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları (§11) və beynəlxalq hüquq normaları (§12) mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququ ilə bağlı mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan Mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır.
22. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. (§13). İşin şərh edilən halları MM-nin 157.2ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının ona məxsus Mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.
23. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi mübahisəsiz haldır. (§10) Mənzilin cavabdehlərin sahibliyində olması da tərəflərin izahatlarında, məhkəmə tərəfindən keçirilmiş yerində baxış zamanı cavabdehlərin orda yaşadıqları öz təsdiqini tapmışdır. Cavabdehlərin mənzilə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil, mülki iş materiallarından məlum olur ki, hər iki cavabdeh başqa ünvana qeydiyyatdadırlar. Qeyd edilənlər mənzilin cavabdehlərin sahibliyində qanunsuz olmasını sübuta yetirir.
24. Məhkəmə qeyd edir ki, cavabdehlərin Mənzildə yaşamaları qanuni hesab edilə bilməz. Cavabdehlərin iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehlərə məxsus əşyalar da iddiaçının mənzilindən çıxarılmalıdır.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ayrı-ayrı presedentlərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qəbul olunmuş ümumi mövqe, təcrübə mövcuddur. AİHM –in Marks Belçikaya qarşı iş (Case of Marckx v. Belgıum, 1979) üzrə qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə (Case of Sporrong and Lönnroth v. Sweden, 1984) isə AİHM göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
26. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 11 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) çıxarılmalıdırlar.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 11 saylı mənzildən (Yeni qaydalarla: AZ 1015, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) çıxarılsınlar.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova