Məhkəmə qərarları › İş №e-2(011)-4712/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4712/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4712/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh2 Cavabdeh1 məxsus “Opel Astra” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə idarə edərkən Bakı şəhəri, Ə.Ağaoğlu küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C 00385-20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-9” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mazda CX-9” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə 100 (bir yüz) manat azadolunma məbləği çıxılaraq 6695,33 (altı min altı yüz doxsan beş manat otuz üç qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin İnzibati tənbeh tətbiqetmə haqqında qərarına əsasən, Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

2. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən subroqasiya tələbi ilə bağlı 4926,42 (dörd min doqquz yüz iyirmi altı manat qırx iki qəpik) manat sığorta ödənişi ödənilmiş, qalıq 1768,91 (min yeddi yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğ isə cavabdehlərdən tələb olunmmalıdır.

İddiaçının tələbi:

3. Cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1768,91 (min yeddi yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində sığorta ödənişinin, 37,69 (otuz yeddi manat altmış doqquz qəpik) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin etirazı:

4. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı

5. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 öz izahatında qeyd etmişdir ki, sözügedən yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh2 idarə etmişdir, digər Cavabdeh1 isə avtomobilin mülkiyyətçisidir. Avtomobil etibarnamə əsasında idarə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ziyan vurulmuş avtomobil iddiaçı "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmışdır. İddia tələbinə əsasən, subroqasiya qaydasında pul tələbi hər iki cavabdehə yönəlmişdir, lakin əsas tələb Cavabdeh2 münasibətdədir.

6. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında yol hərəkəti qaydalarını pozduğunu və digər avtomobilə ziyan vurduğunu bildirmiş və iddia tələbini tam həcmdə qəbul etdiyini qeyd edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir.

7. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. MVC0476/21 saylı işə dair Sığorta aktına əsasən, sığorta hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Mazda CX-9” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 6795,33 manat ziyan vurulmuşdur.

9. Kapital Bank tərəfindən verilmiş OD1 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən, 6795,33 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş akta əsasən, cəmi vurulmuş ziyan üçün 6795,33 manat ödəniş edilməlidir.

11. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədrinin birinci müavini A.Əliyevə ünvanlanmış 15 iyul 2021-ci il tarixli 0883/21 nömrəli məktuba əsasən, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən PDS********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Opel Astra” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən həyata keçirilmiş 6695,33 manat sığorta ödənişinin 5000 manat hissəsi üzrə subroqasiya tələbi məbləğinin "xxxx" ASC-nin hesabına köçürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.

12. X7 tərəfindən verilmiş 38594 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, 4926,42 manat Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.

13. xx.xx.2021-ci il tarixli ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən, Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

14. xx.xx.2021-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərara əsasən, AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Cavabdeh2 barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

15. MV-C 00385-20 nömrəli xx.xx.2020-ci il tarixli Sığorta şəhadətnaməsinə əsasən, “Mazda CX-9” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır.

16. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V 431750 nömrəli Etibarnaməyə əsasən, avtomobilin mülkiyyətçisi Cavabdeh1 “Opel Astra” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək idarə etmək hüququnu Cavabdeh2 vermişdir.

17. AD 378728 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən, “Opel Astra” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçisi) Cavabdeh1dır.

18. 10 may 2023-cü il tarixli Xəbərdarlıq məktubuna əsasən, Cavabdeh2 1786,91 manat pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir

19. 22 avqust 2023-cü il tarixli Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən, o, iddia tələbini tam həcmdə qəbul etdiyini və heç bir etirazının olmadığını qeyd etmişdir. 20.İzahatlar, Yol-nəqliyyat hadisəsinin sxemi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Opel Astra” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dır, sığorta hadisəsi baş verən zaman avtomobil Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V 431750 nömrəli Etibarnaməyə əsasən, Cavabdeh2 qanuni sahibliyində olmuşdur.

27. Məhkəmə hesab edir ki, sığorta ödənişi avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 deyil, avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarında qeyd edilir ki, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

28. Mülki işin materiallarından görünür ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 mülkiyyətçidir, lakin sığorta hadisəsi baş verən zaman avtomobili o, idarə etməmişdir. Bu isə qeyd edilən qanunvericilik normalarına əsasən, onun cavabdeh qismində tanınması və ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ondan tutulması zərurətini aradan qaldırır. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada deyil, yalnız Cavabdeh2 tutulmalıdır. Buna əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

29. İddiaçının tələbi 1768,91 (min yeddi yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş pulun subroqasiya qaydasında tutulmasıdır. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən qeyd edilən məbləğ öz təsdiqini tapmış, Cavabdeh2 tərəfindən etiraf edilmişdir.

30. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh2 1768,91 (min yeddi yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,69 (otuz yeddi manat altmış doqquz qəpik) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödəniş 10 (on) manat dövlət rüsumunun əvəzi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh2 1768,91 (min yeddi yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,69 (otuz yeddi manat altmış doqquz qəpik) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödəniş 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar