Məhkəmə qərarları › İş №e-2(011)-4744/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4744/2024

11.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4744/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əliyeva (Muhumayeva) Arzu Ramazanəli qızına qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh keçmiş ər-arvad olmuşlar. Onlar xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – X13 və X14 doğulmuşdur. Tərəflərin nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, habelə həmin qətnamə ilə uşaqların cavabdehin himayəsində qalaması və onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir.

2. Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, 11 saylı evin 56 saylı mənzili (bundan sonra - Mənzil) əvvəl iddiaçının atası X4 order əsasında faktiki sahibliyində olmuşdur. Orderdə onun ailə üzvləri – arvadı, X6 (xx.xx.2019-cu il tarixdə ölmüdür), qızı, X5 (xx.xx.2001-ci il tarixdə X7 ilə nikaha daxil olmuşdur) və oğlanları, X11 (xx.xx.1993-cü il tarixdə ölmüşdür) və iddiaçının adı göstərilmişdir. İddiaçının bacısı Mətanət Xalıqova 36 saylı notariat ofisinə ərizə verərək atasından qalmış mirası qəbul etmədiyini bildirmişdir.

3. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 18 saylı Notariat ofisinə müraciət etmiş, eyni zamanda həmin Notariat ofisi tərəfindən mərhum X8 məxsus olan Mənzilə çıxarış verilməsi üçün xx.xx.2022-ci il tarixdə AR İN yanında ƏMDRX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri, 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. X8 Mənzilə dair çıxarış verilməmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir (“Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş cavabehin “sərhəd keçmə” məlunatları əsasında).

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, 11 saylı evin 56 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzil ona məxsusdur. Həmin Mənzildə cavabdeh və azyaşlı övladları ilə birlikdə 2020-dək birlikdə yaşamışlar. Keçmiş həyat yoldaşı ilə münasibətlərinin pisləşməsi səbəbindən məhkəmə qətnaməsinə əsasən cavabdehlə bağlanmış nikahları Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Ona məxsus Mənzildə artıq iki ildən çoxdur ki, heç bir yaşayış yoxdur. Cavabdeh həmin Mənzildən 2021-ci il tarixindən çıxmış və başqa ünvanda yaşamaqdadır. Hazırda Mənzildə cavabdeh və azyaşlı övladları qeydiyyatdadır. Mənzil ona xx.xx.2014cü il tarixdə onun dayısının həyat yoldaşı tərəfindən bağışlanmışdır. O, dəfələrlə qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdeh hələ də Mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin qeydiyyatda qalması onun Mənzilinə dair sərbəst hərəkətlər etməyinə mane olur, mənzilə dair sərəncam hüququnu məhdudlaşdırır.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, o, iddiaçı ilə qonşuluqda yaşayır. Cavabdeh təxminən iki il bundan əvvəl uşaqları atıb Türkiyəyə gedib.

11. Məhkəmə iclasında şahid X1 izahatında bildirdi ki, ailəni 1990-cı ildən tanıyır. Tərəflərin toy mərasimlərində də iştirak edib. Normal ailə idi, lakin son 2-3 ildir ki, cavabdehin olmadığını görüb. Eşitdiyinə görə cavabdeh Türkiyədədir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

12. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

13. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

14. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh xx.xx.2005ci il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2014-cü il tarixdə iddiaçının atasının ölümündən sonra tərəflər mənzildə birlikdə yaşamışlar. Mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da, order əsasında iddiaçının atası X8 verilmişdir. Ona görə də, məhəkəmə hesab edir ki, cavabdehin Mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına əsasən hüquqi qiymət verilməldir. Çünki, cavabdeh Mənzilə gəlin köçərkən Mənzil order əsasında Əkbər Əliyevin sahibliyində olmuş və onun həmin Mənilə dair mülkiyyətə gözləntisi olmuşdur.

22. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində mülkiyyətçi ilə bərabər digər şəxslərin yaşayış binasının tərkib hissələrindən istifadə hüquqlarının yarnmasının əsasları müəyyən edilmişdir.

23. Həm Mülki Məcəllənin adı çəkilən müddəlarının mənası, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi praktika baxımından mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə edən şəxsləri 2 kateqoriyaya ayırmaq olar: birincisi, mülkiyyətçinin ailə üzvləri. Bunlara Mülki Məcəllənin 228.5-ci maddəsndə göstərilən şəxslər, yəni mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları aiddir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə həmin şəxslərin istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə ayrıca müqavilənin bağlanmasına zərurət yoxdur, bu halda istifadə hüququnun yaranması etibarlı ailə münasibətlərinə əsaslanır; ikincisi, digər şəxlər. Bu kateqoriya şəxslərin istifadə hüquqlarının yaranması əsasları isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuşdur. Bu halda isə digər şəxslərin istifadə hüquqlarının yaranması üçün onlar mülkiyyətçi ilə müvafiq müqavilə bağlamalı, həmin müqavilə notarial qaydada təsdiq edildikdən sonra istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır.

24. Hazırkı mübahisəyə gəldikdə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Məmzili əvvəlki sahibi Əkbər Əliyevin gəlini olmuşdur, buna görə də MM-nin 228.5-ci maddəsinin mənası baxımından, cavabdeh sonuncunun ailə üzvünə daxil deyil, o, Əkbər Əliyevə münasibətdə istifadə hüququ yaranmalı olan digər şəxslər kateqoriyasına aiddir. Bu halda isə onun istifadə hüququnun yaranması üçün ikinci qaydanın, yəni ayrıca istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilməklə müqavilənin bağlanması və istifadə hüququnun dövlət reyestirndə qeydiyyata alınması lazım idi. Lakin iş materiallarında cavabdehin Mənzilin əvvəlki sahibi ilə belə bir müqavilənin bağlanması mövcud deyil. Ona görə də cavabdehin Mənzilə dair istifadə hüquqlarının yaranması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

25. Digər bir tərəfdən, həm məhkəmə zamanı iddiaçının və şahidlərin ifadələri əsasında, həm də “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş cavabdehin sərhədkeçmə məlumatları əsasında müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına getmiş, bugünədək də geri qayıtmamışdır. Göründüyü kimi, cavabdeh Mənzildə qeydiyyatda olsa da, artıq iki ildir ki, Mənzildən köçüb gedərək, mənzillə bağlılığını kəsmişdir.

26. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

27. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

28. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Əliyeva (Muhumayeva) Arzu Ramazanəli qızının Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, 11 saylı evin 56 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar