Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4759/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X2-Bakı” QSC-yə qarşı “sorğunun cavablandırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “X2-Bakı” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılması və həmin məktubda qeyd edilən sənədlərin iddiaçıya təqdim edilməsi, habelə dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddiaçının müvəkkili X3 “Arbitrium” vəkil bürosuna müraciət edərək, tibb müəssisəsi olaraq fəaliyyət göstərən “X7”nın Babək filialında ona göstərilmiş tibbi xidmətdən narazı və şikayətçi olduğunu bildirmiş və həmin büroda fəaliyyət göstərən iddiaçı ilə, yəni vəkil İddiaçı ilə müqavilə bağlanmışdır. Adı çəkilən filial tibb müəssisəsi tərəfindən müvəkkilinə onun sağlamlıq durumunu əks etdirən tibbi sənədlərin verilməsinə imtina edilmişdir. Bununla əlaqədar olaraq, müvəkkil ilə iddiaçı arasında “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmış, habelə iddiaçıya 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 05 iyun 2022-ci il tarixli etibarnamə verilmişdir. Etibarnamədə iddiaçıya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nümayəndəyə/təmsil edənə aid edilmiş bütün səlahiyyətlər, habelə sorğu vermək və məhkəməyə müraciət etmək səlahiyyəti etibar edilmişdir. İddiaçı tərəfindən müəyyən edilmişdir ki, “X7”nın Babək filialı hüquqi şəxs olan “X2-Bakı” MMC-yə məxsusdur. İşin təhlili ilə əlaqədar adı çəkilən hüquqi şəxsin Mərkəz filialına baş həkimin adına 09 iyun 2022-ci il tarixli 189 nömrəli sorğu məktubu ünvanlanmışdır. Məktuba müvəkkil tərəfindən iddiaçının adına verilən etibarnamə və vəkil orderi əlavə edilmişdir. Sorğuda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə istinad olunaraq, vətəndaşın onun sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olması, o cümlədən tibbi sənədlərin surətlərini almaq hüququnun olması və bu səbəbdən sənədlərin təqdim edilməsi və cavablandırılması xahiş edilmişdir. “X2-Bakı” MMC-yə məxsus blankda təqdim edilmiş 23 iyun 2022-ci il tarixli 02/51 nömrəli cavab məktubunda isə həmin məlumatların həkim sirri olmasına istinad edilərək, məlumatların verilməsinə imtina edilmişdir. Həm pasiyentin, həm də onu təmsil edən nümayəndənin hüquqları pozulmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki proseslərində iştirak etmiş cavabdeh iddia tələbini qəbul etmiyərək iddianın əsassız olduğunu bildirmiş. Həmçinin qeyd etmişdir ki, işin mahiyyətindən irəli gələn hüquq iddiaçıya yox onun hüquqlarını təmsil etdiyi şəxs Sevil Alıyevaya məxsusdur. Belə ki, hazırkı iddia tələbinə iddiaçının subyektiv hüquq olmadığı üçün iddia rədd edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı öz vəkillik fəaliyyətini həyata keçirərkən hüquqlarını müdafiə etdiyi Sevil Alıyevaya hüquqi yardımın göstərilməsi üçün cavabdeh olan müəssisəyə xx.xx.2022-ci il tarixli 189 saylı sorğu vasitəsi ilə müraciət etmiş və öz müvəkkilinin sağlamlıq durumu barədə tibbi sənədlərin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı qanunla müəyyən edilmiş qaydaya riayət etməklə Sevil Alıyevanın nümayəndəsi və vəkili olaraq cavabdeh müəssisəyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş “X7”-nın səlahiyyətli şəxsi tərəfindən 23 iyul 2022-ci il tarixli 02/151 saylı sorğuya cavab məktubunda göründüyü kimi, 11 may 2010-cu il tarixli Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun 2.1.6-cı maddəsinə görə şəxsin xüsusi kateqoriyalı fərdi məlumatlarına fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar olduğunu qeyd edilmiş və bu səbəbdən X1 dair sorğu edilmiş sənədlər həkim sirrini təşkil etməklə xüsusi məlumatlar kateqoriyasına aid edilmişdir. Eyni zamanda istinad edilən məlumatların yalnız iddiaçıya məhkəmə qərarı əsasında təqdim edilə biləcəyi bildirilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə əsasən-“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tələb edilən məlumatların həkim sirri olmasına istinad edilərək sorğuya cavab verməkdən imtina edilmişdir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən “Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.” Həmən qanunun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən təqdim edilməsi tələb edilən məlumatların həkim sirrini təşkil etməsi müəyyən edilsə də, cavabdehin məhz bu əsasla sorğuya cavab verməkdən imtina etməsi qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Belə ki, həm 09 iyun 2022-ci il tarixli müraciətin mətnindən həm də müraciətə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvəkkili Sevil Alıyeva tərəfindən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlarda təmsil etmək və onun adından çıxış etmək üçün səlahiyyətləndirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin 23 iyun 2022-ci il tarixli məktubunda Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun 2.1.6cı maddəsinə istinad etməklə “xüsusi kateqoriyalı fərdi məlumatlar”-a hansı növ məlumatların daxil olması ilə bağlı ümumi normaya istinad etmişdir. Lakin hazırki məsələdə cavabdeh tərəfindən qanunvericiliklə özündə şəxs barəsində fərdi məlumatların üçüncü şəxs tərəfindən əldə edilə bilməmə əsaslarını nəzərdə tutan hər-hansı xüsusi normaya istinad edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun 5.4-cü maddəsinə əsasən- “Xüsusi kateqoriyalı məlumatlar, onların xüsusiyyəti və bu Qanunun 11.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, konfidensial, həm də açıq fərdi məlumatlar kateqoriyasına aid edilə bilər.” Həmin qanunun 5.2-ci maddəsinə əsasən “Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.” Həmin qanunun 5.3-cü maddəsinə əsasən isə “Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.” Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh “X7” tərəfindən “Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılmaqla həmin məktubda qeyd edilən sənədlər iddiaçıya təqdim edilməli və dövlət rüsumu olaraq ödənilən 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “X7” tərəfindən «Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılmaqla həmin məktubda qeyd edilən sənədlər iddiaçıya təqdim edilsin və dövlət rüsumu olaraq ödənilən 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4759/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4759/2022
23.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver