Məhkəmə qərarları › İş №e-2(011)-4762/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4762/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4762/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh3 İB-nin nümayəndəsi etibarnamə üzrə nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 İB-yə və "xxxx" MMC-yə qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 İB, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.126 manat məbləğində vəsaitin, 71.26 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kərimov Mətləb Şərafəddin oğluna məxsus Quba rayonu, Nizami küçəsi, 29-cu məhəllədə yerləşən fərdi yaşayış evi 23 iyun 2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. 26 noyabr 2021-ci il tarixində Cavabdeh3 İB-nin əməkdaşları Cavabdeh2 və Cavabdeh1 tərəfindən Quba rayonu, Nizami küçəsi, 29-cu məhəllədə yerləşən fərdi yaşayış evində qaz xətti çəkilən zaman partlayış baş vermiş və nəticədə Kərimov Mətləb Şərafəddin oğluna məxsus fərdi yaşayış evinə zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı 20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işinin rədd edilməsi haqqında qərar çıxarılmışdır. Zərərçəkən, sığortalı mənzilə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Sığortalı mənzilə dəymiş zərər qiymətləndirilmiş, “Əmlakın qiymətləndirilməsinə dair rəy”ə əsasən zərər 5.276 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 08 sentyabr 2022-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma 150 manat çıxılmaqla 5.126 manat məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. 23 sentyabr 2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 İB-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, təmsil etdiyi qurumun "xxxx" MMC ilə heç bir əlaqəsi olmadığını, onların podratçı şirkət olduğunu, Cavabdeh3 İB-nin isə qazın alğı-satqısı ilə məşğul olan qurum olduğunu bildirmişdir. O, verdiyi izahatda qeyd etmişdir ki, təmsil etdiyi qurumun əməkdaşı olan cavabdeh iş günü olmayan vaxtda hadisəni törətmişdir. Məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh3 İB-də çilingir vəzifəsində çalışır və Cavabdeh1 kömək etmək məqsədilə hadisə yerində olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatda bildirmişdir ki, o, podratçı şirkətdə çalışır və hadisə yerinə həmin şirkətin əməkdaşı olaraq getmişdir. Bu işi görməyi həmin şirkətdən Malik adlı şəxs ona tapşırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 2021-ci il tarixdə cavabdeh olan Cavabdeh1 və Cavabdeh2 Quba rayonu, Nizami küçəsi 29-cu məhəllədə yerləşən fərdi yaşayış evinə qaz xətti çəkən zaman orada partlayış baş vermiş və Kərimov Mətləb Şərafəddin oğluna ziyan dəyib. İddiaçı tərəfindən Kərimov Mətləb Şərafəddin oğluna sığorta ödənişi həyata keçirilib. Hazırda ödənilmiş məbləğ subroqasiya qaydasında cavabdehlərdən geri tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" MMC-də, Cavabdeh2 Cavabdeh3 İB-də çilingir vəzifəsində çalışır. Cavabdeh3 İB tərəfindən təqdim edilmiş Xaçmaz RQİİ-nin Quba rayonu üzrə 2021-ci ilin noyabr ayı üçün təmir-bərpa xidmətinin işçilərinin növbətçilik cədvəlindən görünür ki, Cavabdeh2 hadisənin baş verdiyi 25 noyabr 2021-ci il tarixdə iş növbəsində olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 iyul 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, X1 Kərimova məxsus mənzilə qaz xəttinin çəkilməsi üçün "xxxx" ASC-nin sədri Malik Həmidova müraciət etmiş, Malik mənzillərə qaz xətlərinin çəkilməsinin maddi cəhətdən "xxxx" ASC üçün sərf etmədiyini əsas gətirərək imtina etmiş, lakin tanış ustalar məsləhət görə biləcəyini bildirərək Cavabdeh1 nömrəsini ona vermişdir. Əmirə zəng edərək onunla razılığa gəldikdən sonra, 25 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Cavabdeh1 özü ilə gətirdiyi Cavabdeh2 ilə birlikdə Mətləb Kərimova məxsus mənzilə qaz xətlərini çəkməyə başlamışlar və saat 17 tadələrində işlərini başa çatdırmışlar. Ertəsi gün saat 09 radələrində Mətləb Kərimov zəng edərək mənzilində partlayış baş verdiyini bildirmişdir. Hadisə yerinə getdikdə həqiqətən də, Mətləb Kərimova məxsus mənzildə partlayış baş verdiyini, mənzilə ziyan dəydiyini görmüşdür. Məlum olmuşdur ki, mənzilin qazlaşdırılması zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən mətbəxə çəkilmiş qaz borusunun sonu qapadılmadan açıq saxlanılmış və nəticədə həmin sahədən mənzilə qaz sızmış, 26 noyabr 2021-ci il tarixdə saat 08 radələrində təmir işləri ilə əlaqədar gələn usta Cövdət mənzilə daxil olmadan giriş qapısından çöldə quraşdırılmış elektrik avtomat açarı vasitəsi ilə işıqları yandırdıqda partlayış baş vermişdir. Hadisəyə səbəb Mətləb Kərimova məxsus mənzilin qazlaşdırılması işlərinə cəlb edilmiş ustalar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qaz xətləri çəkildikdən sonra, qaz xəttinin mətbəx otağının daxilində olan, hər hansı qaz avadanlığı qoşulmamış və ya qapayıcı ilə bağlanmamış sonluğundan sızan qazın mətbəx otağına dolması olmuşdur. Həmin qərarla müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/936 nömrəli 20 iyun 2022-ci il tarixli tikinti-texniki ekspertizası rəyinə əsasən Quba şəhəri, Nizami rayonu, 29-cu məhəllədə yerləşən mənzildə baş vermiş partlayış hadisəsi nəticəsində həmin mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 7200.0 manat (48.0m X 150 manat) məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2932 nömrəli 28 iyun 2022-ci il tarixli yanğın-texniki ekspertizası rəyinə əsasən müəyyən olunmuşdur ki, Quba şəhəri, Nizami küçəsi, 29-cu məhəllədə yerləşən 3 mərtəbəli binada baş vermiş partlayışın mənbəyi, binanın birinci mərtəbəsində yerləşən mənzilin mətbəx otağının daxilində olmuşdur. Partlayış, mətbəx otağının daxilində sonluğuna hər hansı qaz avadanlığı qoşulmamış qaz xəttindən sızan qazın mətbəx otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən atışması nəticəsində baş verə bilərdi. Baş vermiş hadisə ilə əlaqədar «Yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ№02-2002) 2.4.20 bəndinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 8.44, 9.241 bəndlərinin, «Qazdan istifadə qaydaları»nın 3.4.1 bəndinin tələbləri pozulmuşdur. Quba şəhəri, Nizami küçəsi, 29-cu məhəllədə yerləşən 3 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına qaz xətti çəkməklə həmin xəttin sonluğunu tıxacla bağlanılmadığına görə, «Yanğın təhlükəsizliyi qaydalarisnın (YTQ№02-2002) 2.4.20 bəndinin, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 9.241 bəndinin, «Qazdan istifadə qaydaları»nın 3.4.1 bəndinin tələbləri mətbəx otağına qaz xəttini çəkən şəxs (şəxslər) tərəfindən pozulmuşdur. Beləliklə, aparılmış araşdırma zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri ilə, habelə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 25 noyabr 2021-ci il tarixdə Quba şəhəri, Nizami küçəsi, 29-cu məhəllədə yerləşən, Kərimov Mətləb Şərafəddin oğluna məxsus mənzilin mətbəx otağının daxilində, sonluğuna hər hansı qaz avadanlığı qoşulmamış qaz xəttindən sızan qazın mənzilin mətbəx otağına dolması nəticəsində partlayış hadisəsi baş vermiş, nəticədə M.Ş.Kərimova 7200 manat maddi ziyan dəymişdir. Baş vermiş partlayış hadisəsi ilə əlaqədar mənzilə qaz xətlərinin çəkilməsi ilə məşğul olmuş Cavabdeh1 və Cavabdeh2 tərəfindən «Yanğın təhlükəsizliyi qaydalarının (YTQ№02-2002) 2.4.20, «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 8.44, 9.241, «Qazdan istifadə qaydalarının 3.4.1 bəndlərinin tələbləri pozulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin sığorta etdiyi şəxsin evində qaz xətlərinin çəkilməsi zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən «Yanğın təhlükəsizliyi qaydalarının (YTQ№02-2002) 2.4.20, «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 8.44, 9.241, «Qazdan istifadə qaydalarının 3.4.1 bəndlərinin tələbləri pozulmuşdur. Bunun nəticəsində evdə partlayış baş vermişdir. İstinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 İB-dən vurulmuş zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh3 İB-nin işçisi olan Cavabdeh2 həmin tarixdə işdə olmamış və əmək funksiyalarının icrası ilə əlaqədar olmayaraq hadisəni törətmişdir. Odur ki, iddia tələbi Cavabdeh3 İB-yə münasibətdə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, şirkətin podratçı şirkət olması, Cavabdeh1 həmin şirkətdə işləməsi, hadisəni əmək funksiyalarından irəli gələrək və ya gəlməyərək törətməsi təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Odur ki, iddia cavabdeh "xxxx" MMC-yə münasibətdə də təmin edilə bilməz. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə müştərək qaydada 5.126 manat pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 71.26 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71.26 manat pul da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.126 (beş min yüz iyirmi altı) manat pul vəsaiti və ödənilmiş 71.26 (yetmiş bir manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar