Məhkəmə qərarları › İş №e-2(011)-4780/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4780/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4780/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.571,53 manat pulun və 36 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş qayınanasıdır. Cavabdehin oğlu X1 ilə iddiaçının nikahı xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Qayınanası 2024-cü il tarixdə Tbilisidə səfərdə olan zaman ona müraciət edərək, xx.xx.2024-cü il tarixə Tbilisi-Bakı reysi üçün 3 ədəd bilet almağını xahiş etmişdir. Bildirmişdir ki, geri döndükdə pulunu qaytaracaqdır. Həmin vaxt o, 561,67 dollar qarşılığında, Azərbaycan məzənnəsi ilə 963,26 manat ödəniş edib, bilet almışdır. Lakin, həmin məbləğ ona qaytarılmamışdır. Bundan başqa bir dəfə isə 278,27 manat məbləğində xx.xx.2024-cü il tarixə Tbilisi-Bakı reysinə bilet almışdır. Həmin pul da ona qaytarılmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə “Premium Hotel” üçün 110 manat, xx.xx.2024-cü il tarixdə isə 220 manat cavabdehin göstərişi ilə ödəniş etmişdir. 330 manat ona qaytarılmamışdır. Cavabdehin borcun etirafı barədə səs yazısı məhkəməyə təqdim ediləcəkdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.571,53 manat pulun, 38,92 manat dövlət rüsumunun və vəkil xərci kimi ödənilmiş 320 manat pulun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, "xxxx" ASC-dən sorğuya cavab olaraq məhkəməyə göndərilmiş məktubla əlaqədar bildirir ki, həmin məktubda göstərilmiş 209 manat məbləği, yəni 50 manat və 159 manat əməkhaqqı olmaqla, cavabdehin ödənişi deyildir. Cavabdehin bildirdiyi 279 manat ödəniş iddiaçıya verilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmişdir. O bildirmişdir ki, iddiaçı ilə onun oğlu nikaha daxil olublar. Lakin, ailələrini qoruyub saxlamaq alınmamışdır. Aviabiletlərə gəldikdə o bildirmişdir ki, həqiqətən də iddia ərizəsində göstərilən aviabiletlərin alınmasını iddiaçıdan xahiş etmişdir. Lakin, biletlərin pulunu iddiaçıya qaytarmışdır. Belə ki, 3 (üç) biletin pulu olan 968 manat pulu oğlunun yanında iddiaçıya mətbəxdə nəğd şəkildə qaytarmışdır. O pulla iddiaçı ilə cavabdehin oğlu evin ipoteka pulunu ödəmişlər. 4-cü biletin pulunu isə 279 manat olmaqla iddiaçıya bank kartına köçürmək yolu ilə ödəmişdir. Kartın şəklini iddiaçı özü ona göndərmişdir və cavabdeh bu ödənişi terminaldan etmişdir. “Premium Hotel” mehmanxanasında qalma xərclərinə gəldikdə isə qeyd edir ki, onun oğlu ilə iddiaçının nikahları uğurlu olmasa da, münasibətlərinin əvvəlinda cavabdeh oğlunu evləndirmək niyyyəti ilə iddiaçının Naxçıvan MR-da yerləşən evinə qonaq getmişdir. Cavabdeh düşünmüşdür ki, qonaq olduqlarından iddiaçının evində qalacaqlar. Lakin iddiaçı onunla qabaqcadan razılaşdırmadan ona bildirmişdir ki, onların qalması üçün mehmanxana danışmışdır. Belə ki, onlar Naxçıvan MR-da olduqları vaxtda mehmanxanada qonaq qalacaqlar. Cavabdeh bunu planlaşdırmamışdır. Cavabdeh ümumiyyətlə bahalı mehmanxana qalmaq istəməmişdir, lakin iddiaçı ona qonaq olaraq mehmanxanada qalmağı təklif etdiyindən və bunula bağlı ödənişi edərək mehmanxanada yer tutduğundan - cavabdeh mehmanxanada qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş **********2 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 510307******8952 nömrəli kartdan 963,26 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş elektron biletdən görünür ki, Tbilisi-Bakı reysi üzrə xx.xx.2024-cü il tarixli təyyarə reysinə 278,27 manat pul ödənilmişdir. Sərnişin “Mahabbat Gurbanova” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş elektron biletdən görünür ki, Tbilisi-Bakı reysi üzrə xx.xx.2024-cü il tarixli təyyarə reysinə 561,64 ABŞ dolları pul ödənilmişdir. Sərnişinlər siyahısında “Mahabbat Gurbanova” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, elektron ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 110 manat pul vəsaiti “Premium Hotel”ə ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, elektron ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 220 manat pul vəsaiti “Premium Hotel”ə ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən çıxarışdan görünür ki, İddiaçı məxsus olan 510307******8952 nömrəli kart hesabına xx.xx.2024-xx.xx.2024-cü illər tarixləri aralığında 50 manat və 159 manat pul məbləğləri mədaxil olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubun surətindən görünür ki, qeyd olunan dövrlərdə 510307******8952 nömrəli plastik karta cəmi 209 manat vəsait daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 1087.2-ci maddəsinə görə işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, iddia tələbləri iddiaçının cavabdeh üçün 1.241,53 manata aldığı 4 aviabiletin dəyərinin və cavabdehin “Premium hotel” adlı mehmanxanada qaldığı müddət üçün mehmanxanın xidmətlərinə görə ödədiyi 330 manat məbləğinin cavabdehdən tutulmasından ibarətdir. Aviabiletlərə aid hissədə məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh üçün dəyəri qaytarılmaq şərti ilə 1.241,53 manat qiyməti olan 4 aviabilet alması işin mübahisəsiz halıdır və cavabdehin izahatı ilə təsdiq olunur. Lakin həmin biletlərin dəyərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması iş materialları ilə sübuta yetirilmir. Buna görə də bu hissədə iddia tələbləri təmin edilərək, 1.241,53 manat pul məbləği cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Mehmanxana xərclərinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin xərclərin sonradan cavabdeh tərəfindən iddiaçıya geri ödənilməsi şərti ilə iddiaçı tərəfindən icra olunmalı olması barədə tərəflərin razılaşması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu kimi razılaşmanın əldə edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, cavabdeh iddiaçının yaşadığı şəhərə qonaq qismində getdiyindən, iddiaçı qonaqpərpəvərlik edərək mehmanxana xərclərini öz üzərinə götürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mehmanxana xərci ödəməyə dair tapşırıq verməsi sübut olunmadığından, mehmanxana xərclərinin ödənilməsi – iddiaçı tərəfindən özgə işlərinin tapşırıqsız icrası kimi qiymətləndirilə bilərdi. Lakin bu halda da məsrəflər o halda ödənilə bilər ki, həmin xərclərin iddiaçının deyil, cavabdehin hesabına ödənilməli olması işin hallarından və tərəflərin arasında yaranmış münasibətlərin xarakterindən bəlli olsun. İş materialları ilə sözügedən məsrəflərin sonradan cavabdeh tərəfindən ödənilməli olması öz təsdiqini tapmadığından, mehmanxana məsrəflərinin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Hüquqi yardım üçün çəkilmiş xərclərə gəldikdə məhkəmə qeyd edir ki, həmin xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq müəyyən edilməli və 100 (bir yüz) manat hüquqi yardım üçün ödənilmiş pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən ödənilmiş 33,41 manat dövlət rüsumu avabdeh Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 1.241,53 (bir min iki yüz qırx bir manat əlli üç qəpik) manat dəymiş maddi zərər, 100 (bir yüz) manat hüquqi yardım üçün ödənilmiş pul məbləği olmaqla cəmi, 1.341,53 (bir min üç yüz qırx bir manat əlli üç qəpik) manat pul məbləğı və 33,41 (otuz üç manat qırx bir qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar