Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4786/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1087,37 manat sığorta ödənişinin, ödənilmiş 30,87 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ilə məhkəmə iclasında iştirak edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, “X3” X4 məxsus ** JU *** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. Cavabdeh barəsində TP4192041 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və, o, cərimə olunmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək məqsədi ilə sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1 087,37 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1 087,37 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından 1 087,37 manat sığorta ödənişi sığortaçı tərəfindən "xxxx" ASCnin hesabına köçürülməkdən imtina edilmişdir. xx.xx.2022-ci il tarixində cavabdehə ödənilmiş sığorta ödənişi olan 1 087,37 manatın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları Bakı Nəqliyyat Agentliyi X6 məxsus “BMC Procity 12M avtobus” markalı 99JU916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16 dekabr 2020-ci il tarixində 12 ay müddətinə icbari sığorta növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. "xxxx" MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsi 31 may 2020-ci il tarixində 31 may 2021-ci il tarixinədək avtomobillərin tam sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2021-ci il tarixində ** JU *** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtonəqliyyat vasitəsi ilə ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtomobilə zərər dəymişdir. Dəymiş zərər 1087,37 manat məbləğində müəyyən edilmiş və "xxxx" ASC və "xxxx" MMC arasında qarşılıqlı hesablaşma əsasında əvəzləşdirilmişdir. Cavabdeh barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11 fevral 2021-ci il tarixli qərara əsasən sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli yol vərəqəsini surətindən və “Elektron məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. "xxxx" ASC ilə "xxxx" ASC arasında 04 noyabr 2021-ci il tarixində “X1 edilməsi barədə” 212 nömrəli müqaviləyə əsasən 31 may 2020-ci il tairxli MV-C(Q)00048-20_203 saylı sığorta müqaviləsi üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin 03 fevral 2021-ci il tarixində baş vermiş sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1087,37 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və buna görə də "xxxx" ASC-nin həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC həyata keçirilmiş 1087,37 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 18 aprel 2022-ci il tarixli qərar
1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsasszıdır və rədd edilməlidir. Belə ki, mülki iş materiallarında göründüyü kimi, yol nəqliyyat hadisəsi baş verdiyi zaman zərər vurulan ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsi avtomobillərin tam sığorta növü üzrə, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücünün idarə etdiyi avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbarı sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdırlar. Baş vermiş sığorta hadisəsi nəticəsində ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə dəymiş ziyan Azərbaycan Respublikası Mülki Məcəlləsində icbarı sığorta ödənişinin üstünlüyü təsbit edildiyinə baxmayaraq, nəqliyyat vasitəsinin tam sığorta növü üzrə sığortalanması haqqında müqaviləyə əsasən "xxxx" ASC tərəfindən "xxxx" ASC ilə qarşılıqlı hesablaşma əsasında əvəzləşdirilmişdir. Daha sonra isə həmin hadisə ilə bağlı yaranmış subroqasiya hüququ "xxxx" ASC-yə güzəşt edilmişdir. İddia ərizəsinin mətnindən aydın olur ki, "xxxx" ASC subroqasiya tələbi ilə bağlı ilkin olaraq "xxxx" ASC-yə müraciət etmiş, sonuncu isə ödənişi aparmaqdan imtina etmiş, nəticədə iddiaçı subroqasiya tələbini hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh qarşı yönəltmişdir. Halbuki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 20-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Göründüyü kimi, ** JU *** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtomobilə dair avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbarı sığortası müqaviləsi mövcud olduğu və, sığorta hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırıması nəticəsində yaranmış subroqasiya tələbi “İcbari sığorta haqqında” Qanunun müddəalarına əsasən "xxxx" ASC-yə qarşı yönəldilməli olduğu halda, hazırkı iddia tələbi qanunvericiliyin tələblərinə zidd olaraq sığorta olunan Cavabdeh qarşı yönəldilmişdir. Bu zaman iddiaçı onu da nəzərə almamışdır ki, Konstitusiya məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə görə, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. İş materiallarında göründüyü kimi, hadisənin törədilməsində təqsirli olan Cavabdeh "xxxx" MMC-nin işçisidir və onların arasında əmək münasibətləri var. Yol nəqliyyat hadisəsi də Cavabdeh öz əmək vəzifələrinin icrası zamanı baş vermişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti işəgötürən daşıyır və hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı yaranmış subroqasiya tələbi də məhz işəgötürənə qarşı yönəldilə bilərdi ki, iddiaçı buna da etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması nəticəsində subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1087,37 manat sığorta ödənişinin, ödənilmiş 30,87 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə hazırkı iddia tələbi üzrə cavab verməli olan şəxs Cavabdeh olmadığına görə iddia əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1087,37 manat sığorta ödənişinin, ödənilmiş 30,87 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Sədrlik edən: Əminə Abbasova