Məhkəmə qərarları › İş №e-2(011)-4794/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4794/2022

05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4794/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X1-Bakı” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılması və həmin məktubda qeyd edilən sənədlərin təqdim edilməsi, habelə dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi “Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılması və həmin məktubda qeyd edilən sənədlərin təqdim edilməsi” barədə olmaqla iddia tələbi aydın deyildir, yəni iddiaçının cavabdehə qarşı yönəlmiş konkret tələbinin, o cümlədən ünvanlanan sualların nədən ibarət olması iddia ərizəsində göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi aydın olmadığından, ərizə qanunvericiliklə müəyyən olunmuş formaya riayət edilməməklə verilmişdir və ona görə də ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarından və “Elektron Məhkəmə” İnformasiya sistemindən göründüyü kimi iddiaçı, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, 2(011)- 4759/2022 saylı mülki iş hazırda Xətai rayon Məhkəməsinin icraatındadır (hakim Aygün Həsənova). Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması da yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1-Bakı” QSC-yə qarşı ““Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılması və həmin məktubda qeyd edilən sənədlərin təqdim edilməsi, habelə dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar