Məhkəmə qərarları › İş №e-2(011)-4811/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4811/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4811/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3127 manat məbləğində pul vəsaitinin və 51,27 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “VAZ 21041”markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Chevrolet Malibu” markalı, 90YF312 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7877,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-nin ünvanımıza xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında Qərarının surəti daxil olmuş və sözügedən Qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Xətai RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiy Arayışa əsasən “VAZ 21041”markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5 000,00 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən “VAZ 21041”markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 4 750,00 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və cavabdehin vəkili-nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində istinad etdiyi xx.xx.2025ci il tarixli avtomobilin hesablama aktında qeyd olunan qiymətlər əhəmiyyətli dərəcədə şişirdilmişdir. Belə ki, həm intirnet saytlarında olan qiymətlərlə və həm də avtoehtiyyat hissələrinin satış mərkəzlərində qiymətlərlə maraqlanarkən həmin qiymətlərin kifayət qədər iddiaçının təqdim etdiyi aktla fərqləndiyi aşkar olunmuşdur. Aktla real bazar dəyəri arasında kifayət qədər fərq mövcüddur. Yəni, iddiaçı tərəf 15000-16000 manat dəyəri olmasına baxmayaraq bir tərəfi vurulmuş maşına görə onun yarı dəyərini tələb edir ki, bu da cavabdehi ağır maddi vəziyyətə salır. Verilmiş ekspertiza rəyi ilə razıdırlar və məhkəmədən həmin rəyə uyğun qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsidən görünür ki, “Chevrolet Malibu minik” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil “X2” MMC-yə məxsusdur. MC********** saylı Sığorta Şəhadətnaməsindən görünür ki, “Chevrolet Malibu minik” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 13:10-da Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində yol-nəqliyyat hadisəsində təqsiri olan şəxs Cavabdeh idarə etdiyi “VAZ 21041 minik” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil “X2” MMC-yə məxsus məxsus “Chevrolet Malibu minik” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “VAZ 21041” markalı, **-YG-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 13:10-da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “VAZ 21041” markalı, **-YG-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olduğundan 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli Hesablama Aktından görünür ki, “X2” MMC-yə məxsus “Chevrolet Malibu minik” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 8127 manat məbləğində vəsait tələb olunur. xx.xx.2025-ci il tarixli Sığorta aktından və ödəniş tapşırıqlarından görünür ki, “X2” MMC-yə ( X1) "xxxx" MMC tərəfindən 7877 manat məbləğində sığorta haqqı ödənilmişdir. Fotoşəkillərdə “Chevrolet Malibu minik” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən sonrakı görüntüləri əks olunmuşdur. “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, 196 saylı rəyindən görünür ki,xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu minik” markalı, **- YF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği (ehtiyat hissələrinin və təmir xərclərinin bazar qiyməti nəzərə alınmaqla) 5438,40 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, rkspertizanın dəyəri 300 manat Cavabdeh tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunu: 16.1. Qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz. 16.2. Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə maddi ziyan dəyməsi və hadisədə cavabdehin təqsirli olması işin mübahisəsiz hallarıdır. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəyən ziyanın 8127 manat qiymətləndirildiyini, həmin məbləğdən azadolma məbləği çıxıldıqdan sonra onlar tərəfindən 7877 manat sığorta ödənişi edildiyini bildirmiş, odur ki, həmin məbləğdən mülki məsuliyyətin icbari sığortası üzrə ödənilmiş 4750 manat çıxılmaqla yerdə qalan 3127 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə dəymiş ziyanı ödəməkdən yayınmadığını, lakin, avtomobilə dəyən ziyanın 8127 manat qiymətləndirilməsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC onun tərəfindən sığortalanmış avtomobilə cavabdehin təqsiri nəticəsində dəymiş ziyana görə 4750 manat sığorta ödənişi çıxılmaqla yerdə qalan məbləğin cavabdehdən tələb edilməsində haqlı olsa da, dəyən zərərin məbləğinə görə iddia qismən əsaslıdır. Belə ki, iddia tələbi delikt nəticəsində vurulmuş ziyanın reqres qaydada qaytarılması ilə bağlı olduğundan, tutulmalı olan zərərin miqdarı iddiaçının müvafiq ödəniş tapşırığı ilə ödədiyi məbləğə münasibətdə deyil, ziyanın vurulduğu şəxsə real vurulmuş zərərin məbləği ilə müəyyənləşdirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, vurulmuş ziyanın məbləğini müəyyən edərkən iddiaçının istinad etdiyi xx.xx.2025-ci il tarixli hesablama aktı Azərbaycan Qiymətləndiricilər Palatasının reyestrinə daxil olan müstəqil qiymətləndirici tərəfindən tərtib edilmədiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu minik” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği (ehtiyat hissələrinin və təmir xərclərinin bazar qiyməti nəzərə alınmaqla) 5438,40 manat müəyyən edilmişdir. Belə olan halda, maddi ziyanın məbləği 5438,40 manat müəyyən edildiyindən, iddia qismən təmin edilərək, həmin məbləğdən sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan məbləğ, 5438,40 - 4750 = 688,4 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 688,4 manat və 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 21,27 manat hissəsi iddiaçıya aid edilsin. 234 manat ekspertiza xərci "xxxx" ASC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar