Məhkəmə qərarları › İş №e-2(011)-4826/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4826/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4826/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24.500 manat əsas borc, bu əsas borcun üzərinə işləyən 2.145 manat gecikmə faizinin, 500 manat hüquqi xidmət xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 27.175 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 10 iyul 2019-cu ildə 24.500 manat məbləğində borc pul verdiyi cavabdehin 10 iyul 2019-cu il tarixli öz əlyazması il yazılmış borcun etirafı haqqında ərizəsindən anlaşılır. Bundan başqa həmin ərizədən anlaşılır ki, borc pulun geri qaytarılma vaxtı 8 ay müddətinə, yəni 10 mart 2020-ci il tarixinə təyin edilmişdir. Lakin bu tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh hələ də həmin pulu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X1 öz izahatında bildirmişdir ki, o, İddiaçı ilə dostdur. İddiaçı ona Rəşad adlı şəxsi tanıdığını və Rəşadın ona borcu olduğunu demişdir. Borcu qaytarmaq üçün ona əlavə 10.000 manat pul vəsaiti verilməlidir ki, o pulu bütövlükdə qaytara bilsin. O, iddiaçı ilə birlikdə cavabdehin evinə getmiş və 10.000 manat pulu vermişdir. Cavabdeh qızıl işi ilə məşğul olmuşdur, o, Aslana pulu itirdiyini demişdir. İtən pulu qaytarmaq üçün o, əlavə 10.000 manat pul istəmişdir. Rəşad onun yanında Aslana ümumi 24.500 manat məbləğində borcu olduğunu bildirmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 10 iyul 2019-cu ildə Cavabdeh 24.500 manat məbləğində pul vermişdir. Bunun əvəzində cavabdeh iddiaçıdan borc pul götürməsi barədə qəbz yazmış, borcunu etiraf etmişdir. Eyni zamanda o, qəbzdə borcu 8 ay ərzində qaytaracağını qeyd etmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən əsas borca görə 24.500 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış olmasa da, onlar borc verilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. İş materiallarında olan əlyazmadan görünür ki, cavabdeh iddiaçıdan borcu götürməsi ilə bağlı qəbz yazmış, həmin pulu borc olaraq götürdüyünü qəbzdə qeyd etmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan borc münasibəti əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı 24.500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın 2.145 manat gecikmə faizinin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Göründüyü kimi cavabdehin öhdəliyini vaxtında icra etməməsinin nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddiaçı qeyd edilən məbləğləri tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə Mülki Məcəllənin 445.1-ci maddəsinə istinad edərək hesab edir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan aldığı borcu qəbz yazaraq 10 mart 2020-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüş, lakin o, bu günə qədər borcunu qaytarmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin may ayında müraciət etmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, cavabdehin borcu qaytarmalı olduğu 10 mart 2020-ci il tarixdən iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi 2021-ci ilin may ayınadək gecikdirilmiş müddət 1 il 2 ay təşkil etdiyindən, əsas borcun illik 5% hesabı ilə həmin məbləğ 1.429 manat təşkil edir. (24.500-ün 5%i=1.225. 1 illik 1.225 manat; 2 ay- 1225:12x2=204 manat; 1.225+204=1.429 manat) Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olmaqla qismən təmin edilməli və cavabdehdən illik 5% hesabı ilə 1.429 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 500 manat hüquqi xidmət xərcinin tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 500 manat hüquqi xidmət xərcini tələb etsə də, ona həqiqətən də hüquqi xidmət göstərilməsini, vəkil ilə aralarında hər hansı müqavilənin olmasını, hüquqi xidmətə görə çəkilmiş xərcinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə aşkarlanmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.500 manat əsas borc məbləği və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.429 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş rüsumun 10 manatı iddiaçının özünə aid edilməli, cavabdehdən 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.500 (iyirmi dörd min beş yüz) manat əsas borc məbləği, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.429 (min dörd yüz iyirmi doqquz) manat, cəmi 25.929 (iyirmi beş min doqquz yüz iyirmi doqquz) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manatı İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar