Məhkəmə qərarları › İş №e-2(011)-4840/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4840/2025

07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4840/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kiçik Müəssəsinin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kiçik Müəssəsinin nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı kiçik müəssəsinin Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin boşaldılması ” tələbi barədə ilkin; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə, Cavabdeh2 qarşı “əmlak üzərində pay hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İlkin iddia tələbi: İddiaçı Kiçik Müəssəsinin Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun yetkinlik yaşına çatmayan övladları - 27 iyul 2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanı verilmiş qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılmas dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kiçik müəssəsi (bundan sonra iddiaçı) 1990-cu illərin əvvəlində təsis edilib, 29 iyun 2000-ci ildə təkrar dövlət qeydiyyatına alınıb. ********** vergi identifikasiya nömrəsi alıb. Nümayəndə2 iddiaçının rəhbəri və qanuni təmsilçisi təyin edilib. Bakı şəhər İcra hakimiyyəti başçısının 10 fevral 1994-cü il tarixli 189 nömrəli sərəncamı ilə iddiaçıya Xətai rayon, Parkovaya (indiki Ramiz Quliyev) küçəsinin 2949-cu məhəlləsində “Xidmət evi” layihələşdirməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ayrılmış torpaq sahəsi qeyri-yaşayış sahəsini (“Xidmət evi”) layihələşdirərək inşa etmişdir. Hazırda həmin qeyri yaşayış sahəsində cavabdeh İbrahimova (Orucova) Yeganə Rüstəm qızı (bundan sonra cavabdeh) yetkinlik yaşına çatmayan övladları - 27 iyul 2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə məskunlaşıb. Cavabdeh naməlum və qeyri qanuni şəkildə 2020-ci ilin oktyabr ayında yaşadığı ünvana ünvan 2yyata düşüb. Məlumat üçün bildirək ki, cavabdeh iddiaçı şirkətin hazırkı təsisçisi qardaşı Cavabdeh2 keçmiş arvadı, hazırki qanuni təmsilçisinin keçmiş gəlinidir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 fevral 2025-ci il tarixli e-2(011)- 967/2025 saylı qətnaməsi ilə cavabdeh və cavabdeh və Cavabdeh2 nikahları pozulub. Qarşılıqlı iddia tələbləri: İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quluyev küçəsi, 2949-cu məhəllədə yerləşən 58N saylı daşınmaz əmlakda 2/3 hissəsinə onun pay hüququnun, 1/3 hissəsinə Cavabdeh2 pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2005-ci ildə Cavabdeh2 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü İbrahimova Öznur və xx.xx.2013-cü il təvəllüdlü İbrahimova Ayla adlı iki qızları vardır.2005-ci ildən, yəni ailə quran vaxtdan 2020-ci ilə kimi ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. 2019-cu ilin dekabr ayından Bakı şəhəri, Ramiz Quliyev küç, məh 2949, mən 58 N ünvanında onlara yaşayış evinin tikintisinə icazənin verildiyini bildirən keçmiş qaynatasının sözü ilə o, keçmiş həyat yoldaşı Cavabdeh2la həmin ünvanda həyət evinin tikintisini başlamışlar və evin tikintisini 2020-ci ilin dekabr ayında tamamlamışlar. Keçmiş həyat yoldaşı Cavabdeh2 bildirirdi ki, evi dövlət qeydiyyatına saldıracaqdır. Onlar, yəni iddiaçı, həyat yoldaşı və iki övladı tikdikləri və yaşadıqları evə qeydiyyata da alınmışlar. Hazırda da iddiaçı o evdə yaşayırlar. 20 il nikahda olduqları müddətdə tikdikləri evin texniki göstəricilərinin qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Bu fakt təqdim etdikləri video materiallarla təsdiqlənir. Məlumat üçün bildirmək istəyir ki, keçmiş qaynatası - hazırda cavabdehin qanuni nümayəndəsi və qaynanası onların qonşuluqlarında özləri üçün tikdikləri evdə yaşayırlar. Yaşadıqları daşınmaz əmlakın -evin tikintisinə nikah müddətində kollu miqdarda vəsait xərcləmişlər. Beləki, yaşadıqları evin tikinitisində, təmirində, tikinti materiallarının alınmasında, ev əşyalarının və avadanlıqlarının alınmasında iddiaçı, iddiaçının valideynləri və keçmiş həyat yoldaşı iştirak etmişdir. İddiaçının atası şəxsən ona bağışladığı küllü miqdarda pul vəsaitini evin tikintisinə sərf etmişdir. Tələb üzrə cavabdeh bu proseslərdə iştirak etməmişdir. Təbii ki, cehizlər də həmin evdədir. Mübahisəli evin tikilməsi tarixinə iddiaçının 15 illik ailəsi vardır. İki övladlarının olması, iddiaçının atasının evin tikintisinə verdiyi pul vəsaiti ona verilən hədiyyə kimi qəbul edilməli, keçmiş həyat yoldaşının cavabdehlə birləşərək ona qarşı əsassız tələb irəli sürməklə əmlakda olan payını mənimsəmək niyyətində olmasını nəzərə alaraq, daşınmaz əmlak üzərində payı qeyri-bərabər şəkildə müəyyən edilməlidir. xx.xx.2025-ci il tarixli e-2(011)-967/2025 saylı Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçın övladlarının nikah müddətində əldə etdiyi əmlakdan çıxarılması və evin boşaldılması barədə tələbin irəli sürülməsini cavabdeh tərəfindən əmlak hüquqlarımın mənimsənilməsi faktı kimi qiymətləndirilməlidir. Məhkəməyə təqdim edilən sənədlərdən görünür və iddiaçıya məlum olmuşdur ki, keçmiş qaynatası təsisçisi olduğu Kiçik Müəssisəni 2021-ci il tarixdə oğlunayəni həyat yoldaşıma deyil, qızma bağışlamışdır. Beləliklə, hazırda keçmiş baldızı İddiaçı təsisçisi, keçmiş qaynatası isə həmin müəssisənin qanuni təmsilçisidir. Bu da bir daha cavabdehlərin nikah müddətində tikdiyim əmlakda olan payımı mənimsəmək niyyətində olmalarını göstərir. Beləliklə, onlar iddiaçını aldadaraq qanunvericiliyə zidd şəkildə davranmışlar. Tərəflərin izahatları: İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kiçik Müəssəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, qeyd edilən ünvana çıxarışın alınması üçün müraciət etmiş və onun müraciətinə baxılır. Adıçəkilən qeyri-yaşayış sahəsini Xətai Memarlıq İdarəsinin icazəsi ilə tikmişik, özbaşına tikməmişik. Həmin evi özü üçün tikmişdir. Oğlu xahiş kirayədə qalırdı deyə xahiş etmiş, buna görə evi müvəqqəti olaraq onlara vermişdir. Qarşı tərəf evin oboylarına və bəzi şeylərə pul qoyublar. Hazırda onları ödəməyə də hazırdır. Bu o demək deyil ki, onların həmin evdə payı var. Oboy və ona lazım olmayan bir-iki dəmirə pul veriblər. Bu məsələ ilə bağlı gəlin ilə danışmamış, oğlu ilə danışmışdır. Nə edibsə oğlu edib. Ancaq təmir üçün pul verə bilər. Onu da gərək onlar sübut etsinlər ki, nə qədər xərc qoyublar. Havayıdan qiymətlər yazmasınlar. O bina 150.000 manata başa gəlmişdir. İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kiçik Müəssəsinin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mübahisəli ünvan İddiaçınə aid qeyri-yaşayış sahəsidir. Məhkəməyə təqdim edilən fotoşəkillərdən də görünür ki, orada olan əvvəlki sahə sökülüb, yenidən bu qeyri-yaşayış sahəsi tikilib. Qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılmasına aid sərəncam da vardr. Hesab edirlər ki, ilkin iddia əsaslıdır. Çünki qarşı tərəfin həmin qeyri-yaşayış sahəsinə aidiyyəti yoxdur. Cavabdeh müəssisənin direktorunun oğlu ilə ailə münasibətlərində olmuş, sonradan aralarındakı nikah 2024-cü ildə pozulmuşdur. Hazırkı mənzildən çıxarılma mübahisəsi ilə bağlı Mülki Məcəllədə və Mənzil Məcəlləsində müvafiq norma mövcud deyildir. Lakin hesab edirlər ki, anoloji olaraq Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri tətbiq etmək olar. Belə ki, iddianın predmetini təşkil edən əmlaka cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqlarının Mülki Məcəllənin 228.2 və 228.5-ci maddəsinə əsasən də hüquqları yaranmayıb. Qarşılıqlı iddia tələblərini təsdiq edən mötəbər sübutlar təsdiq edilmədiyindən qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, ilkin iddia tələbləri əsassız və qanunsuzdur, qarşılıqlı iddia tələbləri isə əsaslıdır. Belə ki, cavabdeh 2005-ci idə təsisçinin oğlu ilə nikaha daxil olub, ailə qurub və birgə nikahdan 2 uşaqları anadan olmuşdur. Bugün keçmiş ər-arvad və iki uşaq həmin ünvanda qeydiyyatla olmaqla yaşayırlar. Cavabdeh həmin evdən pay hüququnun tanınmağını tələb edir. İddiaçının hazırda mənzildən çıxarılma ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, sərəncamda yazılıb ki, qeyri yaşayış sahəsinin tikintisi üçün müəssisəyə torpaq sahəsi ayrılsın. Amma hazırda söhbət qeyri-yaşayış sahəsindən deyil, yaşayış üçün yararlı olan əmlakdan gedir. N.Tusi küçəsi ünvanında yerləşən evdə cavabdehlər yaşayır və onun tikintisinə cavabdeh tərəfindən vəsait sərf olunub. Müəssisənin direktoru də hazırlıqda bildirib ki, Yeganə xanım və Zaur bəy tikintidə iştirak ediblər. Yeganə xanımın valideynləri evə pul qoyub. Bu məbləği onlar qeyd etmişlər. Ev dövlət qeydiyyatından keçməyib. Videodan görünür ki, ev yaşayış üçündür. İddiadan da görünür ki, onlar oğullarına qarşı iddia irəli sürməyiblər. Hazırda ər-arvadın birgə nikah dövründə inşa etdikləri əmlakı müəssisə məhkəmə yolu ilə əldən almaq istəyir. Söhbət müəssisədən gedir. Əgər müəsissə tərəfindən tikintiyə hər-hansı vəsait ayırırsa, bunun vergi sənədləri, mühasibat sənədləri və digər sübutları olmalıdır.Heç bir sübut təqdim edilməyib. Hazırkı evə cavabdeh demir ki, mülkiyyət hüququ var. O, sadəcə əmlakdan pay tələb edir. Ona görə ki, həmin əmlakın inşasında cavabdeh pul qoymuş və əmlakın vəziyyətini yaxşılaşdırmışdır. Qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri İcra Hakimiyyətinin 189 nömrəli xx.xx.1994-cü il tarixli torpaq sahəsinin ayrılması haqqında sərəncamının 39.1-ci maddəsindən görünür ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 47 №-li məktubu nəzərə alınaraq, İddiaçı X5 rayonu, Parkovaya küçəsinin 2949-cu məhəlləsində “Xidmət evi” layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-967/2025 saylı qətnaməsi ilə İbrahimova (Orucova) Yeganə Rüstəm qızı ilə Cavabdeh2 arasında 18 noyabr 2005-ci il tarixdə 3321 №-li akt qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 27 iyul 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2013-cü il təvəllüdlü X6 anaları İbrahimova (Orucova) Yeganə Rüstəm qızının himayəsində saxlanılması, Cavabdeh2 27 iyul 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İbrahimova (Orucova) Yeganə Rüstəm qızına ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixinə, saat 11:30-a ünvan 7 ünvanına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən ünvanda fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evi tam təmirlidir və hazırda Cavabdeh1, X3 və X6 yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «X8rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ararvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.11-ci bəndində qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır Həmin Qərarın 4.16-cı bəndində qeyd edilmişdir ki, özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin 189 nömrəli xx.xx.1994-cü il tarixli torpaq sahəsinin ayrılması haqqında sərəncam ilə İddiaçı X7 rayonu, Parkovaya küçəsinin 2949-cu məhəlləsində “Xidmət evi” layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən ünvanda fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh1 və Cavabdeh2 18 noyabr 2005-ci il tarixdə nikaha girmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-967/2025 saylı qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış nikah pozulmuş və birgə nikahdan olan uşaqlar - 27 iyul 2007-ci il təvəllüdlü X3 və 05 aprel 2013-cü il təvəllüdlü X1 Yeganə Rüstəm qızının himayəsində saxlanılmışdır. Nikah pozulduqdan hazırkı tarixədək Cavabdeh1 da himayəsində olan uşaqlar ilə birlikdə mübahisəli ünvanda yaşayır. Məhkəmə ilkin iddia tələbləri üzrə məhkəməyə təqdim edilmiş sənədləri və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki, mübahisəsiz şəkildə müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin 189 nömrəli xx.xx.1994-cü il tarixli Sərancamı ilə İddiaçınə ayrılmışdır. Lakin sonradan qeyd edilən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, məhkəmənin qənaətinə görə faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələbin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması məsələsi araşdırılmalıdır. Bu məqsədlə əmlakdan istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma əsasları, özbaşına tikilidə faktiki yaşayanlarla cavabdehin əlaqəsi, cavabdehin mübahisələndirilən evdə faktiki yaşamaq hüququnun mövcudluğu əsası araşdırılmalıdır Beləliklə, tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, fərdi yaşayış evi faktiki olaraq, cavabdehin istifadəsindədir, müəssisənin təsisçisinin oğlu ilə nikahda olarkən həmin evə köçmüş və ər-arvad tərəfindən evin inşasına və təmirinə vəsait ayrılmışdır. Digər tərəfdən iddiaçı özü də bildirmişdir ki, cavabdeh tərəfindən (məhkəmə iclasında oğlu tərəfindən xərc qoyulduğunu bildirsə də) evə çəkilmiş xərci ödəməyə hazır olduğunu bildirmişdir. Nəzərə aldıqda ki, mənzil üzərində sərəncam vermə hüququna münasibətdə hər iki tərəfin səlahiyyəti yoxdur, mübahisəyə sahiblik hüququ məfhumundan irəli gələn hallara əsasən baxılmalıdır. Bu zaman da aydın olur ki, tərəflərin sahiblik hüququna münasibətdə hüquqları ekvivalent təşkil etməkdədir. İddiaçı tərəfindən irəli sürülən məqamlar faktiki olaraq mülkiyyət hüququnun elementləri ilə əhatə olunsa da, iş materiallarından görünür ki, cavabdehin də müvafiq sahiblik (evin inşasına vəsait ayırması, evi yaxşılaşdırması, fasiləsiz olaraq həmin ünvanda yaşaması, cavabdehin həmin evə köçürülməsinə iddiaçı tərəfin narazılığının olmaması və s.) hüququnun mövcudluğu işin təkzibedilməz halıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzildən və ya digər bu kimi yerlərdən məcburi çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdehin mübahisəli ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəmədə təsdiq edildiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü mənzildən çıxarılma tələbinin hər hansı qanuni və ya hüquqi əsası mövcud deyildir. Məhkəmə qarşılıqlı iddia tələblərinə dair məhkəməyə təqdim edilmiş sənədləri və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi əmlak özbaşına tikilidir, həmin əmlak dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin həmin əmlakın yerləşdiyi torpaq sahəsi İddiaçınə Bakı şəhəri İcra Hakimiyyətinin 189 nömrəli xx.xx.1994-cü il tarixli torpaq sahəsinin ayrılması haqqında sərəncam ilə “Xidmət evi” layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 4.16-cı bəndində qeyd edilmişdir ki, özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Həmçinin həmin Qərarın 4.11-ci bəndində qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.2ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Şərh edilənlərə əsasən qeyd edilən fərdi yaşayış sahəsi özbaşına tikinti sahəsi olduğundan və hazırda heç bir tərəfin həmin əmlaka dair mülkiyyət hüququ dövlət tərəfindən qeyd alınmadığından həmin əmlak üzərində paylar tanına bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı kiçik müəssəsinin Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin boşaldılması ” tələbi barədə ilkin iddiası təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə, Cavabdeh2 qarşı “əmlak üzərində pay hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar