Məhkəmə qərarları › İş №e-2(011)-4889/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4889/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4889/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin (Bundan sonra - iddiaçı) vəkilin və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilkin, cavabdehin iddiaçıya qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər bir-birlərini xeyli müddət əvvəl tanıyırlar. Cavabdeh mebel istehsalı və satışı ilə məşğul olmuşdur. Tərəflər birlikdə mebel istehsalı ilə bağlı şifahi razılığa gəlmiş və bu məqsdlə idiaçı cavabdehə, hissəs-hissə olmaqla, ümumilikdə 91 000 manat məbləğində pul vəsaiti vermişdir. Sonradan cavabdeh tərəfindən həmin puldan 66 000 manat iddiaçıya qaytarılmışdır.

2. Cavabdehin müraciəti əsasında iddiaçının barəsində araşdırma aparılmış, lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

3. Həmçinin, iddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış, lakin onun əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

İlkin və qarşılıqlı iddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İlkin iddia ərizəsinin dəlilləri:

4. İddiaçı cavabdehdən 25000 manat, ödənilmiş 170 manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat, ümumilikdə 25490 manat pulun tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə tələbə yoldaşı və dost olmuşlar. 2021-ci ilin avqust ayından başlayaraq mebel istehsal etmək üçün hissə-hissə olmaqla cavabdehə ümumilikdə 91000 manat pul vəsaiti vermişdir. Lakin bir müddət keçəndən sonra heç bir qazanc əldə etmədiyini görmüş və ödədiyi pulun geri qaytarılmasını istəmişdir. Ümumilikdə vermiş olduğum 91000 manat vəsaitdən, cavabdeh tərəfindən 66000 manat pul geri qaytarılmışdır. Yerdə qalan 25000 manat pulu dəfələrlə geri qaytarılmasını istəsə də, müxtəlif bəhanələr gətirməklə qalıq vəsaitin geri qaytarılmasından cavabdeh imtina etmişdir. Bununla əlaqədar polis orqanına müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Bölməsinin 08 mart 2024cü il tarixli qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilmsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh tərəfindən 91000 manat vəsaitdən 66000 manat vəsait hissə-hissə geri qaytarılmışdır. Eyni zamanda, cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, iddiaçı və onun yaxınları tərəfindən guya hədə-qorxu ilə 25000 manat pul tələb olunmasını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:

6. Cavabdeh 66 000 manat məbləğində pul vəsaitinin, həmçinin 288 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Cavabdeh qarşılıqı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ondan əsassız olaraq 66 000 manat məbləğində pul vəsaiti almışdır. Belə ki, onun tərəfindən cavabdeh qarşısında heç bir borc və ya öhdəlik mövcud deyildir. İddiaçı hər hansı pul vəsaitini ona təqdim etməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı ondan 66 000 manat məbləğində pul vəsaitinin alınması nəticəsində əsassız varlanmışdır.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid X2 izahatında bildirdi ki, o, hər iki tərəfi yaxından tanıyır, iddiaçını 25 ildir, cavabdehi isə 7-8 yaşından etibarən tanıyır. Cavabdehlə sinif yoldaşı olmuş, iddiaçını isə Təfəkkür universitetində oxuyandan tanıyır. Cavabdeh mebel istehsal etməyə başladmışdı, iddiaçını da bu fəaliyyətə cəlb etmişdir. Tərəflər bu işə şərik kimi başlayıblar. Sonra sifarişçi pul vermədiyinə görə iddiaçı cavabdehə pul verdi. Pul verilən zaman yanlarında olmayıb, lakin iddiaçı onun yanında cavabdehə pul verdiyini bildirmiş, cavadeh isə bunu təsdiq etmişdir. Əvvəl cavabdeh dedi ki, pulu qəpiyinə qədər qaytaracaq, sonra dedi ki, maddi imkanı yoxdur. Əvvəl 20000 - 23000 manat pul olub. Fəaliyyət bir müddət dayanmış, iddiaçı cavabdehə pul verdikdən sonra davam etməyə başlamışdır. İddiaçı həmin pulu borc kimi cavabdehə verdi ki, o, mebel istehsal edə bilsin. Əvvəl balaca məbləğlə şərik kimi başladılar, sonra iddiaçı bildirdi ki, o, bu işlə məşğul ola bilməyəcək.

11. Məhkəmə iclasında şahid X1 izahatında bildirdi ki, iddiaçı onun dayısıoğludur. Cavabdehi iddiaçının dostu kimi tanıyıb. 2020-ci ildən cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, iş görməsi üçün ona müəyyən qədər pul vəsaiti verməsini xahiş etmişdir. Hər ikisinin söhbətlərində iştirak etmişdir. O, həmişə bir böyük kimi iddiaçı ilə birlikdə gedib. Cavabdeh iddiaçıdan 91.000 manat pul almışdı, 18 000 manatı qaytardı, sonra qalanın qaytarması üçün danışıqlar apardılar. Hətta bir dəfə cavabdehin xalasıoğlu da danışıqlarda iştirak etmişdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

27. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.

28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

29. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsası kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin düzgün hüquqi əsasını müəyyənləşdirməyə haqlıdır.

30. İddia ərizəsindən iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı mebel istehsalı məqsədlə cavabdehə 91 000 manat məbləğində pul vəsaiti vemişdir, cavabdeh bir müddət mebel istehsalı ilə məşğul olmuş, lakin sonra fəaliyyətini dayandırmışdır. İddiaçı hazırda cavabdehə verdiyi pulun geri qaytarılmasını tələb edir.

31. İddiaçı tərəfindən cavabdehə 91 000 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan tərəflərin bir-birlərinə ünvanladıqları ismarıcların (sms yazşmların) mətnindən də aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq cavabdehdən ona olan borcunu ödəməsini tələb etmiş, cavabdeh isə iddiaçıya borcunun olmasını mübahisələndirməmiş, hətta müəyyən miqdarda ödənişlər etmiş, tərəflər arasındakı sms yazışmalarda da daim cavabdeh tərəfindən ödənilən və qalan pulun məbləği barədə qeydləe edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da müəyyən olunur ki, cavabdeh izahatında iddiaçının ona 91 000 manat pul vəsaitini ümumilikdə şirkətə xərcləməklə maliyyə dəstəyi həyata keçirməsini, lakin iddiaçı onu şantaj etdiyi üçün 66000 manat pulu qaytardığını bildirmişdir.

32. Eyni zamanda da işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehə mebel istehsalı üçün 91 000 manat pul vermiş, sonradan razılaşmaları pozulduğundan həmin puldan 66 000 manat qaytarılsa da, 25 000 manat iddiaçı tərəfindən qaytarılmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, sübuta yetriləcəyi halda, iddiaçı ona dəymiş maddi zərəri tələb edə bilər.

33. Məhkəmə qeyd edir ki, pul vəsaitinin cavabdehə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Belə ki, şahid Samir Məmmədov məhkəmə iclasında bildirdi ki, iddiaçı tərəfindən cavabehə pul vəsaiti verilərkən orada olmasa da, sonradan tərəflər arasındakı mübahisədən məlumatı olmuş və tərəflər özləri ona etiraf etmişdir ki, cavabdeh iddiaçıdan 91 000 pulu mebel istehsal etmək üçün almışdır. Məhkəmə qeyd edir ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmiş, əksinə şahid Samir Məmmədov hər iki tərəf arasında uzun illər yaxın dostluq əlaqələrinin olmasını bildirmişdir.

34. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur.

35. Əməlin delikt olmasını şərtləndirən birinci addım həmin əməlin qanuna zidd olub-olmamasının müəyyən edilməsindən ibarətdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Lakin, iddiaçı tərəfindən cavabdehin ona maddi zərər vurmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçı tərəfindən pul vəsaitinin mebel istehsalı ilə bağlı cavabdehə verilməsi həm iş materiallarında olan sübutlar əsasında, həm də şahid ifadələri əsasında öz təsdiqini tapmışdır.

36. Məhkəmə həmçinin iddianın 170 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

37. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

38. Cavabdeh hesab edir ki, iddiaçı ondan 66000 manat pul almaqla əsassız varlanmışdır. Mülki Məcəllənin 1091-ci maddəsində əsassız varlanmanın baş verməsi üçün iki əsas müəyyən edilmişdir: birinci əsas odur ki, əsassız varlanmnın yaranması üçün hüquqi əsas əvvəldən mövcud olmur. Yəni, əsassız varlanın əldə etdiyini nə qanunla müəyyən edilmiş əsaslarla, nə də hər hansı müqavilə əsasında qazanmır; ikinci əsas isə ondan ibarətdir ki, əsassız varlanan əldə etdiyini əvvəl hər qanuni yolla əldə etmiş olsa da, sonradan həmin əsas (əvvəl mövcud olmuş qanuni əsas) aradan qalxmış olur. Bu halda da, qanun əldə olunanların zərər çəkənə qaytarılmasını müəyyən etmişdir.

39. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi o halda təmin edilə bilər ki, iddiaçı yuxarıda qeyd edilən əsasların hər hansı biri olmadan cavabdehdən 66000 manat pul alsın. Lakin işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında mebel istehsalı ilə bağlı şifahi razılaşma olmuş və iddiaçı bu məqsədlə cavabdehə 91000 manat pul vermişdir. Cavabdehin verilən puldan sonradan 66000 manat hissəsini qaytarması və bununla bağlı tərəflər arasında sms yazışmalarında onun qalan pulu da qaytarmaq üçün iddiaçıya vədlər verməsi belə nəticəyə gəlməyə əsas verir ki, qaytarılan 66000 manat cavabdehin şifahi razılaşmadan irəli gələn öhdəliyi ilə bağlı olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya verdiyi 66000 manat pulun qaytarılması üçün hüquqi əsas mövcud olmuşdur. Həmin pul vəsaitinin qaytarılması üçün hüquqi əsasın sonradan aradan qalxması üçün hüquqi əsasın olması isə iş materialları ilə sübuta yetirilmir. Əksinə, iddiaçı tərəfindən 91 000 manat məbləğində pulun cavabdehə hansı məqsədlə verilməsi, tərəflərin niyyətləri, eləcə də hazırda iddiaçı tərəfindən cavabdehdən 25 000 manat məbləğində pul vəsaitinin ödənilməsini hansı əsasla tələb etməsi də yuxarıda ətraflı şəkildə göstərilmişdir.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İlkin iddia təmin edilsin. 25 000 manat məbləğində pul vəsaiti və 170 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar