Məhkəmə qərarları › İş №e-2(011)-4889/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4889/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4889/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Nağızadə Gülnaz Nasir qızı katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh iddiaçını aldatmış və nəticədə ona 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Təqribən 2024-cü ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində Binə ticarət mərkəzində, sport alətlər satılan mağazaya, iddiaçı Telman adlı şəxsə idman alətlərinin ona satılmasından ötrü müraciət etmişdir. Telman ona 14.000 manat dəyərində yeni idman alətləri satmağı öhdəsinə götürmüş, malları anbardan gətirəcəyini deyərək 15 gün müddətində vaxt istəmişdir. Bununla bağlı ilkin olaraq ona 1900 ABŞ dolları pul ödəmişdir. Lakin həmin müddətdə o, başqa yerlərdən işlənilmiş malları toplamışdır. Beləliklə o iddiaçının əlil olduğunu görüb, başqa bir yerə müraciət edə bilməyəcəyini düşünərək ona yeni adı altında işlənilmiş idman alətlərini Lənkəran şəhərinə göndərərək 10.000 manat məbləğinə satmışdır. Alətlərin işlənmiş olduğu isə iddiaçıya sonradan məlum olmuşdur. İddiaçı Telman adında bu şəxsə pulunu geri qaytarmasından ötrü dəfərlərlə təkid etsə də, o pulu qaytarmamışdır. Həmçinin, alış aktı olmadan, hər hansı qəbz, sənəd vermədən, sadəcə alətlərin siyahısını iddiaçıya vermiş və bu şəkildə satmışdır. Belə ki, iddiaçı ödənişi nağd şəkildə ödəmişdir. Mağazadan məhsul alarkən, ödənişi ödədikdən sonra, ödəniş qəbzi müştəriyə verilməlidir. Bu qeyd edilənlər özü də bir qanun pozuntusudur. İddiaçı Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən İ Qarabağ müharibəsində iştirak etmiş, vətəni qorumaq üçün apardığımız mübarizədə İ qrup əlil olmuşdur. Sözügedən şəxsin törətdiyi əməllər onun psixoloji sarsıntı keçirməyinə səbəb olmuşdur. Mənəvi cəhətdən ona təsir edən bu hal sağlamlığına da ziyan vurmuşdur. Bu səbəbdən də cavabdehin bütün bu müddət ərzində ona vurduğu mənəvi ziyanın tələbini də iddiada qeyd etmişdir. Sağlamlığı məhdud olan bir şəxs kimi keçirdiyi psixoloji və mənəvi sarsıntılar fiziki sağlamlığına da ciddi ziyan vurmaqdadır. Hal-hazırda isə cavabdeh törətdiyi əməllərdən peşman deyildir və o bu hərəkətləri ilə şəxsi mənafeyini yüksəltməyə çalışmışdır. Bununla bağlı məhkəməyə müraciət etmədən öncə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Lənkəran ŞRPŞ-nin təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən 16 yanvar 2025-ci il tarixli qərar qəbul edilmişdir. Bu qərara əsasən işin cinayət tərkibli olmadığı qərara alınmışdır. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək hüququndan istifadə edərək ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh 10.000 (on min) manat maddi ziyan və 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın ümumilikdə 15.000 (on beş min) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.

Tərəflərin izahatı:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdehdən idman alətləri satın almışdır, lakin avadanlıqlar işlənmiş və köhnə gəlmişdir. Bununla bağlı cavabdehlə əlaqə saxlamış, polisə də şikayət etmişdir, lakin nəticə olmamışdır. Cavabdehdən çoxlu sayda idman alətləri almışdır. Onların içində ən bahalısı hal-hazırda cavabdehdə olan idman alətidir. O qeyd etmişdir ki, sentyabr ayında idman alətlərini rayona satıcı özü gəlib çatdırmış, quraşdırmış və getmişdir, üzərindən 1 ay keçməmiş 2750 manatlıq alət işləməmişdir, birinci dəfə cavabdeh özü rayona gəlib baxdı, düzətdi getdi, sonra yenə xarab oldu, çağırdım gəlmədi, məcbur olub maşınla Bakıya cavabdehə göndərdim, dedim pulumu geri qaytarsın, malı xarabdır. Alət iddiaçıda heç iki ay da qalmadı. Cavabdeh nə pulumu, nə də aləti geri qaytardı, mən də polisə müraciət etdim, indi də bütün alətləri geri qaytarıb pulumu geri almaq istəyirəm. O biri alətləri də başqa ustalara düzəltirdəndə dedilər ki, bu alətlər də işlənmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı müharibə iştirakçısı olması və əlilliyindən istifadə edir. O, iddiaçıya razılaşdıqları lazım olan avadanlıqları vermişdir. Düzdür bir dəfə alətlərin işləməməsi ilə bağlı yenidən rayona gedib, lakin alətlər düzgün elektrik qovşağına qoşulmadığı üçün, proqramı düzgün qurmadıqları üçün işləmirdi, düzəldib qayıtmışdır. Sonra yenidən 2750 manatlıq alətlə bağlı zəng etmişdir. Həmin alət əslində çox bahalıdır, sadəcə “vitrin aləti” olduğu üçün yarı qiymətinə satmışdır. Alətdə heç bir problem olmadığını, hal-hazırda onda olduğunu, işlənmiş alət satmadığını qeyd etmişdir. Sonda idianın təmin edilməməsini, məhkəmədən xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

6. Lənkəran ŞRPŞ-nin TB-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Lənkəran şəhəri M.S. ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 7.Fotoşəkillər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

9. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu:

1. mühüm qüsur — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur;

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.

12. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı

Məhkəmənin mövqeyi:

14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

15. İddia tələbi maddi və mənəvi tələblə bağlı olmaqla iki hissədən ibarət olmaqla iki hissədən ibarətdir. Məhkəmə iddia tələbinin maddi tələblə bağlı hissəsini araşdırarara qismən əsaslı hesab edir.

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və müvafiq olaraq həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir.

17. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında (şifahi) alqı-satqı müqaviləsi bağalanmış, satıcı əşyanı alıcının mülkiyyətinə vermiş, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) satıcıya ödəmişdir. İddiaçı cavabdehdən müxtəlif idman alətləri almış, onlardan birinin qiyməti baraəsində tərəflər arasında mübahisə mövcud deyil, hər iki tərəf idman alətinin 2750 manata alıb-satdığını etiraf edir.

18. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəf 2024-cü ilin sentyabr ayının sonu Binə Ticarət Mərkəzində yerləşən cavabdehin mağazasından idman alətləri almış, cavabdeh özü oktyabr ayında idman alətlərini Lənkəran şəhərinə gəirib quraşdırmışdır. Dhaa sonra 2750 manat dəyərində olan alət işləmədiyi üçün cavabdeh yenidən Lənkəran şəhərinə getmiş, aləti düzəltmiş, Bakıya qayıtmışdır. Alət yenidən işləməmiş, cavabdeh təmir üçün gəlmədikdə o öz hesabına aləti Bakıya göndərmiş, alət hal-hazırdan cavabdehdədir. İddiaçı tərəf cavabdehin satdığı bütün alətlərin işlənmiş, yararsız olduğunu iddia etsə də idman alətlərinin tam sayı, keyfiyyəti, istehsal tarixi və işlənmiş olduğuna dəlalət edən sübutuları məhəkəməyə təqdim ettməmişdir.

19. Cavabdeh tərəf də bütün əşyaların saz, lazımi keyfiyyətdə olması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, 2750 manatlıq alətin işləməməsinin səbəbini elektrik xəttinə düzgün qoşulmaması, proqramın düzgün tətbiq edilməməsi ilə bağlı olduğunu bildirmiş, lakin satılmış alətin lazımi keyfiyyətə olmasını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

20. İşin halları ona dəlalət edir ki, cavabdeh iddiaçıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməmiş, əşyanın qüsurları barəsində iddiaçıya qabaqcadan məlumat verməmiş, buna görə də iddiaçı Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsinin icrasından imtina etmiş satıcıdan əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ yaranmışdır.

21. İddiaçının iddia etdiyi kimi bütün satılmış alətlər deyil, yalnız 2750 manat dəyərində olan idman alətinin ona qüsurlu vəziyyətdə verilməsi hər iki tərəfin etirafı ilə sübuta yetirilsə də, cavabdeh həmin qüsurların məhz aparata düzgün qulluq edilməməsi (elektrik xəttinə düzgün qoşulmaması) və düzgün istismar edilməməsi nəticəsində yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

22. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini Cavabdeh 10.000 (on min) manat maddi ziyan hissəsində qismən, 2750 manat hissəsində əsaslı hesab eidir.

23. Məhkəmə iddia tələbini 5.000 (beş min) manat məbləğində mənəvi ziyan hissəsində əsassız hesab edir.

24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

25. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

26. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçı mənəvi iztirab keçirməsi halları öz əksini tapmamışdır və iddia tələbi mənəvi zərər hissəsində rədd edilməlidir.

27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddiaçı iddia ərizəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat tutularaq İddiaçı ödənilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar