Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-490/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən evə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin evdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmiş X15 oğlunun yeganə vərəsəsidir, Azərbaycan SSR İcra Komitəsi tərəfindən xx.xx.1977-ci il tarixli, 168845 saylı order Abiyev İsarafil Gülbala oğluna verilərək, həmin orderdə arvadı Qafarova Töfəxanım Camal qızı, övladları X8 və X19 oğluna Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 46.73 kv.m olan 1a saylı evin 46 saylı mənzilində yaşamaq hüququ verilmişdir, Abiyev İsrafil Gülbala oğlu vəfat etdikdən sonra mənzil üzərində hüquqları vərəsəlik yolu ilə iddiaçıya keçmişdir, iddiaçı mənzili özəlləşdirmək niyətində olsa da, cavabdeh həmin mənzilə istifadə hüququnun olduğunu iddia edərək birbaşa və dolayı yollarla mənzilin özəlləşdirilməsinə mane olmuşdur, iddiaçının qardaşı X19 oğlu cavabdeh ilə 23 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahdan 21 iyun 2004-cü il təvəllüdlü X21 oğlu və 26 mart 2006-cı il təvəllüdlü X23 oğlu adlı iki övladları vardır, daha sonra ailə münasibətləri korlandığından Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5698/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur, cavabdeh X19 oğluna qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət olunmuşdur, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10086/2018 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur, AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-726/19 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır, eyni zamanda, İ.G.Abiyev vəfat etdikdən sonra, sonuncunun vərəsəsi iddiaçı, iddiaçının anası Qafarova Töfəxanım Camal qızının və X19 oğlunun razılığı ilə mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-a müraciət etsə də, həmin vaxt cavabdehin iddiası üzrə Xətai Rayon Məhkəməsində 2(011)- 4424/2018 saylı mülki işə baxılarkən əmlak üzərinə həbs qoyulduğundan Reyestr Xidməti özəlləşdirməni rəsmiləşdirə bilməmişdir, iddiaçı Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzili özəlləşdirmək niyyətində olsa da, cavabdeh birbaşa və dolayı yollarla bu prosesə mane olmağa çalışmış, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur, iddiaçı bununla bağlı, cavabdehin qardaşının keçmiş həyat yoldaşı olduğunu və onun iki övladının olduğunu nəzərə alaraq, cavabdehə bazar qiymətinə uyğun məbəğdə kompensasiya ödənilməklə onun mənzildən çıxmasını dəfələrlə bildirsə də, sonuncu bundan imtina etmiş və nəticədə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olmuşdur, cavabdeh mübahisəli mənzildən yalnız istifadə etmək hüququna malik olduğundan, onun adı orderdə göstərilmədiyindən, iddaçının ailə üzvü olmadığından və iddiaçı ilə heç bir ailə münasibəti olmadığından, mənzili özəlləşdirmək hüququ mənzillə bağlı kirayə müqaviləsi bağlanmış şəxsin yeganə vərəsəsi olan, mənzillə bağlı orderdə adı göstərilmiş iddiaçıya məxsusdur, xx.xx.2022-cil tarixli müraciətə əsasən, "xxxx" MMC-nin ekspertləri tərəfindən sözügedən mənzilin bazar və aylıq kirayə dəyərlərinin müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmişdir, verilmiş 2584/SQ saylı arayışa əsasən mənzilin bazar dəyəri 90000 manat, aylıq kirayə dəyəri 300 manat təşkil edir ki, buna əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə ekvivalent bir mənzilin 3 illik kirayə dəyəri 10800 manat hesablanmalıdır, halhazırda cavabdehə 15000 manat kompensasiya verməyi təklif edirlər, iddiaçının atasına order verilib, onun qanuni vərəsəsi isə Nigardır, o da vərəsə kimi hüququndan istifadə edir, iddiaçı özü orada yaşamır, evlənib gəlin köçmüşdür, başqa evdə yaşayır, ev vətəndaşlardan heç kimindir, 1993-cü ildən mənzil fondu haqqında qanun var, order var, ev mirasa aiddir. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli mənzilə 2003-cü ildən gəlin köçmüşdür, ora gələndə iddiaçı artıq gəlin köçmüşdü, orada yaşamırdı, iddiaçını baldızı kimi tanıyır, lakin o vaxtdan iddiaçını o evdə görməmişdir, qeyd edilən mülk özəl deyil, onların onu oradan çıxarmağa haqqı çatmır, iddiaçının qardaşı ilə 2018-ci ildə boşanmışdırlar, eyni mənzillə bağlı keçmiş yoldaşı da onu məhkəməyə vermiş, iş Ali Məhkəməyə qədər getmişdir, mənzildən çıxarılmamışdır, hazırda da eyni işdir, sadəcə bu dəfə baldızı onu məhkəməyə vermişdir, 2018-ci ildən o evdə qeydiyyatdadır, yaşamağa başqa yeri yoxdur, uşaqları ilə birlikdə orada yaşayır, uşaqlarına ev verməlidir, həmin evdə hazırda özü, uşaqları və keçmiş həyat yoldaşı, yəni iddiaçının qardaşı yaşayır, kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə isə razı deyildir, orada onun hüququ vardır, yaşayır. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, hazırkı eyni predmetlə bağlı iddiaçının qardaşı tərəfindən də tələblə məhkəməyə müraciət olunmuşdur, onun cavabdehə qarşı “18000 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X13 və X17 ilə birgə həmin mənzildən çıxarılmaları”na dair iddiası təmin edilməmişdir, hazırki iş də eyni işdir, sadəcə cavabdehin yoldaşı öz hüquqlarından vərəsə kimi bacısının xeyrinə imtina etmiş, bacısı isə eyni tələblə məhkəməyə müraciət etmişdir, hazırda evdə cavabdeh və uşaqları faktiki olaraq yaşayırlar. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəfin və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR İcra Komitəsi tərəfindən verilmiş 168845 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 26 sentyabr 1977-ci il tarixdə X2 X3, X9 və X14 ilə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 46.73 kv.m olan 1a saylı evin 46 saylı mənzilinə köçmək hüququ verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında 07 may 2019-cu il tarixdən qeydiyyatdadır. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-355/2021 sayıl xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı X4 Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə onun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh iki övladı 21 iyun 2004-cü il təvəllüdlü X13 və 26 mart 2006-cı il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh X5 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5262/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə ilkin iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-355/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X4 Cavabdeh qarşı «18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X13 və X17 ilə birgə həmin mənzildən çıxarılmaları»na dair iddiası təmin edilməmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5698/2018 saylı qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh arasından xx.xx.2003-cü il tarixdə bağlanmış, 417 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan 21 iyun 2004-cü il təvəllüdlü X6 və 26 mart 2006-cı il təvəllüdlü X11 anaları Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10086/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-726/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10086/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6142/2021 nömrəli Qərarı ilə ilkin iddia tələbi üzrə iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5262/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış X/165 №-li, 22 noyabr 2018-ci il tarixli məktubdan görünür ki, 22 noyabr 2018-ci il tarixində, 28 iyul 2008-ci il tarixdə vəfat etmiş X1, qızı - İddiaçı ərizəsi ilə vərəsəlik işi açılmışdır, sənədlərə müvafiq olaraq X1 vərəsəsi qızı - İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə barədə hesabatın surətindən görünür ki, ünvan 3 ünvanındakı 9 mərtəbəli “Leninqrad” layihəli binanın 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46 nömrəli mənzilin 27 oktyabr 2022-ci il tarixinə bazar dəyəri 90000 manat, aylıq icarə dəyəri 300 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına mülkiyyətində olan daşınmaz əmlak qeydə alınmamışdır, yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 15, mənzil 56-dır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzillə bağlı iddiaçının atası X2 26 sentyabr 1977-ci il tarixdə order verilmiş, həmin orderlə arvadı X3 və övladları X8 və X5 həmin mənzildən istifadə hüququ verilmişdir, X7 xx.xx.2008-ci il tarixdə, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5698/2018 saylı qətnaməsi ilə iddiaçının qardaşı İ.İ.Abiyev və Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə bağlanmış nikah pozulmuşdur, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir, iddiaçının qardaşı İ.Abiyev Cavabdeh qarşı “kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi və övladları ilə birgə həmin mənzildən çıxarılmalarına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5262/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə onun həmin iddia tələbi təmin edilməmişdir, mübahisəli əmlak dövlət mənzil fonduna aid olmaqla, mənzil mülkiyyət hüququ üzrə rəsmi dövlət reyestrində qeydə alınmamışdır, iddiaçı evlənərək daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur və mülkiyyət hüququ, habelə daşınmaz əmlaka digər hüquqlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır, bununla belə, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyətində olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, onun qətnamə əsasında həmin mənzilə istifadə hüququ tanınaraq köçürülmüş Cavabdeh istifadə hüququna AR MM-nin 228-ci maddəsi əsası ilə kompensasiya verilməklə xitam verilməsi barədə hazırki iddiası da məhkəmə tərəfindən təmin oluna bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırda mübahisəli mənzil təyinatı üzrə sosial kirayə müqaviləsi əsasında istifadə olunduğundan, cavabdehin də həmin mənzilə istifadə hüququ tanındığından və orada pasport qeydiyyatında olmaqla faktiki yaşadığından, mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” istisna olunmur. Məhkəmə, iddiaçının “mənzilə dair orderdə adının olması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla, iddiaçı, dövlət mənzil fonduna aid olan mübahisəli əmlaka 1977-ci ildə atasına verilmiş order əsasında istifadə hüququ əldə etsə də, o, mənzildən daimi əsaslarla (evlənərək başqa evə gəlin köçməklə) yaşamaq üçün başqa yaşayış yerinə köçmüş, hazırki günədək mənzildə faktiki yaşamamaqla ondan istifadə etmir, ikinicisi, hüquqi və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz olduğu qədər, mənzil hüququ da, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünü özündə ehtiva etməklə, hüquqi dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilən dəyərlərdəndir və bu hüquqlar insan hüquq və əsas azadlıqları sistemində vahid vəhdət təşkil edərək eyni əhəmiyyətli hüquqlar kimi müdafiə olunur, həmçinin hər kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Belə olan halda məhkəmə hesab edir ki, “mənzilə dair orderdə adının olması” kimi iddiaçının irəli sürdüyü dəlillər, hazırda həmin mənzildə faktiki olaraq yaşayan cavabdeh şəxsin mənzilə olan ehtiyacının ödənilməsinin normativ əsası sayılan mənzildən istifadə hüququnun xitamı üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə; müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən olunmuş hüquqi mövqeyə əsasən, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. ... Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, adına özəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd şəkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyinə görə isə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla onun özünün və ailəsinin sağlamlığının və rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna və işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 15000 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən evə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin evdən qeydiyyatdan çıxarılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 15000 (on beş min) manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən evə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin evdən qeydiyyatdan çıxarılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-490/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-490/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver