Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4961/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şəxsin mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 13 saylı evin 43 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və onun həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 13 saylı evin 43 saylı mənzili onun xüsusi mülkiyyətindədir, onun oğlu X3 ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə nikah münasibətinə daxil olaraq, ailə qurmuşlar, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. Nikahdan sonra Cavabdeh və X3 iddiaçıya məxsus olan Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, ev 13, mənzil 43-də iddiaçı ilə birgə yaşamışlar, hər iki övladları da orada doğulmuşdur.Oğlu ilə gəlini arasında ailə münasibətləri 2018-ci il tarixdə faktiki olaraq kəsilmişdir, cavabdeh həmin vaxtdan uşaqları ilə birlikdə daimi yaşamaq üçün atası evinə köçmüşdür. Daha sonra maddi imkanları olduğu üçün Bakı şəhəri,Nəsimi rayonu, Keykab Səfərəliyev küçəsi, ev 12, 104 saylı mənzili əldə etmiş və hal-hazıradək orada daimi yaşayırlar, həmin mənzil Cavabdeh məxsus olsa da iddiaçıya məxsus mənzildən qeydiyyatdan könüllü çıxmaqdan imtina edir, ilk öncə vədlər verməsinə baxmayaraq daha sonra fikrindən yayınmışdır. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsi ilə ləğv edilmişdir, nikah pozularkən uşaqların ananın yanında saxlanılması və uşaqların saxlanılması üçün aliment ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3266/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X1 ilə X3 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, onların nikahı xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 arasında bağlanmış nikah pozulmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 13, 43 saylı mənzilində qeydiyyatdadır. Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 13, 43 saylı mənzil xx.xx.1995-ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu:
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və cavabdeh mənzilə xx.xx.2010-cu il tarixdə iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra köçmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəyə yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, digər qohumlar, yəni, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər. İş materialları ilə təsdiq olunur ki, cavabdeh qeyd edilən iki qrupun heç birinə aid olmayaraq iddiaçının ailə üzvü olmamış, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra mənzilə köçərək yaşamağa başladığından onun iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. Eləcə də, iş materiallarında cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmasını təsdiq edən mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcud olmamışdır. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ olmadığı üçün onun mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair iddia təmin edilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 13 saylı evin, 43 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 13 saylı evin, 43 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli