Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5018/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh vəsaiti olan 15000 (on beş min) manat pul, məhkəmə xərcləri olaraq 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu pul alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Kamil Nəcəfova avtomobil almaq adı ilə iddiaçıdan pul istəmiş, buna görə Kamil Nəcəfova 15000 manat civarında pul vermişdir. 10000 manat Kamil Nəcəfova, daha sonra isə 5000 manat anası Məsmənin xahişi əlavə olaraq 5000 manat da bir Kamil Nəcəfova vermişdir. Bununla əlaqədar olaraq Polis Orqanlarına müraciət etdikdə, mübahisənin mülki məsələ olduğunu və onun məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra o, mülki qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində işə baxılarkən, Kamil Nəcəfov şəxsən məhkəmədə iştirak etmiş və izahatında da ona ümumilikdə 15000 manat pul borclu olduğunu etiraf etmişdir. O özü də etiraf etmişdir ki, 10000 manat və 5000 manat da anasının vasitəsi ilə almış, ümumilikdə ona 15000 manat pul borclu olduğunu etiraf etmişdir. 31 dekabr 2023-cü il tarixdə Kamil Nəcəfov avtoqəza nəticəsində vəfat etmişdir. Fakta görə AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Xətai RPİ-nin İŞ-ə ünvanlanan 09 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh 31 dekabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş mərhum oğlu X5 cinayət işi üzrə hüquqi varisi qismində tanınmasını xahiş etmiş və müstəntiqin 09 yanvar 2024-cü il tarixli qərarı ilə Cavabdeh hüquqi varis kimi tanınmışdır (iş.v. 38). Qeyd edilən cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 1(010)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs (mülki cavabdeh) X6 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 2 il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Cavabdeh “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi qismən təmin edilmiş, iş üzrə mərhum X5 24 fevral 2019-cu il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə yəni 235 manat ödəniş təqsirləndirilən şəxs (mülki cavabdeh) X2 tutularaq mərhumun həyat yoldaşı X3 xeyrinə ödənilməsi, zərərçəkmiş şəxs-mərhum X5 dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı 10000 (on min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) X2 tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Cavabdeh ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Göründüyü kimi Cavabdeh iş üzrə hüquqi varis kimi tanınmış, hüquqi varis kimi E. Nəcəfov mülki iddia irəli sürmüş, hətta mülki iddiası qismən təmin edilmişdir. Belə olan halda hesab edir ki, məhkəmə Kamil Nəcəfovun məhkəmədə verdiyi ifadəsini, etirafını, vəfat etməsini, daha sonra onun hüquqi varisinin Cavabdeh olmasını, hazırkı halda qanuni qüvvəsini almış məhkəmə hökmünün olmasını nəzərə alaraq ona borclu olduğu məbləği Cavabdeh tutmalıdır. Məhkəməyə müraciət etmək üçün, məhkəmə xərci olaraq 125 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən ondan götürülən borc pul, eyni zamanda məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər cavabdehin hüquqi varisindən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, bildirmişdir ki, cavabdeh mərhum Kamil Nəcəfovun atasıdır. Mərhum iddiaçıdan 15.000 manat məbləğində pulu maşın almaq adı ilə almışdır. İddiaçı dəfələrlə ondan pulun qaytarılmasını xahiş etsə də, o, pulu ödəməmişdir. Buna görə də iddiaçı Kamil Nəcəfova qarşı pul tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən mərhum Kamil Nəcəfov 15.000 pulu iddiaçıdan borc aldığını bildirmişdir. Məhkəmə gedişatında cavabdeh vəfat etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Kamil Nəcəfovun atası hökmdə mərhumun hüquqi varisi kimi tanınmışdır. Ona görə də hesab edirlər ki, oğlunun götürdüyü borca görə atası məsuliyyət daşıyır. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, oğlunun hər hansı əmlakı olmamışdır. 2-3 il əvvəl NZS qəsəbəsində yerləşən evini satıb, oğlunun borclarını ödəmişdir. Hazırkı iddianı isə qəbul etmir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 125 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixdə Xətai RPİ-də izahatı alınmış Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, Əfsərə olan borcunu hissə-hissə olmaqla qısa müddət ərzində qaytaracağına söz verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış 955/22 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Cavabdeh “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi qismən təmin edilmiş, iş üzrə mərhum X5 24 fevral 2019-cu il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə yəni 235 manat ödəniş təqsirləndirilən şəxs (mülki cavabdeh) X2 tutularaq mərhumun həyat yoldaşı X3 xeyrinə ödənilməsi, zərərçəkmiş şəxs-mərhum X5 dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı 10.000 (on min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) X2 tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Cavabdeh ödənilməsi, mülki iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-2(011)-442/2024 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 14:45-ə təyin edilmiş məhkəmə hazırlıq iclasının audio-video qeydindən görünür ki, X1 Əfsər Əkbər oğlundan ilk olaraq 7500 manat, sonradan isə 4200 manat və 2500 manat məbləğində pul almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum X7 nəqliyyat vasitəsinin alqı-satqısı üçün ayrı-ayrı tarixlərdə 7.500, 4.200 və 2.500 manat olmaqla ümumilikdə 14.200 manat məbləğində pul vəsaitini vermişdir. İddiaçı dəfələrlə X7 pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh bunu yerinə yetirməmişdir. Daha sonra iddiaçı məhkəmədə iddia qaldırmış və 2(011)-442/2024 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixində təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirakı edən cavabdeh X9 iddiaçıdan 7.500, 4.200 və 2.500 manat məbləğində pulu aldığını bildirmişdir. Məhkəmə prosesinin gedişatında cavabdeh nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, mərhum X9 iddiaçıdan 14.200 manat pulu götürmüş və onu qaytarmamaqla iddiaçıya maddi ziyan vurmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdır. Nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklər aradan qalxmır, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd edilən müddəaları hazırkı münasibətlərə tətbiq edəndə görünür ki, Cavabdeh mərhumun atası olmaqla, onun birinci dərəcəli vərəsəsidir. AR Mülki Məcəlləsinin 1306.5ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə icraatında mərhumun atası Cavabdeh övladının borclarının mirasdan çox olduğunu və ya miras əmlakın olmadığını sübut edə bilmədiyindən, həmçinin oğlunun 14.200 manat məbləğində ödəməli olduğu öhdəliyi olduğundan iddia qismən təmin edilərək, Cavabdeh 14.200 (on dörd min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki işdən görünür ki, iddiaçı 125 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Odur ki, ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14.200 (on dörd min iki yüz) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5018/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5018/2025
03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver