Məhkəmə qərarları › İş №e-2(011)-5264/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5264/2025

06.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5264/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair Ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzil iddiaçının mülkiyyətindədir, həmin əmlaka dair AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi də İddiaçı təhvil verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır, Cavabdeh1 2012-ci il tarixində ailə həyatı qurduqdan sonra iddiaçıya məxsus olan evdən ayrılmışdır,həmin vaxtdan etibarən sözügedən mənzildə yaşamır. Cavabdeh2 da 2010-cu il tarixindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzildə yaşamır. Beləliklə, cavabdehlər 10 ildən artıqdır ki, sözügedən mənzildə yaşamırlar və onların həmin mənzildə qeydiyyatları yalnız formal xarakter daşıyır. Belə olduqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsinə zərurət yaranır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 058927 №-li AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 2 otaqlı 41 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1132 saylı reyestr kitabında 170059 səhifə qeydə alma 30/170059 nömrə ilə xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı verilən AR Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 41 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri 36 saylı notariat ofisində Cavabdeh2 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli, **********896 saylı Ərizədən görünür ki, Cavabdeh2 2010-cu il tarixindən etibarən İddiaçı (atasına) məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzildə yaşamadığını etiraf etmişdir, o, iddia tələbini qəbul etmişdir və ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 101/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hökmün icrası ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İş materiallarında olan 9 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş həmin müəssisədə cəza çəkən iş üzrə Cavabdeh1 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 2012-ci il tarixindən rəsmi nikaha daxil olaraq atasına məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzildən çıxdığını və artıq o evdə yaşamadığını etiraf etmişdir, Cavabdeh1 iddia tələbini qəbul edərək özünün ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzil iddiaçıya məxsusdur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının oğullarıdır, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin evdə yaşamadıqlarını etiraf etmişdirlər. Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmişdirlər. Onların ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab olunmasına heç bir etirazları yoxdur. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacları aradan qalxdığından, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığından və onlar iddia tələbini qəbul etdiklərindən, iddia tələbi təmin edilməli, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 9.2.5.-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (Latridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.11 kv.metr olan 41 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə görə, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar