Məhkəmə qərarları › İş №e-2(011)-5426/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5426/2025

29.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5426/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və dəqiqləşmə ərizəsi təqdim edərək, cavabdehlər Cavabdeh, X5, X3 və X1 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “məlum hadisələrə qədər iddiaçı və ailəsi Ermənistan Res., Stepanavan şəhərində yaşamışlar. Həmin şəhərdə Engels küçəsi ev 50 ünvanında 3 otaqlı 68,2 kv.m sahəsi olan mənzilləri olub. Həmin mənzili həyat yoldaşı X13 Bakı şəhər X4 İcraiyyə Komitəsinion 17 noyabr 1988-ci il tarixli, 086227 saylı orderi əsasında ünvan 2 ünvanında yerləşən mənzillə dəyişmişdir. Order verilən zaman adlar olan siyahıda cavabdehin də adı olmuşdur. X11 13 iyun 2004-cü ildə rəhmətə getmişdir. Rəhmətə gedənə qədər bir yerdə yaşamışlar. Cavabdeh onun qız nəvəsidir 2010-cu ildə ərə getmiş və o vaxtdan da artıq onlarla yaşamır. İddiaçı, nəvəsi Əsəd və onun ailəsi, oğlu Osmanov Xdrla bərəbər yaşayır. Cavabdeh onlarla ailə kimi bir müddət orada yaşamış, lakin, yuxarıda qeyd etdiyim kimi, 2010-cü ildən birdəfəlik daimi olaraq həmin mənzili və onları tərk edib getmiş, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçmişdir. Cavabdeh mübahisəli evi həmişəlik tərk edib getsə də, hələ də formal pasport qeydiyyatında qalmışdır. Bu da onların həmin ev üzrə sahib olduqları bir sıra hüquqlarını həyata keçirməyə ciddi şəkildə maneə törədir. Artıq 15 ildən artıqdır ki, cavabdehin mübahisəli evi daimi tərk edib getməsi, yeni ailə həyatı quraraq yaşaması, həmin evlilikdən üç uşağının olması hazırkı işin mübahisəsiz halıdır. Eyni zamanda üç qızı ilə birlikdə 1988-ci ildən hazıradək mübahisəli mənzildə yaşamaqları, sahibliyi və onu qoruyub saxlamaqları da hazırkı işin mübahisəsiz halıdır”. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında qeydiyyatda olduğu “ünvan 3 ünvanında yerləşən 33 saylı mənzil” üzrə xəbərdar edilmiş, 82 saylı MKİS-nin sədri tərəfindən “yaşadığı ünvan məlum olmadığı üçün çatdırılması mümkün deyil” qeyd edilərək məhkəməyə məlumat verilmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X4 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 086227 №-li Orderdən görünür ki, Osmanov Ənsǝr Əsəd oğlu və onunla birgə yaşayan 5 nəfərin, Engels küç., ev 50, ünvanında yerləşən 3 otaqlı, 68,2 kv. m sahədən ibarət yaşayış sahəsini vətəndaş V.A.Avanesyanla dəyişmə yolu ilə R.Mamedova küç., ev 10, mənzil 33, ünvanında yerləşən 3 otaqlı, 47,31 kv. m sahədən ibarət izolyasiya olunmuş yaşayış sahəsini dəyişmə hüquqlan var. Order üzrə sahəyə hüququ çatan şəxslər: 1. Osmanov A.A.-özü; 2. İddiaçı-arvadı; 3. Osmanov X.A.-oğlu; 4. Kərimova X.B.-gəlini; 5. Osmanov A.X.-nəvəsi; 6. Osmanov X.X.-nəvəsi İş materiallarında olan X19 verilən AR Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 33 saylı mənzildə X14, X15, X16, X2, X21, Cavabdeh, X7, İddiaçı, X5 qeydiyyatdadırlar. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X8 xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra arvada “Osmanova” soyadı verilmişdir. İş materiallarında olan Aktan görünür ki, Aktı imza edənlər X9 uzun müddətdir – gəlin köçdüyü gündən ünvan 3 ünvanında yerləşən 33 saylı mənzildə yaşamadığını bildirmişlər. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Osmanov Ənsǝr Əsəd oğluna xx.xx.1988-ci il tarixdə mübahisəli ünvan 4 ünvanında yerləşən 33 saylı mənzilə dair order verilmişdir, orderdə Osmanov A.A.(özü), İddiaçı (arvadı), Osmanov X.A. (oğlu), Kərimova X.B. (gəlini), Osmanov A.X. (nəvəsi), Osmanov X.X. (nəvəsi) adları qeyd edilmişdir, hazırda mənzil xüsusi mülkiyyətdə deyil, cavabdeh evləndikdən sonra mübahisəli mənzildən köçmüş, həmin tarixdən mənzildə yaşamır və ondan istifadə etmirlər. İcarədar Osmanov Ənsǝr Əsəd oğlu xx.xx.2004-cü il tarixdə vəfat etmişdir, iddiaçı onun orderdə adları qeyd edilmiş ailə üzvü-arvadıdır. Bununla belə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsini (xitam verilməsini) istisna edən hallar, həmçinin iddiaçılar tərəfindən cavabdehlərin mənzildən istifadəsinə mane yaradılması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh uzun müddət ərzində mübahisəli mənzildən istifadə etmədiklərindən və orada yaşamadığından, bununla bağlı hər hansı tələb (inzibati və ya məhkəmə qaydasında) irəli sürmədiklərindən, həmçinin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, digər cavabdehlər isə onun uşaqları olmaqla, mübahisəli mənzildə yaşamadıqlarından iddiaçı onlara qarşı hazırkı tələblə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də iddia tələbi təmin olunmalıdır. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 4 ünvanında yerləşən 33 saylı mənzildən cavabdehlər Cavabdeh, X5, X3 və X1 istifadə hüququna xitam verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə görə, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh, X5, X3 və X1 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar