Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5453/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 iyun 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan 17 yanvar 2020-ci il təvəllüdlü X1 adlı övladları dünyaya gəlib. Evliliyin ilk vaxtlarında mehriban yaşayırmışlar. Lakin sonradan fikir ayrılıqları yaranmağa başlamış və tərəflər münasibətlərə son qoymağa qərar vermişlər. Nəticədə Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, e-2(011)-368/2023 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən aralarında olmuş nikah bağlandığı tarixdən əvvəl, yəni 27 iyun 2012-ci ildə alınmışdır. Aralarında olan nikah 14 iyun 2018-ci ildə qeydiyyata alınmasına baxmayaraq, toy məclisi 09 sentyabr 2018-ci il tarixində baş tutmuşdur. Elə 2018-ci ilin sentyabr ayında da, cavabdeh həmin mənzilə iddiaçının razılığı ilə pasport qeydiyyatına düşmüşdür. Lakin faktiki olaraq onlar ailə qurduqdan sonra o mənzildə yaşamamışlar. Belə ki, toy olanadək iddiaçı Almaniyada yaşamışdır. İlk dəfə nikaha daxil olduğuqları ərəfədə - 2018-ci ilin iyun ayında, daha sonra isə toyun olduğu ayda - 2018-ci ilin sentyabr ayında iddiaçı Almaniyadan Bakıya gəlmişdir. Toyun olduğu tarixdən təxmini 10 gün sonra (2018-ci ilin sentyabr ayının axırlarına yaxın) iddiaçı Almaniyaya geri qayıtmışdır. Həmin müddətdə (təxmini 10 gün) iddiaçı cavabdehlə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır (Həmin mənzildə onlardan başqa iddiaçının anası və atası yaşayıb və hazırda da, onlar həmin mənzildə yaşayırlar). Cavabdeh iddiaçı Almaniyaya gedəndən sonra həmin mənzili tərk edərək atasına məxsus olan, ünvan 2 ünvanına köçüb. Səbəb kimi də, bir müddət sonra Almaniyaya iddiaçının yanına gələcəyini nəzərə alaraq, valideynləri ilə daha çox vaxt keçirmək istəməsi və iddiaçının mənzilində atası və anası ilə birlikdə yaşamasının narahat olduğunu göstərmiş, iddiaçı isə öz növbəsində ona etiraz etməmişdir. 2018-ci ilin sentyabr ayından 28 fevral 2019-cu il tarixinədək cavabdeh valideynləri ilə qeyd edilən ünvan 2 ünvanında yaşamış, iddiaçı isə Almaniyada olmuşdur. Cavabdeh 28 fevral 2019-cu il tarixində Almaniyaya iddiaçının yanına getmiş, onlar Almaniyada 2 otaqlı kirayə mənzildə yaşamışlar. 17 yanvar 2020-ci ildə Almaniyada tərəflərin övladı – X1 dünyaya gəlib və cavabdeh iddiaçı ilə birlikdə 15 yanvar 2022-ci il tarixinədək Almaniyada yaşayıb. 15 yanvar 2022-ci ildə cavabdeh Almaniyadan Azərbaycana qayıdıb. Azərbaycana qayıtdıqdan sonra cavabdeh anasının yanında yaşayıb. Səbəb o olub ki, 2021-ci ildə atası rəhmətə getdiyi üçün anası tək yaşayırdı. Cavabdehin bacısı isə 10 ildən artıq müddət idi ki, Türkiyədə yaşayırdı. Anası tək olduğundan və ata evinin 3 otaqlı, yaxşı şəraitli olması və onun üçün həmin evdə yaşamaq daha rahat olduğu üçün cavabdeh məhz anasının yanında qalmağı üstün tutmuşdur. Daha sonra aralarında müəyyən narazılıqlar olduğu üçün cavabdehlə boşanmaq qərarına gəlmişlər və aralarında olan nikah Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, e-2(011)-368/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh toydan sonra cəmi 10-12 gün ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. Daha sonra onlar Almaniyada birlikdə yaşamışlar və cavabdeh 15 yanvar 2022-ci ildə Azərbaycana geri qayıtdığı tarixdən anasının yanında yaşayır. Hazırda da, cavabdeh övladı ilə birlikdə anasının 3 otaqlı evində yaşayır (cavabdeh, anası və iddiaçının oğlu). Cavabdehin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatı, istifadə hüququ formal xarakter daşıyır. Aralarında olan nikaha rəsmi qaydada xitam verildiyi və cavabdeh artıq uzun illərdir ki, anasının yanında yaşadığı, pasport qeydiyyatında olduğu mənzilin onun istifadəsi üçün əlverişli olmadığı və həmin mənzildə yaşamaq məcburiyyətində olmadığı üçün xitam verilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh iddiaçının keçmiş arvadıdır. Belə ki, tərəflər 14 iyun 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, e-2(011)-368/2023 saylı qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan çıxarışdan görünür ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsini istədiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, 196 saylı mənzil 27 iyun 2012-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh hazırda həmin mənzildə qeydiyyatdadır. Məhkəmə tərəfindən Cavabdeh 01 yanvar 2012-ci il tarixdən 08 sentyabr 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş, sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdeh 21 noyabr 2022-ci il tarixdə ölkə sərhədindən çıxmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarı: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 2018-ci ildə nikaha daxil olmuşlar. Onların nikahı 2023-cü ildə pozulmuşdur. İş materiallarından və tərəflərin izahatlarından da görünür ki, Cavabdeh iddiaçının keçmiş arvadı olmaqla, hal-hazırda iddiaçının ailə üzvü deyildir. Tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən cavabdehin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, 196 saylı mənzilə istifadə hüququ yoxdur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının ailə üzvü olmadığından, həmin mənzildə hazırda yaşamadığından, cavabdehin qeyd edilən mənzildən istifadə hüququna nikahın pozulması ilə xitam verilmişdir. Odur ki hazırda cavabdehin iddiaçıya aid mənzilə dair istifadə hüququ mövcud deyil. Buna görə də iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatı icazə xarakteri daşımır və yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. İşin hallarından da göründüyü kimi cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır və faktiki olaraq qeyd edilən mənzildə yaşamır. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, 196 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdehin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı – Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, 196 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5453/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5453/2023
24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver