Məhkəmə qərarları › İş №e-2(011)-5639/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5639/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5639/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Türkiyə Respublikasının “X9 X6 Sözleşmesi” Şirkətinə qarşı “maddi və mənəvi əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Türkiyə Respublikasının “X9 X6 Sözleşmesi” Şirkətinə qarşı “maddi və mənəvi əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X7 (bundan sonra THY) Bakı - İstanbul – Tokio reysi ilə “İBSA X10 Tokyo 2023” yarışında iştirak etmək üçün iddiaçı Yaponiyaya uçmuşdur. xx.xx.2023-cü il tarixdə Tokio – İstanbul – Bakı reysi ilə Bakı şəhərində olmuşdur. H.Əliyev adına hava limanında baqajını (1 ədəd 23-24 kiloqramlıq çəkidə “Joma” idman brendinin çantası) gözləmiş, lakin gəlməmişdir. Hava limanındakı müvafiq məntəqəyə məlumat vermiş, iddiaçıya qaimə yazıb vermişlər ki, 2-3 günə gələcəkdir. Bir neçə gün keçmiş, hər dəfə THY-nin Bakı ofisi ilə əlaqə saxladıqda iddiaçıya eyni sözlər deyilmişdir ki, 2-3 günə gələcək. 20 gün keçmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya demişlər ki, baqajı Yaponiyadan gəlməmiş, orada qalmışdır, 1-2 günə göndərəcəklər. xx.xx.2023-cü il tarixdə iddiaçıya bildirmişlər ki, baqajı (çantası) tapılmış, Efiopiyadadır, Azərbaycana gətirəcəklər. 2024-cü ilin yanvar ayının sonunadək hər dəfə maraqlandıqda, iddiaçıya sabah, birisi gün göndərəcəklərini demişlər. Sonra bildirmişlər ki, THY-nin rəhbərliyi ilə əlaqə saxlamışlar, sistem göstərmişdir ki, iddiaçının baqajını başqa şəxsə vermişlər, iddiaçıya çatdırılacaqdır. THY-nin Bakı ofisi 2 aydan artıq müddətdə əminliklə baqajının iddiaçıya çatdırılacağını bildirmişdir. Bu səbəbdən X7 rəsmilərinin dediklərinə inanıb yarışlarda iştirak etmək üçün iddiaçı dünya standartlarına uyğun yeni idman geyimlərini sifariş etməmişdir. Belə ki, beynəlxalq idman qaydalarına və dünya standartlarına uyğun olaraq idman geyiminin üzərində ölkənin bayrağının tikilməsi Almaniya Federativ Respublikasında sifariş olunur. Təkcə bu proses, yəni Milli Paralimpiya Komitəsi idmançının idman geyimi ilə rəsmi sifarişini təqdim etdikdən sonra ən tezi 1 ay vaxt aparır. Yeni idman geyimi almaq və sadalanan prosesləri həyata keçirmək təkcə çox vaxt aparmır, həm də kifayət qədər maddi vəsait tələb edir. 2024-cü ilin fevral ayının ikinci yarısı növbəti dəfə THY-nin Bakı ofisinə getdikdə, oranın nümayəndəsi sığorta şirkəti ilə danışmış və iddiaçıya sığorta məbləği ilə bağlı cavab gələndə məlumat veriləcəyi bildirilmişdir. Artıq fevral ayının sonunda iddiaçı heç bir nəticə olmadığını görüb hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və cavabdeh xx.xx.2024-cü il tarixdə vəkilə üzrxahlıq və 460 ABŞ dolları (782 manat) təzminat təklif etmələri barədə məktub təqdim etmişdir. İddiaçı bu təklifi qəbul etməmiş, çünki iddiaçıya dəymiş maddi zərəri belə qarşılamamışdır. İddiaçı, THY-nin Bakı ofisinə itən baqajında olan əşyalarının siyahısını aşağıdakı formada təqdim etmişdir: Öz baqaj çantası Joma marka, idman kostyumu Mizuno marka (5 ədəd), kimono dəsti Mizuno marka (5 ədəd), Sport çanta Mizuno marka (8 ədəd), Sport ayaqqabı Mizuno marka (1 ədəd), Sport ayaqqabı Asics (1 ədəd), yağış paltarı dəsti Mizuno (4 ədəd), Chanel parfum (1 ədəd), iç geyimi atlet (3 ədəd), iç geyimi (3 ədəd), diş fırçası (1 ədəd), diş məcunu (1 ədəd), futbolka Mizuno (10 ədəd), palto Mizuno (1 ədəd), corab (4 ədəd), şampun (1 ədəd), duş geli (1 ədəd) və beret Mizuno (1 ədəd). THY-nin itirdiyi 1 ədəd 23-24 kiloqramlıq çəkidə baqajında (“Joma” idman brendinin çantasında) olan – Yapnoyadan aldığı idman geyimlərinin dəyəri 259.900 (4950+4950+8900+24800+46000+56500+107600+6200=259900) Yapon Yeni təşkil edir. Qəbzlər iddia ərizəsinə əlavə olunmuşdur. Həmin çantanın (“Joma” idman brendi) öz dəyəri isə 150 manatdır. İddiaçı THY-nin Bakı ofisində görüşdüyü şəxslərə bildirmişdir ki, idmançıdır, hazırda cüdo idman növü üzrə “Paris 2024” olimpiadasına hazırlaşır, bütün yarış ləvazimatları həmin baqajdadır. İddiaçıya uğur gətirən kimonoları, formaları, gerbli, yazılı, bir sözlə hamısı beynəlxalq standartlara uyğum idman geyimləri idi. İddiaçı həmin geyimlər olmadan heç bir yarışda iştirak edə bilmir, lisenziyalı yarışlara qatıla bilmir. Cavabdeh iddiaçı aldadıb demişdir ki, iddiaçının geyimləri gələcək. İtən baqajdakı geyimlərə görə, iddiaçı 17-xx.xx.2024-cü il tarixlərdə Almaniyada keçirilən “İBSA JUDO Grand-PRİX HEİDELBERG 2024” yarışı, 01-xx.xx.2024-cü il tarixdə Antalyada keçiriləcək yarışı buraxmalı olmuşdur. Halbuki geyimləri iddiaçıda olsaydı, iştirak edib qələbə qazanmaq, mükafat əldə etmək şansları yüksək idi. Belə ki, hər biri 1000 ABŞ dolları olmaqla yarış mükafatı qazanmaq bir yana, həmin yarışlarda iştirak etməkdə idmançının əsas məqsədi olimpiadaya lisenziya qazanmaqdır. Geyimlərinin və başqa idman ləvazimatlarının itkisi ilə əlaqədar sadaladığı yarışlara qatıla bilmədiyindən 10-cu xanada olduğu dünya reytinq cədvəlində geridə qalmışdır. Eyni zamanda, iddiaçı olimpiadaya düşmək şansını itirmişdir. Halbuki olimpiada da iştirak etsəydi, qələbə qazanmaq şansı çox idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə olimpiadada İ yeri tutan hər idmançıya 200.000 manat, İİ yeri tutan hər idmançıya 100.000 manat, İİİ yeri tutan hər idmançıya 50.000 manat mükafat məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh 2 ay ərzində iddiaçını yalanları ilə aldatmışdır. Halbuki yük 3 həftə ərzində tapılmadıqda, itirilmiş sayılır və aviaşirkət buna görə kompensasiya ödəməlidir. X7 saytında deyilmişdir ki, baqaj gecikdirildiyi təqdirdə, aviaşirkət ilk zəruri əşyaları təqdim etməyə və gözlənilməz xərcləri kompensasiya etməyə hazırdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, X5 iddiaçının xeyrinə itən baqajdakı əşyalara görə iddiaçıya dəymiş maddi zərər – 150 manat, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, baqajın itməsi səbəbi ilə yarışlara qatılmamaqla ona dəymiş maddi zərər olaraq 2.000 ABŞ dolları manatla məzənnə üzrə, 100.000 manat olimpiada mükafatı və 100.000 manat mənəvi zərər olmaqla, ümumilikdə 2.000 ABŞ dolları manatla məzənnə üzrə, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, 200.150 manat və 506.2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 iddiaçının xeyrinə itən baqajdakı əşyalara görə iddiaçıya dəymiş maddi zərər – 150 manat, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, boqajın itməsi səbəbi ilə yarışlara qatılmamaqla ona dəymiş maddi zərər olaraq 2.000 ABŞ dolları manatla məzənnə üzrə, 100.000 manat olimpiada mükafatı və 100.000 manat mənəvi zərər olmaqla, ümumilikdə 2.000 ABŞ dolları manatla məzənnə üzrə, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, 200.150 manat, vəkilə göstərdiyi yardıma görə ödədiyi 300 manat, tərcüməyə haqqı olaraq ödənilən 230 manat və 506.2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı Bakı-İstanbul–Tokio gediş və Tokio – İstanbul – Bakı dönüş istiqamətində hava yolu ilə uçuşda iştirak etmişdir. Uçuşu təşkil edən daşıyıcı şirkət X8 və həmin şirkət Türkiyə Respublikasında təsis edilmişdir. İddiaçı isə Azərbaycan Respublikasının vətəndaşıdır və 3 ölkəni (Azərbaycan-Türkiyə-Yaponiya) əhatə edən uçuşda iştirak etmişdir. Bu isə o deməkdir ki, iddiaçı və cavabdeh arasında yaranmış münasibət xarici elementli mülki hüquqi münasibətidir. “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Hazırki münasibətdə daşıyıcı şirkət Türkiyə Respublikasında təsis edilmişdir, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının iddia etdiyi hüquq pozuntusu isə Yaponiyadan səfərdən qayıdan zaman baş vermişdir. Göründüyü kimi, münasibət 3 ölkəyə aid olmaqla xarici elementlidir. Xarici elementli olduğuna görə də ilk növbədə səlahiyyətli məhkəməni, daha sonra isə tətbiq edilməli hüququ müəyyənləşdirmək lazımdır. Həmin qanunun 1.2-ci maddəsinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Qeyd edək ki, Azərbaycan Respublikası “X3nın bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında 30 sentyabr 2014- cü il tarixli qanunla 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “X3nın bəzi qaydalarının unifikasiyası üçün Konvensiya” nı (bundan sonra “Konvensiya”) təsdiq etmişdir. Həmin konvensiya: 1) hava gəmisinin göyərtəsində və ya minmə, yaxud düşürülmə ilə bağlı istənilən əməliyyat zamanı sərnişinin ölümü və bədən xəsarət alması; 2) hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqaj daşıyıcısının mühafizəsi altında olduğu müddət ərzində baqajın məhv olması, itirilməsi və ya zədələnməsi; 3) hava daşıması zamanı yükün məhv edilməsi, itirilməsi və ya zədələnməsi; 4) sərnişinlərin, baqajın və ya yükün hava daşıması zamanı ləngimə nəticəsində zərər vurulması hallarına tətbiq edilir. Təsadüfi deyildir ki, iddiaçı ərizəsində Konvensiyanın bir sıra maddələrinə istinad etmişdir. O, Konvensiyanın 17-ci maddəsinə istinad edərək məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, cavabdehin qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıdığını qeyd etmişdir. İddiaçı baqajın məhv olma, itirilmə və ya zədələnmə halında Cavabdehin ümumi olaraq məsuliyyət daşımalı olduğunu göstərsə də, cavabdehin konkret olaraq məsuliyyətinin nədən ibarət olmasını təsbit edən Konvensiyanın müvafiq maddələrinə istinad etməmişdir. Belə ki, Konvensiyanın 22.2-ci maddəsinə əsasən baqajın daşınması zamanı məhv edilmə, itirilmə, korlama və ya ləngitmə halında daşıyıcının məsuliyyəti, sərnişinin qeydiyyata alınmış baqajın daşıyıcıya təhvil verilməsi anında çatdırılmada maraqlı olması barədə xüsusi bəyannamə verdiyi və zəruri olduğu təqdirdə əlavə yığım ödədiyi hallar istisna edilməklə, hər bir sərnişinə münasibətdə 1000 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Bu halda daşıyıcı, bu məbləğin sərnişinin çatdırılmada həqiqi marağından artıq olduğunu sübut edə bilmədiyi təqdirdə, bəyan edilmiş məbləğdən artıq olmayan məbləği ödəməyə borcludur. Göründüyü kimi, Konvensiya baqajın daşınması zamanı məhv edilmə, itirilmə, korlama və ya ləngitmə halında daşıyıcının məsuliyyətinin maksimum həddini müəyyən etmişdir. Bu o deməkdir ki, sərnişinə vurulan zərərin həqiqi məbləği 1000 xüsusi borcalma hüququnun məbləğindən çox olsa da, daşıyıcı 1000 xüsusi borcalma hüququnun məbləğini ödəməklə kifayətlənə bilir. Lakin bu müddəa hər bir halda istənilən zədələnmiş baqaj üzrə sərnişinə avtomatik olaraq 1000 xüsusi borcalma hüququnun məbləğinin ödənilməsi mənasına gəlmir. Konvensiyada istifadə olunan termin “məhdudlaşır” (is limited) şəklindədir, bu səbəbdən hər baqaj zədələnməsi halında zərərin məbləği müəyyən edilmədən avtomatik olaraq sərnişinə 1000 xüsusi borcalma hüququnun məbləğinin ödənilməsi Konvensiyaya ziddir. Əgər baqaja vurulan zərərin həqiqi məbləği 1000 xüsusi borcalma hüququnun məbləğindən azdırsa, həmin məbləğ sərnişinə ödənilməlidir. Bununla bağlı X4 Məhkəməsinin müvafiq qərarı da mövcuddur. Məhkəmənin C-86/19 nömrəli iş üzrə 9 iyul 2020-ci il tarixli qərarının nəticə hissəsində müəyyən edilmişdir ki, 28 may 1999-cu ildə Monrealda bağlanmış, 9 dekabr 1999-cu ildə Avropa Birliyi tərəfindən imzalanmış və onun adından Şuranın 5 aprel 2001-ci il tarixli 2001/539/EC qərarı ilə təsdiq edilmiş X3 üzrə X1 dair Konvensiyanın 17(2) maddəsinə həmin Konvensiyanın 22(2) maddəsi ilə birlikdə baxıldığında bu sonuncu maddədə nəzərdə tutulmuş məbləğ çatdırılmada xüsusi maraq bəyannaməsinin predmeti olmayan qeydiyyata alınmış baqajın məhv olması, itirilməsi, ləngiməsi və ya zədələnməsi halında hava daşıyıcısının məsuliyyət həddi kimi başa düşülməlidir. Bu sonuncu maddədə nəzərdə tutulmuş məbləğ müvafiq sərnişinin avtomatik və sabit tariflə əldə etmədiyi kompensasiyanın maksimum məbləğini əks etdirir. Bu səbəbdən, milli məhkəmə, işin hallarını nəzərə alaraq, həmin sərnişinə ödənilməli olan kompensasiyanın məbləğini bu limit daxilində müəyyən etməlidir. Monreal Konvensiyasının 22(2) maddəsi ilə birlikdə baxılan 17(2) maddə o mənada təfsir olunmalıdır ki, çatdırılmada xüsusi maraq bəyannaməsinin predmeti olmayan qeydiyyata alınmış baqajı məhv olmuş, itirilmiş, zədələnmiş və ləngimiş olan sərnişinə ödəniləcək kompensasiya məbləği milli məhkəmə tərəfindən milli qanunvericiliyin tətbiq olunan qaydalarına, xüsusən də sübutlara dair tətbiq olunan normalara uyğun olaraq müəyyən edilməlidir. Bununla belə, həmin normalar oxşar daxili hərəkətləri tənzimləyən normalardan daha az əlverişli olmamalı və Monreal Konvensiyasında nəzərdə tutulmuş hüquqların həyata keçirilməsini praktikada qeyri-mümkün edəcək və ya hədsiz dərəcədə çətinləşdirəcək şəkildə tərtib edilməməlidir. Göründüyü kimi, Konvensiyanın 22(2) maddəsini məhkəmələr tətbiq edərkən ziyanın məbləğini sübutlara əsasən müəyyən etməlidir. Bu isə o deməkdir ki, İddiaçı baqajın itməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin məbləğini sübut edən sənədləri və digər vasitələri məhkəməyə təqdim etməlidir. İddia tələbində göstərilən zərər məbləğinin həqiqiliyini sübut etmək İddiaçının vəzifəsidir. İş materiallarına İddiaçı tərəfindən 11 ədəd qəbz təqdim edilmişdir. İddiaçı həmin qəbzlərə istinad edərək Yaponiyada müxtəlif geyim malları aldığını və itən çantasının içərisində həmin malların da olduğunu bildirmişdir. Lakin həmin qəbzlərə nəzər yetirdikdə bir sıra ziddiyyətli məqamlar ortaya çıxır və qəbzlərin mağaza tərəfindən məhz İddiaçıya təqdim edilməsi şübhələr doğurur. Belə ki, qəbzlərdəki bank kartı nömrələri fərqlidir. ABC-Mart mağazasından verilmiş ilk qəbz 2 dekabr 2023-cü il tarixlidir və ödəniş edilən kartın son 4 rəqəmi 1370-dir, həmin mağazadan verilmiş növbəti qəbzin tarixi 5 dekabr 2023-cü ildir və ödəniş edilən kartın son 4 rəqəmi 1644-dür. İddiaçı həmin mağazadan verildiyini iddia etdiyi 3 ədəd qəbzi məhkəməyə təqdim etmişdir, amma 2 ədəd qəbz eyni satışla bağlıdır, qəbzlərdəki məbləğlər, satış tarixi, kart nömrəsi eynidir, ən əsası isə qəbz nömrələri eynidir (**********79). Amma iddiaçı bir dəfə ödədiyi 4950 YEN məbləğində pul vəsaitinin 2 qatını Cavabdehdən tələb etməkdədir (4950+4950=9900). Bundan başqa MİZUNO mağazası tərəfindən verilmiş qəbzlərin tarixləri də onların məhz İddiaçının alışlarına aid olmasına şübhələr yaradır. Belə görünür ki, İddiaçı eyni mağazanın içərisində olarkən eyni gün ərzində təxminən 30 dəqiqə zaman fərqi ilə bir neçə dəfə alış-veriş edir. Halbuki, bir şəxs eyni mağaza içərisində olarkən bütün alışverişini edir və yekunda kassaya yaxınlaşaraq, bir dəfəyə ödənişi həyata keçirir. İddiaçının təqdim etdiyi qəbzlərə əsasən o, 5 dekabr 2023-cü il tarixdə saat 15:08-də, 2 dekabr 2023-cü il tarixdə saat 13:07-də, 13:17-də, 12:53-də, 15:55-də, 3 dekabr 2023-cü il tarixdə saat 12:12-də, 12:18-də, 12:46-da eyni mağazada alış-veriş edərək qəbzləri əldə etmişdir. Bundan əlavə qəbzlə əsasən İddiaçı MİZUNO mağazasında 10 ədəd Enamel bag L satın alır. Ritorik sual ortaya çıxır: bu çantadan bir şəxsin 10 ədəd alması sizcə məntiqlidirmi? İddiaçının baqajın itməsi səbəbi ilə yarışlara qatılmamaqla ona dəymiş maddi zərər olaraq 2.000 (iki min) ABŞ dolları manatla məzənnə üzrə, 100.000 (yüz min) manat olimpiada mükafatı və 100.000 (bir yüz min) manat mənəvi zərərə dair iddia tələbinə gəldikdə İddiaçı 2.000 (iki min) ABŞ dolları manatla məzənnə üzrə maddi zərərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, ümumiyyətlə bu zərərin konkret olaraq nədə ifadə olunduğunu göstərməmişdir. 100.000 (yüz min) manat olimpiada mükafatı isə tamamilə İddiaçının təxəyyülünün məhsuludur, İddiaçı yarışda iştirak etmədən öz mülahizəsinə əsasən ən azı 2-ci yeri tutacağına əmin olaraq utopik şəkildə bu məbləği tələb etmişdir. Mənəvi zərərlə bağlı da vəziyyət eynidir. İddiaçı baqajında hansı əşyaların olduğunu sübut etmədən ona mənəvi zərər dəyməsini iddia edir. Hazırkı halda iddiaçının evə dönüş reysində baqajı itmişdir, Yaponiyaya səfər zamanı baqaj itsə idi, situasiya fərqi olardı. Təsadüfi deyildir ki, Konvensiyanın 29-cu maddəsinə əsasən sərnişinlərin, baqajın və yükün daşınması zamanı məsuliyyət barədə istənilən iddia bu Konvensiyaya, müqaviləyə, qanun pozuntusuna əsaslanmasından və ya istənilən digər əsasdan asılı olmayaraq, yalnız bu Konvensiyada nəzərdə tutulmuş şərtlərə və məsuliyyət hədlərinə uyğun olaraq iddia hüququ olan şəxslər dairəsinin və onların müvafiq hüquqlarının müəyyən edilməsinə ziyan vurulmadan irəli sürülə bilər. İstənilən belə iddia zamanı cərimələr, cərimə sanksiyaları və yaxud faktiki ziyanın kompensasiya edilməsinə aid olmayan istənilən digər ödəmələr alına bilməz. İddiaçı baqajında olan əşyaların nədən ibarət olmasını sübut edə bilməsə də, Cavabdeh tərəfindən ona 460 ABŞ dolları məbləğində kompensasiya təklif edilmişdir, lakin İddiaçı hələ də bu təklifi qəbul etməmişdir. İddia tələbinin həmıin məbləğə münasibətdə təmin edilməsi ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin qismən təmin edilərək, ona itən baqajdakı əşyalara görə 460 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəməminin baxış iclasında cavabdehin nümayəndəsi dəfələrlə iddiaçıya kompensasiya kimi X2 biznes sinfinə aid bir ədəd aviabiletin qəbul edilməsini təklif etsə də, iddiaçı bu təkliflə razılaşmamışdır. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Türkiyə Respublikasının “X9 X6 Sözleşmesi” Şirkəti tərəfindən İddiaçı ünvanlanmış məktubun tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 460 ABŞ dolları (782 manat) məbləğində təzminat təklif etmişlər. İş materiallarında olan qəbzlərin tərcümə edilmiş surətindən görünür ki, Yaponiyada ABC- Mart mağazasından 18800 (4950+4950+8900) yen, Muzino Tokyo mağazasından 294640 (24800+4950+45500+56500+107600+6200+42200+9700+2640) yen məbləğində alış-veriş edilmişdir. İş materiallarında olan “Qafqazinfo.az” xəbər saytından olan çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Milli Paralimpiya yığmasının cüdoçusudur. Mülki Məcəllənin 846.1-ci maddəsinə görə daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; 846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. 846.3. Əgər müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun ləğv edilərsə, sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər. Bu halda daşıyıcı daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş nəqliyyat xidmətləri müqavilənin ləğvi nəticəsində sərnişin üçün maraq doğurmursa, daşıyıcı daşımanın qalıq dəyərini almaq hüququnu da itirir. 846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. “X3nın bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 30 sentyabr 2014-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “X3nın bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında Monreal Konvensiyası 1-ci maddəsində müəyyən edilmişdir ki, bu Konvensiya şəxslərin, baqajın və ya yükün hava gəmisi vasitəsilə ödəniş müqabilində həyata keçirilən hər bir beynəlxalq daşımasına tətbiq edilir. Konvensiya həmçinin avianəqliyyat müəssisəsi tərəfindən hava gəmisi vasitəsilə həyata keçirilən pulsuz daşımalara da tətbiq edilir. Həmin Konvensiyanın 17.2-ci maddəsində qeyd edilir ki, məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər müəyyən dərəcədə baqaja xas olan nöqsan, keyfiyyət və ya qüsurun nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır. Qeydiyyata alınmamış baqaja, o cümlədən şəxsi əşyalara münasibətdə, daşıyıcı o halda məsuliyyət daşıyır ki, zərər onun və ya onun əməkdaşlarının, yaxud agentlərinin səhvi ucbatından vurulmuş olsun. Konvensiyanın 20-ci maddəsi bəyan edir ki, əgər daşıyıcı yükə dəymiş zərərin kompensasiya tələb edən şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin diqqətsizliyi, yanlış hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulduğunu sübut edərsə, bu halda daşıyıcı dəymiş zərər həcmində kompensasiya tələb edən şəxs qarşısında məsuliyyətdən tamamilə və yaxud qismən azad edilir. Həmin Konvensiyanın 22.2-ci maddəsinə əsasən baqajın daşınması zamanı məhv edilmə, itirilmə, korlama və ya ləngitmə halında daşıyıcının məsuliyyəti, sərnişinin qeydiyyata alınmış baqajın daşıyıcıya təhvil verilməsi anında çatdırılmada maraqlı olması barədə xüsusi bəyannamə verdiyi və zəruri olduğu təqdirdə əlavə yığım ödədiyi hallar istisna edilməklə, hər bir sərnişinə münasibətdə 1000 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Bu halda daşıyıcı, bu məbləğin sərnişinin çatdırılmada həqiqi marağından artıq olduğunu sübut edə bilmədiyi təqdirdə, bəyan edilmiş məbləğdən artıq olmayan məbləği ödəməyə borcludur. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı idmançıdır, xx.xx.2023-cü il tarixdə X7 Bakı - İstanbul – Tokio reysi ilə “İBSA X10 Tokyo 2023” yarışında iştirak etmək üçün Yaponiyaya uçmuşdur. xx.xx.2023-cü il tarixdə Tokio – İstanbul – Bakı reysi ilə Bakı şəhərinə çatanda onun baqajının çatdırılmadığı məlum olmuşdur. Bununla bağlı, iddiaçı cavabdehin əməkdaşları ilə əlaqə saxlamış, baqaj iddiaçıya çatdırılmamışdır. Cavabdeh iddiaçıya 460 ABŞ dolları məbləğində kompensasiya təklif etmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmamış, məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçı X5 itən baqajdakı əşyalara görə ona dəymiş maddi zərər – 150 manat, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, baqajın itməsi səbəbi ilə yarışlara qatılmamaqla ona dəymiş maddi zərər olaraq 2.000 ABŞ dolları manatla məzənnə üzrə, 100.000 manat olimpiada mükafatı və 100.000 manat mənəvi zərər olmaqla, ümumilikdə 2.000 ABŞ dolları manatla məzənnə üzrə, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, 200.150 manat, vəkilə göstərdiyi yardıma görə ödədiyi 300 manat, tərcüməyə haqqı olaraq ödənilən 230 manat və 506.2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisə “X3nın bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında Monreal Konvensiyasına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin Konvensiyanın 22-ci maddəsinin 2-ci bəndinə görə baqajın daşınması zamanı məhv edilmə, itirilmə, korlama və ya ləngitmə halında daşıyıcının məsuliyyəti, sərnişinin qeydiyyata alınmış baqajın daşıyıcıya təhvil verilməsi anında çatdırılmada maraqlı olması barədə xüsusi bəyannamə verdiyi və zəruri olduğu təqdirdə əlavə yığım ödədiyi hallar istisna edilməklə, hər bir sərnişinə münasibətdə 1000 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Bu halda daşıyıcı, bu məbləğin sərnişinin çatdırılmada həqiqi marağından artıq olduğunu sübut edə bilmədiyi təqdirdə, bəyan edilmiş məbləğdən artıq olmayan məbləği ödəməyə borcludur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı tələbinin Konvensiya ilə müəyyən edilmiş kompensasiyanın məbləğinə münasibətdə qismən təmin edilməsi ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının baqajının itməsi, bunun nəticəsində (idman geyimlərinin baqajda olması) idman yarışlarında iştirak edə bilməməsi onun tərəfindən mənəvi sarsıntının keçirilməsi təkzibedilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi zərərə görə tutulacaq məbləğ ağlabatan və tərəflərin mənafeyinə uyğun olmalıdır. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 1000 manat tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Türkiyə Respublikasının “X9 X6 Sözleşmesi” Şirkətindən iddiaçının xeyrinə maddi zərərə görə 460 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), həmçinin mənəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh “X9 X6 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X9” Nümayəndəliyindən maddi zərərə görə 460 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), mənəvi zərərə görə 1000 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qismən təmin edildiyindən, iddiaçının vəkilə göstərdiyi yardıma görə ödədiyi 300 manat, tərcümə haqqı olaraq ödədiyi 230 manat və 506,20 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%, yəni 518,10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 518,10 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar