Məhkəmə qərarları › İş №e-2(011)-5688/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5688/2024

09.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5688/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (direktoru) X1, vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “Ümumi Yığıncağın protokolundan çıxarışın verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, yaşayışın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 154,8 kv.m.-dən ibarət 3 otaqlı, 32 saylı mənzilə (bundan sonra – Mənzil) dair əvvəlcə cavabdehlə Şahid (Payçı) arasında xx.xx.2020-ci il tarixdə 76 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin əsas şərtinə görə Payçı (Şahid) yuxarıda qeyd edilən ünvanda çoxmərtəbəli bina tikintisini Podratçıya – cavabdehə həvalə edir və həmin binada 1 kv.m-nin qiyməti 1800 manat olmaqla, Mənzilə görə cəmi 278640 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 26-23 CB nömrəli maliyyə arayışına görə Mənzilə görə 278640 manat pul Şahid tərəfindən cavabdehə ödənilmişdir.

2. xx.xx.2023-cü il tarixdə isə, iddiaçı ilə cavabdeh arasında Mənzilə dair yeni müqavilə bağlanmış, həmin müqavilənin də əsas şərtinə görə Payçı (İddiaçı) yuxarıda qeyd edilən ünvanda çoxmərtəbəli bina tikintisini Podratçıya – cavabdehə həvalə edir və həmin binada 1 kv.m-nin qiyməti 968 manat olmaqla, Mənzilə görə cəmi 150000 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 26-23 CB nömrəli maliyyə arayışına görə Mənzilə görə 150000 manat pul iddiaçı tərəfindən cavbdehə ödənilmişdir.

3. 27.09.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında “Qarşılıqlı Razılaşma” imzalanmışdır. Həmin razılaşmanın mətnində qeyd edilir ki, iddiaçı ilə Şahid razılığa gəlirlər ki, sonuncu ona məxsus Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır. Girov qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir. Bu məbləğ Şahid tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzərində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur.

4. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı, Araz Abduləzimov və Şahid (Şahid qismində) daha bir “Qarşılıqlı Razılaşma” (işə yalnız surəti əlavə edilmişdir) imzalanmışdır. Həmin razılşamanın da məzmununda qeyd edilmişdir ki, iddiaçı ilə Araz Abduləzimov razılığa gəlirlər ki, sonuncu ona məxsus ünvan 1 ünvanında yerləşən və cavabdeh MTK tərəfindən inşa edilən Mənzili xx.xx.2023-cü il tarixli, 76 saylı alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirərək faktiki olaraq onu iddiaçının adına keçirməklə mənzili təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır. Girov qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir. Bu məbləğ, 150000 manat Araz Abduləzimov tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlar, iddialar, tələblər ləğv olunur.

5. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Şahid qəbz yazaraq (işə yalnız surəti əlavə edilmişdir) bildirmişdir ki, o, cavabdeh MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən Mənzili xx.xx.2020-ci il tarixli, 76 saylı müqavilə ilə satın almış, bu gün yəni xx.xx.2023-cü ildə həmin mənzilə görə ödədiyi 278640 manat pulu MTK-dan geri almış və Mənzili MTK-ya qaytarmışdır. MTK-ya, onun rəhbərliyinə bu mənzillə bağlı nə indi, nə də gəlcəkdə heç bir iddiası və tələbi olmayacaqdır.

6. Bundan başqa, işə əlavə edilmiş “materialın ərazi aidiyyəti üzrə göndərilməsi” barədə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şahid barəsində toplanmış cinayət işinin materialları sonuncunun barəsində Abşeron RPİ-nin İŞ-də aparılan cinayət işinə birləşdirilməsi üçün AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçının şikayəti Şahid birgə fəaliyyət göstərərək gəlir əldə etmək məqsədilə onu aldadaraq 150000 manat pul alması ilə bağlıdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 kv.m.-dən ibarət 32 saylı, 3 otaqlı, onun tərəfindən pay haqqı ödənilmiş mənzilə dair MTK üzvlərinin Ümumi Yığıncağının iclas protokolundan çıxarışın ona təqdim edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, onun tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasında 150000 manat pay dəyərini ödəniş edərək cavabdehdən Mənzili almışdır. Mənzilin pay dəyərinin onun tərəfindən tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2023-cü il tarixdə maliyyə arayışını və kassa mədaxil qəbzini cavabdeh ona təqdim etmişdir. Sözügedən bina istismara qəbul edildiyindən orada mənzili olan sakinlərin əksəriyyətinin mənzillərinə dair çıxarışları mövcuddur. O da aldığı mənzili xüsusi mülkiyyətə keçirmək məqsədilə ASAN xidmət mərkəzində DƏDRX-yə müraciət edərkən ona MTK-nın Ümumi Yığıncağının iclas protokolundan payçı olduğuna dair çıxarışın digər sənədlərlə birlikdə təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bundan sonra, dəfələrlə telefon vasitəsi ilə həmin sənədlərin verilməsini cavabdehə bildirsə də, həmin sənədlər müxtəlif bəhanələrlə ona verilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Bu barədə cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya mktubundan sonra indiyədək məsələyə cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. İddiaçı xeyli müddət səhhəti ilə bağlı tez-tez xaricə gedib-gəldiyindən bu məsələ ilə bağlı hüquqi müstəvidə məşğul olmaq üçün subyektiv səbəblərdən zamanı olmamışdır. Cavabdehin Mənzilinə dair ÜY iclas protokolundan ona payçı olmağı barədə arayış verilməsindən imtina etməsi mülkiyyətinə sərbəst qərar və sərəncam vermək hüququndan onu məhrum etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

11. Cavabdeh MTK-nın nümayəndəsi (sədri) məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının heç vaxt mənzili almaq niyyəti olmayıb. İddiaçı nə mənzilə baxış keçirməyib, nə kommunal xərcləri ödəməyib. İddiaçının məqsədi hazırda mənzili başqa yollarla əldə etməkdir. İddiaçı ona 100 000 manat məbləğində pul vəsaiti verirdi, həmin borcun qaytarılmasının təminatı olaraq mənzilə dair razılaşma imzalanıb. Digər təsisçilərin mənzillərə dair razılaşmalardan məlumatları olmamışdır.

12. Cavabdehin vəkili və nümayəndəsi bildirdi ki, tərəflər arasında mənzilə dair bağlanmış razılaşma formal xarakter daşıyır. Əslində iddiaçı ilə cavabdehin təmsilçisi Araz Abduləzimov arasında razılaşma belə olmuşdur ki, iddiaçı Araz Abduləzimova 100 000 manat məbləğində pul verməli, Araz Abduləzimov isə 3 ay ərzində həmin puldan əlavə 50 000 manat məbləğində də əlavə gəlir verməli idi. Həmin pul vəsaitinin ödənilməsinin təminatı olaraq da sözügedən razılaşma imzalanmışdır.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

15. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

16. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

17. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

20. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

21. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

23. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir

24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

29. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

31. Tərəflər arasındakı mübahisə Mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn hüquqi nəticələrlə bağlı olduğundan, məhkəmə hesab edir ki, əvvəlcə həmin müqavilənin etibarlılıq şərtlərinin yoxlanılması zəruridir.

32. AR Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında göstərmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

33. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz azad iradə seçimləri ilə uzlaşan razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu, şərtlərini, habelə görmək istədiyi (arzuladığı) hüquqi nəticəni sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). İradə ifadəsi əqli dərketməyə dayanmalı və müqavilə tərəflərinin görmək istədiyi (arzuladığı) hüquqi nəticə ilə üst-üstə düşməlidir (uzlaşmalıdır). Əks halda iradə ifadəsi natamam (zədələnmiş) olacaqdır. Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) zədələnməsi, yaxud mövcud olmaması isə əqdin etirbarsızlığı üçün əsas olacaq.

34. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

35. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün tərəflər arasında Mənzilə dair bağlanmış müqavilənin etibarlılıq şərtləri müqaviləyə qədər onlar arasındakı bütün münasibətlər və müqavilənin bağlanması ilə bağlı bütün hərəkətlər nəzərə alınmaqla yoxlanılmalıdır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin də tələbi ondan ibarətdir ki, müqavilə təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

36. Qeyd edilən müddəanın mənasından da görünür ki, müqavilənin təfsir edilməsi zamanı yoxlanılmalı olan ilk hüquqi addım tərəflərin iradə ifadəsinin həqiqi mənasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, tərəflərin iradə ifadəsinin həqiqiliyi (müqavilə üzrə iradə ifadəsinə dayanmaqla arzuladığı hüquqi nəticə), eyni zamanda həm onların müqaviləyə qədərki hüquqi hərəkətləri, münasibətləri və bununla bağlı danışıqları, həm də müqavilədən sonrakı davranışları ilə uzlaşmalıdır. Əks halda, iradə ifadəsinin həqiqliyi şübhə doğurmuş olacaqdır.

37. Məhkəmə işdə olan sübutları, tərəflərin tələb və etirazlarının dəlillərini nəzərdən keçirərək, habelə məhkəmə baxşı zamanı verilən izahatları dinləyərək belə qənatə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə Mənzilin əldə edilməsinə dair həqiqi müqavilə yox, uydurma əqd olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən Mənzilə heç bir vizual baxış keçirilməmiş (halbu ki, sözügedən müqavilə bağlanarkən Mənzil artıq mövcud olmuşdur), Mənzilin müqavilədə göstərilən qiymətini ifadə edən pul vəsaiti isə, əslində mübahisə edilən həqiqi müqavilə üzrə Mənzilin qiyməti kimi deyil, tərəflər, yaxud iddiaçı ilə Şahid arasında mövcud olmuş borcun məbləğini ifadə etmiş pul məbləğidir. İşin bu halı həm işdə olan “Qarşılıqlı Razılaşmalar”, həm də Araz Abduləzimovla iddiaçı arasında telefon vasitəsilə aparılan danışıqlar üzrə səs yazıları ilə təsdiq edilir.

38. 27.09.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında imzalanmış “Qarşılıqlı Razılaşma”da qeyd edilir ki, Şahid ona məxsus olan Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır və həmin məbləğ sonuncu tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmadıqda tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla (Razılaşmada Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir), iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzrəində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı və Araz Abduləzimov tərəfindən əvvəlki ilə eyni məzmunlu daha bir “Qarşılıqlı Razılaşma” (bu Razılaşmanı Şahid kimi qeyd edilməklə imzalamışdır) imzalanmışdır. Bu Razılaşmada isə Mənzilin bu dəfə Araz Abduləzimovun iddiaçıdan aldığı 150000 manat borcun təminatı üçün girov qoyulması, 2-3 ay müddətindən gec olmamaq şərtilə borc qaytarılmadığı halda Razılaşma üzrə tərəflərin Mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən (bu Razılaşmada da Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir) aşağı satmaqla, iddiaçının borcunun, yəni 150000 manatı dərhal bağlanması, bununla da iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlarının, iddialarının və tələblərinin ləğv olunması qeyd olunmuşdur (xx.xx.2023-cü il tarixdə imzalanmış “Qarşılıqlı Razılaşma”nın əsli məhkəməyə təqdim edilməsə də, onun məzmunu işin faktiki halları və tərəflərin izahatları ilə eynilik təşkil etdiyindən məhkəmə həmin sənədi sübut kimi qəbul edir).

39. Bundan başqa, Araz Abduləzimovla (özünü cavabdehin təsisçilərindən biri olan Tahir adı ilə təqdim edir) iddiaçı arasında olan telefon danışığının CD diskə (optik daşıyıcı) köçürülmüş və məhkəmə baxışında tədqiq edilmiş səs yazılarından müəyyən olunur ki, iddiaçı başqa bir şəxsin (səs yazısında “ağsaqqal” adı ilə qeyd edilir) xahişi ilə Şahid 150000 manat borc verdiyini, onun əlində “sənəd” olduğunu (şübhəsiz ki, iddiaçı “sənəd” dedikdə Mənzilə dair müqavilə, maliyyə arayışı və kassa məxaric orderini nəzərdə tutur) qeyd edir. Araz Abduləzimov isə Elnurun onu aldatdığını, saxta müqavilə ilə iddiaçının adına “evi (burada mübahisəli Mənzil nəzərdə tutulur, çünki iddiaçı ilə cavabdeh arasında hər hansı mənzilə dair ikinci bir müqavilə işdə mövcud deyil)” onun adına rəsmiləşdirdiyini bildirir. Həmçinin, Araz Abduləzimov, onunla birlikdə olan digər şəxs (danışıq zamanı özünün təqdim etmir) və özünün Əliağa olduğunu bildirən şəxs arasında aparılan danışığın səs yazısından da müəyyən edilir ki, Əliağa adlı şəxs bildirir ki, Şahid 150000 manat pulu onlar vermişlər və bunun qarşılığında təminat olaraq Mənzilə dair müqavilə iddiaçının (səs yazısında dəqiqləşdirmə üçün iddiaçı “cavan olan Bəxtiyar” kimi adlandırır) adına rəsmiləşdirilmişdir. Hətta, danışıq zamanı Əliağa adlı şəxs bildirir ki, əslində Mənzil formal olaraq iddiaçının adına sənədləşdirilmiş, verilən 150000 manat pulun isə iddiaçıya məxsus olması ilə bağlı ziddiyyətli fikirlər bildirir.

40. Şərh edilənlərdən də görünür ki, Mənzilə dair bağlanmış müqavilə, əslində iddiaçı tərəfindən Şahid verilmiş 150000 manat pulun 2-3 ay müddətində qaytarılmasının təminatı olaraq verilmiş, həmin müqavilə Mənzilin satılması ilə bağlı tərəflərin həqiq iradə ifadəsini əks etdirməmişdir. Bu əsas həm iddiaçı ilə Şahid arasında, həm də surəti məhkəməyə təqdim edilmiş iddiaçı, Araz Abduləzimov və Şahid tərəfindən imzalanmış “Qarşılıqlı Razılaşmalarda” açıq şəkildə qeyd edilmişdir. Yoxlanılan müqavilə üzrə tərəflərin müqaviləyə qədərki münasibətlərinin və həqiqi iradə ifadələri ilə razılaşmaların mətninin qarşılıqlı təhlilindən müəyyən edilir ki, sözügedən borcun qaytarılmadığı halda, iddiaçının hüuququ Mənzilin təcili satılaraq əldə edilmiş vəsait hesabına borcun qaytarılması olmuşdur. Göründüyü kimi, Mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə həqiqi alqı-satqı müqaviləsi üzrə hüquqi nəticələri yaratmaq qabiliyyətində olmamaqla, uydurma (əhəmiyyətsiz) əqd olmuşdur. Müqavilə üzrə tərəflərin həqiqi iradə ifadəsi isə 150000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur.

41. Göstərilənlərdən əlavə, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli müqavilə həm də ona görə etibarsız olmuşdur ki, həmin müqavilə bağlanan vaxt Mənzilə dair hələ cavabdehlə Şahid arasında xx.xx.2020-ci il tarixli, 76 saylı müqavilə qüvvədə olmuşdur. İşə əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, həmin müqavilə üzrə də cavabdeh Mənzilin dəyərinin (278640 manat) Şahid tərəfindən ödənilməsinə dair xx.xx.2020-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderi vermişdir. Şahid isə yalnız Mənzilin qaytarılmasına dair xx.xx.2023-cü il tarixdə qəbz yazaraq (işə surəti əlavə edilmişdir) Mənzili cavabdehə qaytardığını və ödədiyi 278640 manat pulu MTK-dan geri aldığını bildirmişdir. Göründüyü kimi, hələ xx.xx.2023-cü il tarixədək Şahid Mənzil üzərində müqavilə üzrə sahiblik və istifadə hüququ olduğu halda, həmin mənzilə dair digər bir müqavilə bağlana bilməzdi.

42. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə uydurma əqd olmaqla əhəmiyyətsiz olduğundan, iddiaçı həmin müqaviləyə əsaslanaraq Mənzilə dair mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdeh MTK üzvlərinin Ümumi Yığıncağının iclas protokolundan çıxarışı tələb etməkdə haqlı deyil.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar