Məhkəmə qərarları › İş №e-2(011)-5798/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5798/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5798/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 850 manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən BA715588 nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə 16 mart 2017-15 mart 2018-ci il müddətinədək sığortalanmış ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də 15 may 2017-ci il tarixdə yuxarı mərtəbədə yerləşən, Cavabdeh sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində qeyd olunan qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Su basma hadisəsi "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda öz təsdiqini tapmışdır. Su basma nəticəsində vurulmuş ziyan 950 manat məbləğində müəyyən edilmiş, həmin zərərdən 100 manat azaldılma məbləği çıxılaraq "xxxx" ASC mənzilə vurulmuş ziyana görə qeyri-yaşayış sahəsinin sahibinə 850 manat məbləğində sığorta ödənişini etmişdir. Ödənilmiş 850 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 15 may 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsindən yuxarı mərtəbədə yerləşən, Cavabdeh sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində "xxxx" ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmış sözügedən qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Bu barədə "xxxx" MMC tərəfindən akt tərtib edilmişdir. Dəymiş ziyan 950 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən sığortaçının zərər məbləğindəki payı 850 manat müəyyən edilmişdir. Dəymiş ziyanın əvəzi olaraq 850 manat pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin verdiyi izahatlar və iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, "xxxx" MMC-yə və cavabdehə məxsus əmlaka baxış keçirilmiş, cavabdeh su axıdılmasının səbəbinin ona məxsus mənzilin mətbəxində paltaryuyan maşının su xəttinə birləşmə hissəsində yaranmış nasazlıq olduğunu bildirmiş, bu barədə akt tərtib edilmiş və "xxxx" MMC-nin direktoru, mühəndisi, santexniki, "xxxx" körpələr evinin direktoru akta imza atmışlar. Cavabdeh iddia tələbinə etiraz mövqeyində olmuş, iş üzrə iddia müddətinin tətbiq edilərək ərizənin rədd edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, 15 may 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMCyə məxsus qeyri-yaşayış sahəsindən yuxarı mərtəbədə yerləşən, Cavabdeh sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində "xxxx" ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmış sözügedən qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edildiyindən, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əksini sübut edəcək hər hansı dəlillər təqdim edilmədiyindən iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-cimaddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqress öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Subroqasiya hüququ məhz qanundan yaranmış öhdəlikdir. Bu halda Mülki Məcəllənin mövcud tələbinə uyğun olaraq iddia müddəti 10 il tətbiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar