Məhkəmə qərarları › İş №e-2(011)-5816/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5816/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5816/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 Əbülfət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakına dəymiş zərərin əvəzi olaraq 23357 manat, avtomobilin daşınması ilə bağlı 30 manat, tibbi müayinə ilə bağlı 140 manat, mənəvi zərər üçün 5000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manatın onun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09.08.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh iddiaçının əmlakına vurulmuş zərərin əvəzi olaraq 18357 manatın, əmtəəlik görnüşünün itirilməsi və avtomobilin bazar qiymətinin düşməsinə görə 27500 manatın, avtomobilin daşınması ilə bağlı ödənilmiş 30 manat xərcin, 140 manat tibbi müayinə ilə bağlı xərcin, 5000 manat mənəvi zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 51057 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur, 23 iyun 2021-ci il tarixdə saat 16:40 radələrində iddiaçı ona məxsus avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi ilə hərəkətdə olarkən ara məhlədən yola çıxan “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının idarə etdiyi avtomobilin sağ tərəfindən vurmuş və toqquşma nəticəsində yolun kənarına çırpılmışdır, baş vermiş yol nəqliyyat hadisəsi yol patrul xidməti inspektoru tərəfindən araşdırılmış və Ə.Əhmədov barəsində 24.06.2021-ci il tarixli İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmişdir, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin inzibati xəta haqqında qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir, yol nəqliyyat hadisəsindən sonra avtomobilə dəymiş zərərin hesablanması məqsədilə avtomobil sürülüb aparılması mümkün olmadığı üçün evakuator vasitəsilə dərhal Nurgün Motors şirkətinin servisinə aparılmışdır, həmin şirkət tərəfindən tərtib edilmiş 25.06.2021-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymiş və avtomobil tamamilə yararsız hala düşmüşdür, avtomobilin ön hissəsi, sağ orta dayağı, arxa sağ və ön qapısı, arxa sağ qanadı, arxa sağ arka hissəsi, lanjeronu, sağ disklər və traversi, ön sağ qanadı və digər hissələri sıradan çıxmışdır, həmçinin bəzi ehtiyat hissələrinin tam olaraq dəyişdirilməsi zərurəti yaranmışdır, sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir, lakin bu təmir-bərpa xərcini qarşılamır, yol nəqliyyat hadisəsindən sonra iddiaçı boyun nahiyəsində ağrılar hiss etmiş, özünü narahat hiss etmiş, Zəfəran Hospitalında boyun fəqərələrini MRT etdirmiş və bununla bağlı tərəfindən xidmət haqqı olaraq 140 manat ödənilmişdir, müayinədən sonra kəllə-beyin travması və s. ilə bağlı hər hansı mənfi hal ortaya çıxmamışdır, bundan əlavə yol nəqliyyat hadisəsi zamanı o, sarsıntı keçirmiş, hadisənin şokundan hələ də özünə gələ bilməmişdir, həmçinin qəza nəticəsində maşının bazar dəyəri də düşmüşdür, avtomobilin real dəyəri olduqca çoxdur, dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamış, Cavabdeh avtomobilə dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Sonda Vəkil1 iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun olmuşdur, 24.06.2021-ci il tarixdə iddiaçı ilə avtomobillərinin toqquşduğu doğrudur, həmin yol hadisəsində təqsirkar olduğunu bilir, öz avtomobilinə 150 manat xərc çəkilmişdir, iddiaçının maddi vəziyyəti yaxşıdır, amma öz maddi vəziyyəti yaxşı deyildir, 1400-1500 manat pul qazanır. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, təqdim olunan rəy üzrə qeyd olunanlar həqiqəti əks etdirmir, təmir-bərpa hissəsi obyektiv olsa da, dəyişilməli hissələrin məbləği şişirdilib, real xərc çox azdır, hal-hazırda avtomobil Nurgün motorsda təmir edilir, cavabdeh çəkilməmiş xərcə görə məsuiyyət daşımamalıdır, sığorta şirkətinin iddiaçıya ödədiyi 5 min manat vurulmuş zərərin qarşılanması üçün kifayət edir, digər kiçik xərclərin isə hazırki işlə səbəbli-əlaqəsi yoxdur, həmçinin 5000 manat mənəvi zərərin ödənilməsi ilə də razı deyildir, iddiaçıya mənəvi zərərin vurulması ilə bağlı hər hansı bir sübut yoxdur. Sonda Vəkil2 qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AB366647 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. Belə ki, iş materiallarında olan AD990069 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İNFİNİTİ QX50” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarından görünür ki “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində 24.06.2021-ci il tarixli İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin 24.06.2021-ci il tarixli TP4446731 saylı inzibati xəta haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə AYP seriyalı, 047000 nömrəli Arayışdan görünür ki, 23.06.2021-ci tarixdə saat 16:40 radələrində, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh məxsus “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və İddiaçı məxsus “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil müxtəlif hissələrdən zədələr almışdır. İş materiallarında olan, “Nurgün motors” tərəfindən verilmiş 25.06.2021-ci il tarixli Qüsur Aktından görünür ki, İddiaçı məxsus “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərci 23357 manat təşkil edir. İş materiallarında olan 24.06.2021-ci il tarixli ********* nömrəli qaimədən görünür ki, İddiaçı Zəfəron Hospitalda boyun fəqərələrinin MRT xidmətinə görə 149 manat ödəniş etmişdir. İş materiallarında olan 24.06.2021-ci il tarixli 780540 nömrəli mədaxil qəbzindən görünür ki, “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə evakuasiya xidmətinin göstərilməsi ilə bağlı "xxxx" MMC-yə 30 manat ödəniş edilmişdir. İş materiallarında olan 05.07.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 02.08.2021ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018-ci il olan, tünd göy metallik rəngli minik avtonəqliyyat vasitələrinin saz (qəzaya uğramamış) vəziyyətdə təqdim edilən sənədlər və fotoşəkillə nəzərə alınmaqla 02.08.2021-ci il tarixinə bazar dəyəri 67500 manat , “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018-ci il olan, tünd göy metallik rəngli minik avtonəqliyyat vasitəsinin təmir olunduqdan sonra, mövcud vəziyyətə uyğun olaraq, metodika üzrə fiziki, mənəvi, iqtisadi aşınmaları toplam olaraq 38-42 % təşkil edərək 02.08.2021-ci il tarixinə bazar dəyəri 40000 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 18.10.2021-ci il tarixli 9/6346-8/2379 nömrəli ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti 14407 manat, təmir-bərpa işlərinin qiyməti 2410 manat olmaqla, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16817 manat təşkil edir. Həmin rəyin nəticə hissəsində 2018-ci il buraxılışlı “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 1998 sm kub olan avtomobilin 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 63000 manat müəyyən olunmuşdur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyni model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən təmirə məruz qalmış (dəyişilməli və təmir edilən hissələr alınmaqla) 2018-ci il buraxılışlı “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 1998 sm kub olan avtomobilin bazar qiymətində təxminən 10 faizədək fərq olması istisna edilmir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, həmin avtomobilə 23 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuşdur, R.Ə.X1 Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur, avtomobilin təmir-bərpa xərci 16817 manat təşkil edir, iddiaçıya məxsus avtomobilin normal vəziyyətdə bazar dəyəri 63000 manatdır, onun təmirə məruz qalmış vəziyyətdə qiyməti həmin məbləğdən 10% daha azdır (ən azı), iddiaçı avtomobilin hadisə yerindən evakuasiya xidməti üçün 30 manat, hadisə nəticəsində sağlamlığına dəymiş zərərə görə isə 149 manat pul ödəmişdir, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 16817 manat həddində, avtomobilin bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş zərər üzrə isə onun normal vəziyyətdə 2021-ci ilə olan bazar qiymətinin (63.000 manat) 10%-i məbləğində, yəni 6300 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 5000 manat məbləğ nəzərə alınmalıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı məxsus olan daşınar əmlaka vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, zərərçəkən şəxsin qadın olmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəyiş maddi və mənəvi zərərin ümumi məbləği avtomobilə dəymiş ziyan kimi 5000 manat sığorta ödənişi nəzərə alınmaqla (16817+6300-5000) 18117 manat, avtomobilin evakuasiya xidməti üçün ödənilmiş 30 manat, tibbi müayinə üçün ödənilmiş 140 manat və mənəvi zərərə görə kompensasiya kimi 500 manat olmaqla, ümumilikdə 18787 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 18787 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 18787 (on səkkiz min yeddi yüz səksən yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar