Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5836/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx"ASC) cavabdehlər Cavabdeh3, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5000,00 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 00:30 radələrində Bakı şəhəri, Şərifli küçəsi ərazisindəCavabdeh1 məxsus, istifadə hüququ Cavabdeh2 verilən, Cavabdeh3 tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Lada 21214” markalı, 99-OL128 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Accent” markalı, **-BE-***, “BMW 323” markalı, **-EF-*** və “Volkswagen Polo” markalı, 90-RX326 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərfindən tərtib edilmiş TP5326747 saylı qərara əsasən Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Təqdim edilmiş qüsur aktında “Hyundai Accent” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər 13724,00 (on üç min yeddi yüziyirmi dörd) manat məbləğində müəyyən edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000,00 (beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. "xxxx" ASC tərəfindən PXA122651/22saylı sığorta aktı tərtib edilməklə “Hyundai Accent” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000,00 (beş min) manat sığorta ödənişi ödənilmişdir. “BMW 323” markalı, **-EF-*** və “Volkswagen Polo” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərəri isə Cavabdeh özü qarşılamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “Lada 21214” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə etibarnamə əsasında Cavabdeh2 verilmiş və hadisə zamanı Cavabdeh3 tərəfindən idarə etmək hüququ olmadan idarə edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, avtomobil anasının mülkiyyətində olmuşdur. Azər ilə onun arasında maşın söhbəti olmuşdur. Belə ki, tikinti materiallarından mal götürmüşdür, pulun yarısını verib yarısı isə qalmışdır. Borc səbəbi ilə maşını Azərə satmaq qərarına gəlmişdir və cəmi 100 manat ondan beh olaraq götürmüşdür. Azərə bildirmişdir ki, sabaha qədər gözləsin anası gəlsin və avtomobili onun adına rəsmiləşdirsinlər. Lakin həmin gün Azər avtomobili etibarnaməsiz idarə etmiş və nəqliyyat hadisəsi törətmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC tərəfindən verilmiş PXA122651 saylı sığorta aktının surətindən görünür ki, sığorta predmeti olan “Lada 21214” markalı, 99-OL128 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai Accent” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq sonuncuya 13724 manat məbləğində zərər dəymişdir. xx.xx.2022-ci il tarixli, 2453 saylı məktubdan görünür ki, qiymətləndirmə nəticəsində ödəniləcək məbləğ daha sonra Cavabdeh3 subroqasiya qaydasında geri tələb ediləcəyindən "xxxx" ASC tərəfindən ona qiymətləndirilmənin nəticələri ilə tanış olmağı tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixli 2619 saylı məktubdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh3 sığorta ödənişini subroqasiya qaydasında ödəməyi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında tələb ediləcəyi və məhkəmə və vəkil xərclərinin ondan tutulacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli AA041/1509 saylı Aktdan görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpası üçün servis xidmətlərin və ehtiyat hissələr və materialların qiyməti 13724 manat müəyyən edilmişdir. İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “Lada 21214” markalı, 99-OL128 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulan xətaları törətmişdir. PXA********** saylı, icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Lada 21214” markalı, 99-OL128 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASCdə avtomobillərin tam sığortası növündə sığortalanmış, sığortalı Cavabdeh2 olmuş, sığorta müddəti xx.xx.2021-ci – xx.xx.2022-ci il olmuşdur. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli **********32 saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” AR Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il saat 00:30 radələrində toqquşma baş verərək, yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh3 “Lada 21214” markalı, 99-OL128 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən toqquşma nəticəsində “Hyundai Accent” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrin əsasən Cavabdeh3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verərkən Cavabdeh1 məxsus “Lada 21214” markalı, 99-OL128 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən onu istismar etməyə hüququ olmadan idarə etməsi ilə baş verdiyindən, bununla da "xxxx" ASC-nin Cavabdeh3 qarşı subroqasiya hüququ yarandığından, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh3 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh3 üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, “Lada 21214” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Lətifə Talıbovun mülkiyyətində olmasına və Cavabdeh2 istifadəsinə verilməsinə baxmayaraq Cavabdeh3 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan və onun tərəfindən Cavabdeh2 etibarnamə ilə istifadəsinə verilmiş “Lada 21214” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən qanuni əsas olmadan idarə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu idarə etmiş olan Cavabdeh3 daşımalı, digər cavabdehlərə münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. İş materiallarından görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpası üçün servis xidmətlərin və ehtiyat hissələr və materialların qiyməti 13724 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində ödəniş edilmişdir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh3 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh3 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh3 5000 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, yəni 70 manat iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 5000 (beş min) manat məbləğində ödənilməmiş borc pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5070 (beş min yetmiş) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5836/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5836/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver