Məhkəmə qərarları › İş №e-2(011)-59/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-59/2024

05.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-59/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətçi tərəfindən kompensasiya verməklə onların Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 52-ci mənzilindən istifadə hüququna xitam verilməsi, kompensasiyanın məbləğinin hər 4 cavabdeh üçün birgə olmaqla cəmi 12000 manat müəyyən edilməsi, mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 52-ci mənzili iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının anası, qardaşı və bacılarıdır. Ali Məhkəmənin 19 dekabr 2013-cü il tarixli 2-2(102)-1253/2013 saylı qərarı ilə cavabdehlərin həmin mənzilə istifadə hüquqları tanınaraq, istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması DƏDR Xidmətinə həvalə edilmişdir. Tərəflərin arasında faktiki ailə - qohum münasibətləri pozulmuşdur. Əmlakdan birgə istifadə mümkün deyildir. Əmlakı faktiki olaraq cavabdehlər istifadə edir, iddiaçı yox. Cavabdehlərin istifadə hüququ iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə faktiki olaraq mane olur. Mülkiyyətçi iddiaçı cavabdehlərə kompensasiya verməklə onların istifadə hüququna xitam vermək qərarı vermişdir. Tərəflərin arasında mediasiya vasitəsilə mübahisənin həlli mümkün olmamışdır. Belə ki, cavabdehlər qeyri-adekvat məbləğdə kompensasiya istəmişlər. Mənzil köhnə tikilidir, 4 otaqlıdır, təmir vəziyyəti pisdir. Müvafiq bazar məlumatlarına internet resurslarından (məsələn, bina.az saytı) baxıldıqda və mütəxəssis rəylərinə nəzər saldıqda, cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradılması üçün onlara cəmi 12000 manat kompensasiya verilməsini mütənasib hesab edirlər. Ümumiyyətlə onlarda olan məlumatlara əsasən, cavabdehlər mənzilə faktiki sahiblik etsələr də, onların başqa yaşayış sahələri var, orada yaşayırlar, mənzili isə mülkiyyətçinin razılığı olmadan başqa şəxslərin istifadəsinə (kirayəyə) verirlər. Belə ki, cavabdehlərdən Cavabdeh2 mülkiyyətində mənzil vardır. Yəni onun bilavasitə özünə məxsus yaşayış yeri vardır. Bu fakt Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilmiş vəkil sorğusuna cavabda öz təsdiqini tapmış və məhkəməyə təqdim edilmişdir. Digər cavabdehlər də iddiaçıya məxsus olan evdə yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən, şəxs yaşadığı yer üzrə qeydiyyata alınır. Mübahisəli mənzilə dair təqdim edilmiş “yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair” məlumatdan görünür ki, cavabdehlərdən yalnız biri – Cavabdeh1 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, digər cavabdehlər yox. Yəni heç yerində araşdırmadan, sənədlərlə təsdiq olur ki, 4 cavabdehdən 3-ü həmin mənzildə yaşamır. Bununla belə, Zaur faktiki sahibliyi həyata keçirir, uzun müddətdir mənzildə faktiki olaraq cavabdehlər deyil, X7 adlı şəxs öz ailəsi ilə birgə yaşayır, kirayə haqqını da Cavabdeh2 özü alırdı. Son aylarda iddiaçı buna etiraz elədi və hazırda həmin evdə qalan kirayəçi kirayə haqqını heç kimə ödəmir. Hazırkı iş üzrə 2024-cü il iyunun 13-də keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapdı ki, cavabdehlərin heç biri həmin mənzildə yaşamırlar, mənzili başqa şəxslərə kirayə veriblər. Bütün bunlar iddianın əsaslı olduğunu təsdiq edir. Cavabdehin kompensasiyanın miqdarının az olması ilə bağlı etirazı isə əsassızdır, məhkəmə iclası zamanı cavabdehlərin nümayəndəsi təklif edilən kompensasiyanın az olduğunu bildirsə də, “bəs nə qədər kompensasiya istəyirsiniz?” sualına cavab vermədi. Kompensasiyanın mahiyyəti şəxsin yaşayış yerini itirməsinə görə müvəqqəti olaraq yaşayış yeri ilə təmin edilməsi məqsədi daşıyır. Əksinə, məhkəmə icraatı zamanı aparılan prossesual hərəkətlərlə də öz təsdiqini tapmışdır ki, cavabdehlər həmin mənzildə yaşamırlar, yəni mahiyyətcə kompensasiyaya da ehtiyac yoxdur. Buna baxmayaraq, iddiaçı tərəf olaraq, məhkəmə işinin uzanmaması məqsədilə, məhkəmə tərəfindən təsdiq edilməklə barışıq sazişi bağlanmaq şərtilə hətta kompensasiya məbləğinin ağlabatan (anoloji təcrübələr nəzərə alınmaqla) həcmdə artıra bilərlər. Təəssüf ki, cavabdeh tərəf bu məsələlərə adekvat yanaşmır. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, cavabdehlərdən yalnız Zaurun evi var, o da ipotekadadır. Digər cavabdehlərin adına hər hansı bir daşınmaz əmlak yoxdur. Cavabdeh1 mənzili olmuş, lakin onu da 2018-2019-cu illərdə satmışdır. Hal-hazırda cavabdehlərin hər biri Zaurun evində yaşayırlar. İddiaçı ailə quraraq mümahisəli mənzili tərk etmiş, cavabdehlər uzun müddət həmin evdə yaşamışlar. Qısa bir müddətdir ki, həmin mənzili kirayə vermişlər. İddia tələbini – mübahisəli mənzilə istifadə hüququnun itirilməsinə görə veriləcək kompensasiya məbləğini (4 nəfər üçün ümumilikdə 12000 manat) qəbul etmirlər. Belə ki, təklif olunan məbləğ çox azdır və mövcud bazar qiymətəriylə ayaqlaşmır. Cavabdehlər minimum 4 nəfər üçün 50000 (əlli min) manatın ödənilməsini tələb edirlər. İddiaçının vəkili tərəfindən təqdim edilmiş “X8 Mərkəzi” MMC tərəfindən verilmiş arayışda Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52-ci mənzili üçün orta kirayə haqqı 350 AZN müəyyən edilir. “X8 Mərkəzi” tərəfindən tərtib olunan rəydə mübahisə predmeti olan mənzilə kirayə haqqı qoyulmuş 350 AZN real bazar qiymətlərinə uyğun olmayan kiçildilmiş qiymətdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsində yerləşən ümumi sahəsi 80-100 kv.m təşkil edən, 4 otaqlı kirayə mənzillərin aylıq kirayə dəyəri 700-800 AZN aralığında müəyyən edilmişdir. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 193988 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 82,15 kv.m. ümumi sahədən ibarət 4 (dörd) otaqlı 52 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0480538, 0480540, ******* və ******* saylı çıxarışlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mənzilə istifadə hüququ ilə xeyrinə yüklü edilən şəxslər kimi, İddiaçı isə mülkiyyət hüququ yüklü edilən şəxs dövlət reyestrində qeydiyyata alınmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, “Elektron notariat” X1 vasitəsilə “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan” Çıxarışdan görünür ki, X4, İddiaçı, Cavabdeh1, X2 ünvan 1 ünvanında qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən “Kaspian Leqal” vəkil bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 adına Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 334, 336, 45 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzil Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh4 adlarına istifadə hüquqları əsasında qeydiyyatdan keçmişdir və hazırda istifadələrindədir. İş materiallarında olan EMİS-dən Çıxarışdan görünür ki, Cavabdeh2 adına ünvan 2 ünvanında yeləşən 1 ədəd daşınmaz əmlak qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin “Səbail” filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 105/469 saylı Arayışdan görünür ki, Cavabdeh2 "xxxx" ASC-dən 25 iyul 2023-cü il tarixində İPKF2622323B105 saylı İpoteka müqaviləsinə əsasən əldə etdiyi 110 000 azn məbləğində olan kredit üzrə cari günə 108 795,93 AZN borcu mövcuddur. İPKF2622323B105 saylı İpoteka müqaviləsinə əsasən girovda olan daşınmaz əmlakın ünvanı ünvan 2-dur. İş materiallarında olan “X8 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli YDQ № S-006 saylı Arayışdan görünür ki, aparılan araşdırmalar, təhlillər ve hesablamalar nəticəsində, ünvan 3 ünvanında yerləşən 82,15 kv.m sahədən ibarət 4 otaqlı 52 saylı mənzilin qiymətləndirmə tarixinə orta aylıq icarə haqqı 350 AZN (üç yüz əlli manat) müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli UNİ/İ 25-194/24 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsində yerləşən ümumi sahəsi 80-100 kv.m təşkil edən, 4 otaqlı kirayə mənzillərin aylıq kirayə dəyəri 700 (yeddi yüz)-800 (səkkiz yüz) manat aralığında müəyyən edilmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 3 saylı evin 52 nömrəli mənzilində X7 ailəsi ilə birlikdə kirayəçi kimi yaşayır. O, həmin mənzildə 3-4 aydır ki, kirayə qaldığını bildirir, eyni zamanda qeyd edir ki, evi internetdən tapıb, maklerlə birgə gəlib evə baxıb, sonra Zaur müəllimlə razılaşma ediblər. Kirayə haqqını əvvəllər Cavabdeh2 ödəyirdi, sonra İddiaçı gəlmiş və ev yiyəsinin özü olduğunu, ona görə də kirayə haqqını Zaura ödəməməyi, ümumiyyətlə, heç kimə ödəməməyi demişdir. Kirayə pulu 500 manata danışılmışdı, lakin indi heç kimə pul vermir. Evdə onun və ev yiyəsinin əşyaları var. Cavabdeh3 bildirir ki, bu evi əvvəllər kirayə verməmişdir, sadəcə keçən il 1 iyunda əməliyat keçirmiş, hazırda da yeriyə bilmir, özözünü idarə edə bilmir, bununla əlaqədar xərcləri çox çıxmışdır. Ona görə evi kirayə vermişlər, evin kirayə pulunu 500 manata danışmışdılar. Zaur indi bu məsələlərdən sonra ipotekaya 2 otaqlı ev götürmüşdür, keçən il oktyabr ayından götürüb həmin evi, heç 1 il deyil. Həmin ev də mübahisəli evə yaxındır, piyada gediləcək masafədədir. O da hazırda Zaurla birlikdə qalır. Pərvin də Ülkər də onunla qalır. Pərvinin ayrı evi olub, lakin 2018- 2019-cu illərdə satılıb. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 aprel 2010cu il 2(011)-518/2010 saylı Qətnaməsi ilə Cavabdeh3 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, əqdin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi, mənzilin bölünməsi barədə” ilkin, İddiaçı Cavabdeh3 qarşı “mənzildən çıxarma” barədə qarşılıqlı iddia tələbləri rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-3183/2010 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin həmin qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il 2(102)-288/11 saylı Qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)-3183/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 sentyabr 2010-cu il 2(011)-2684/2010 saylı Qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “ev alqı-satqısı ilə əlaqədar ödənilməmiş pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş , Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2011-ci il tarixli, 2(103)-847/2011 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Ali Məhkəmənin 19 dekabr 2013-cü il tarixli 2-2(102)- 1253/2013 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2013-cü il tarixli, 2-1inz(103)-926/2013 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52 saylı mənzilinə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2010-cu il e-2(011)-2462/2023 saylı Qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən əmlaka dair X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr nömrəsi 0480537, qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi” barədə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5989/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin həmin qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2(102)-616/2024 saylı Qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 5989/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MSB/2-01989/2022 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onlar mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı nümayəndəsi Vəkil1 mediasiyaya dair 60 (50+10) manat xərci ödəmişdir. Mübahisənin predmeti mənzilə istifadə hüququna xitam verilməsi barədədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nnömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının anası, qardaşı və bacılarıdır, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 isə mənzilə istifadə hüququ ilə xeyrinə yüklü edilən şəxslər kimi 2013-cü ildən dövlət reyestrində qeydiyyata alınmışlar, cavabdehlərdən yalnız biri – Cavabdeh1 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, cavabdehlər hazırda həmin mənzildə yaşamır və ondan istifadə etmirlər, cavabdehlərdən Cavabdeh2 adına ünvan 2 qeydiyyata alınmışdır, digər cavabdehlər - Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 da həmin mənzildə Cavabdeh2la birlikdə yaşayırlar, əvvəl Cavabdeh1 adına daşınmaz əmlak olmuş, həmin əmlak 2018-2019-cu il tarixdə özgəninkiləşdirilmişdir, mübahisəli mənzil isə cavabdehlər tərəfindən kirayə verilməklə ondan fayda götürülür, bu günə qədər ən azı 2000 manat kirayə haqqı almışlar, belə ki, X7 adlı şəxs ailəsi ilə birlikdə kirayəçi kimi həmin mənzildə yaşayır, iddiaçı tərəfindən istifadə hüququnun itirilməsi məqsədilə təklif edilən kompensasiya məbləği 4 cavabdehə ümumilikdə 12000 manatdır, cavabdehlər iddia tələbini – kompensasiya məbləğini qəbul etmirlər, ümumilikdə 50000 manat kompensasiya tələb edirlər. Bununla belə, cavabdehlərin kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istisna edən, o cümlədən mübahisəli əmlakdan cavabdehlərin mənzil hüququnun yeganə təminat vasitəsi kimi istifadə olunmasını şərtləndirən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğ müəyyən olunarkən, mənzilin şəraiti, həmin ərazidə olan yaşayış sahələrinin kirayə haqlarının məbləği, cavabdehlərin mənzili kirayə verməklə mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə ehtiyaclarının olmaması, onların davamlı surətdə başqa yerdə yaşaması və yaşadığı müddət, yaşadıqları mənzildən əvəzsiz istifadə etmələri, kirayə haqqından fayda götürmələrini, yaşayış yerinin cavabdelərə aidiyyatı (cavabdehlərdən Cavabdeh2 məxsus olması), mübahisəli mənzillə yaxın ərazidə yerləşməklə kəskin şərait fərqinin olmaması, cavabdehlərin maddi vəziyyəti nəzər alınmalı, bu məqsədlə də təklif edilən 12000 manat məbləğdə kompensasiya ağlabatan həddə hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqeyə görə, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1-ə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına İddiaçı tərəfindən onlara ümumilikdə 12000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı 100 manat dövlət rüsumu və 60 manat mediasiya xərcini ödədiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 istifadə hüququna ümumilikdə 12000 (on iki min) manat məbləğdə kompensasiya müqabilində xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar