Məhkəmə qərarları › İş №e-2(011)-5953/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5953/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5953/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və onun azyaşlı övladı X1 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 iyul 2023-cü il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzilin iddiaçı tərəfindən alınmasına dair AN-İ №1151101 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ********** qeydiyyat nömrəli Çıxarış iddiaçıya təqdim edilmişdir. Cavabdehlər Cavabdeh və onun azyaşlı övladı X2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzildə pasport qeydiyyatındadır. Belə ki, Cavabdeh iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisi, X2 isə onun övladıdır. Müqavilə bağlanıldıqdan sonra iddiaçıya məxsus mənzildə pasport qeydiyyatından çıxacaqlarına dair öhdəlik götürsələr də, bu günədək iddiaçının xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqdadırlar. Cavabdehlər uzun müddətdir ki, qeyd olunan ünvanda yaşamamalarına baxmayaraq, iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdırlar. Hazırki iş cavabdehlər Cavabdeh və onun azyaşlı övladı X1 iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa, cavabdehlərin formal olaraq mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını pozur və iddiaçı onlarn yerinə əlavə kommunal xərcləri ödəməli olur. Odur ki, cavabdehlər Cavabdeh və onun azyaşlı övladı X1 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzilə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 05 iyul 2023-cü il tarixdə Cavabdeh ilə aralarında bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzili almışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və 06 iyul 2023-cü il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh və onun azyaşlı övladı X2 hazırda iddiaçıya məxsus ünvanda qeydiyyatdadırlar. Cavabdehlər mənzilin keçmiş sakini olmuşdurlar. Onlar hazırda həmin mənzildə yaşamırlar, orada formal olaraq qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.01 kv/m olan 47 saylı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdeh və onun azyaşlı övladı X2 mənzilin keçmiş sakini olmuşdurlar. Mənzil satıldıqdan sonra cavabdehlər həmin mənzildən çıxsalar da, orada qeydiyyatda qalmışdırlar. Cavabdehlər hazırda həmin mənzildə yaşamırlar, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar, iddiaçının ailə üzvü deyildirlər. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və onun azyaşlı övladı X1 ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən istifadə hüquqları itirilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar