Məhkəmə qərarları › İş №e-2(011)-6039/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6039/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6039/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İşin faktiki hallarına görə X2 məxsus “Vaz 2107” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmıdır.

2. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh etibarnamə əsasında idarə etdiyi “Vaz 2107” markalı, ** CK *** markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 məxsus “Mercedes Benz C240” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur.

3. Caavbdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-645/2023 saylı qərarına əsasən cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat mələğində inzibati cərimə təyin edilmişdir. Ziyan dəymiş avtomobilə (“Mercedes Benz C240” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı) görə 3965 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək, iddiaçı tərəfindən bu barədə 126925 nömrəli sığorta aktı tərtib edilmiş və 3965 manat sığorta ödənişi faydalanan şəxsə (X5) ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı cavabdehdən “Mercedes Benz C240” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3965 manat sığorta ödənişinin və ödənilmiş 59.65 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. a) İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü ildə cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ 21074” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz C240” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı cavabdehin idarə etdiyi “VAZ 21074” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Hadisə zamanı cavabdehin “VAZ 21074” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. Hadisə zamanı o nəqliyyat vasitəsinə qanuni sahiblik etmişdir “Mercedes Benz C240”markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3965 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz C240” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərəçəkmiş X5 3965 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-645/2023 saylı qərarından görünür ki, cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmçinin şəxs izahatında da avtomobili sərxoş vəziyyətdə idarə etdiyini qeyd etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

6. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

7. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

8. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanunu

13. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmənin mövqeyi:

14. Məhkəmə ərizənin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

15. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.

16. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığorta hadisəsi baş vermiş və Sığortalanmış avtomobili idarə edən cavabdeh yol hərəkəti qaydalarını pozmuş, onun təqsiri nəticəsində “Mercedes Benz C240” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün (“Baku Property” avtomobil servisində qiymətləndirimişdir) hesablanmış 3965 manat məbləğində sığorta ödənişi X3 bank hesabına köçürülmüşdür.

17. Həmçinin, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)- 645/2023 saylı qərarına əsasən cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat mələğində inzibati cərimə təyin edilmişdir. İXM-nin 333.3-cü maddəsi isə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur.

18. Məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, hadisəni törətmiş cavabdeh isə avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

19. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 3965 manat məbləğində sığorta ödənişi və 59,65 manat məbləğində dövlət rüsumu, cəmi 4024,65 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar