Məhkəmə qərarları › İş №e-2(011)-606/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-606/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-606/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC “xxxx” Sığorta Şirkəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.635 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 manat dövlət rüsumunun, cəmi 2.665,40 manat pulun ASC “xxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “xxxx” Sığorta şirkəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortalanması” üzrə sığortalanmış **-MR-*** dövlət qeydiyyat nişanlı “xxxx” minik markalı avtomobil ilə Cavabdeh məxsus və özü tərəfindən idarə olunan **-EL-*** dövlət qeydiyyat nişanlı “Audi A6” minik markalı avtomobil Bakı şəhəri Xətai rayonu ərazisində xx xxxxxx 2013-cü il tarixdə toqquşmuşdur. Bakı şəhəri DYPİ-nin xx xxxxxx 2013-cü il tarixli BYP532114 inzibati xəta haqqında protokoluna və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx xxxxxx 2013-cü il tarixli arayışa əsasən **-EL-*** dövlət qeydiyyat nişanlı “Audi A6” minik markalı avtomobilin sürücüsü təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-MR-*** dövlət qeydiyyat nişanlı “xxxx” minik markalı avtomobilə vurulmuş zərərlə bağlı müvafiq qiymətləndirmə keçirilmişdir və zərər 2.835 manat məbləğində müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində qeyd edilən şərtsiz azadolma məbləği tətbiq edilməklə 2.635 manat məbləğində sığorta ödənişi şirkət tərəfindən həyata keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “xxxx” minik markalı, **-MR- *** dövlət qeydiyyat nişanlı avtomobil ASC “xxxx” Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək 18.600 manat sığorta məbləği olmaqla kasko sığorta növü ilə sığortalanmışdır. Həmin avtomobil ilə Cavabdeh məxsus və özü tərəfindən idarə olunan **-EL-*** dövlət qeydiyyat nişanlı “Audi A6” minik markalı avtomobil Bakı şəhəri Xətai rayonu ərazisində xx xxxxxx 2013-cü il tarixdə toqquşmuşdur. Cavabdeh təqsirli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 2.635 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxxx 2013-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı **-MR-*** dövlət qeydiyyat nişanlı, “xxxx” minik markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə şərtsiz azadolmanın məbləği çıxılmaqla 2.635 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarında olan qüsur aktına əsasən, avtomobilə dəymiş ziyanın məbləği 2.835 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 2.635 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 2.655,40 manat alınaraq iddiaçı ASC “xxxx” Sığorta Şirkətinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2.635 (iki min altı yüz otuz beş) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 2.665,40 (iki min altı yüz altmış beş manat qırx qəpik) manat alınaraq iddiaçı ASC “xxxx” Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar