Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-606/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, «İcbari Sığorta Bürosu» X4 Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «İcbari Sığorta Bürosu» X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1400 manat və ödənilmiş dövlət rüsumuna görə 34 manat, ümumilikdə 1434 (bir min dörd yüz otuz dörd) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkət tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X5 adına sığortalanmış SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 04 iyun 2020-ci il tarixində Bakı şəhəri, Zabrat qəsəbəsi ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu rayon Polis idarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarından məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnaməsi olmadan (etibarnaməsinin müddəti bitməklə) idarə edilmiş, bu səbəbdən də Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tədbir görülmüşdür. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 1400 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 25.4cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunda yerləşən “Ros Oil” yanacaq doldurma məntəqəsindən Zabrat-Kürdəxanı yoluna çıxıb hər iki istiqamətdə baxdıqdan sonra qanunla nəzərdə tutulmuş yerdən Kürdəxanı qəsəbəsi istiqamətində dönərək manevri başa çatdırdıqda Pirşağı qəsəbəsi istiqamətindən Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu ilə Məmmədli dairəsi istiqamətində sol hərəkət zolağı ilə hərəkət edən Vaz-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təxminən 100-150 metr çatmamış məsafədə əks istiqamətli yola çıxdı və onun avtomobilini əks istiqamətli yolun ortasında vurdu, zərbədən avtomobillər yolun kənarına çıxdılar, hadisə nəticəsində o və avtomobildə olan digər qadın sərnişin yüngül xəsarət almışlar. İdarə etdiyi maşın həyat yoldaşı X6 məxsusdur, maşını idarə edərkən buna dair etibarnaməsi olmamışdır, etibarnamənin müddəti birdiyinə görə avtonəqliyyat vasitəsi etibarnaməsiz olmadan idarə edilmişdir. “İcbari Sığorta Bürosu” HŞİ ondan hadisə ilə əlaqədar zərərçəkənə dəymiş zərər üzrə 1400 manat məbləğdə sığorta ödənişi tələb edir. İddia tələbi ilə razı deyil və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Ödəniş vərəqəsindən görünür ki, «İcbari Sığorta Bürosu» Hüquqi Şəxslərin X1 bank hesabına 1400 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan Qeyri-kommersiya qurumlarının Dövlət reyestrindən Çıxarışdan görünür ki, «İcbari Sığorta Bürosu» X10 xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Onun fəaliyyəti zərəçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir. İş materiallarında olan İC AA 4775/20 saylı işə dair Sığorta Aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərin ümumi həcmi 2800 manat, əmlaka dəymiş zərər 2800 manat, sığorta ödənişinin yekun məbləği 1400 manat təşkil edir. İş materiallarında olan AD № 616372 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, 52BX489 qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan AD № 809545 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarında olan Avtənəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə Arayışın surətindən görünür ki, 04 iyun 2020-ci il tarixində SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə VAZ-21074 markalı 52BX489 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Avtonobil nəqliyyatının mülkiyyətçiləri X11 və müvafiq olaraq X3r. Hadisə baş verdiyi anda sürücü Cavabdeh və X3r. İş materiallarında olan AD 061442 saylı Sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2016-xx.xx.2026-cı il dövrünü əhatə edən sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə avtomobillərə vurulmuş zərərə görə ödəniləcək sığorta ödənişinin ondan subroqasiya qaydasında geri tələb olunacağı qeyd edilmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" Sığorta Şirkəti ASC ilə sığortalı X11 arasında SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığorta olunması ilə bağlı xx.xx.2019-xx.xx.2020-ci illəri əhatə edən sığorta müqaviləsi bağlanmışdır. Sığorta haqqı 125,0 manat, yekun sığorta haqqı 100,0 manat, sığorta məbləği - əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə - bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat təşkil edir. İş materiallarından görünür ki, etibar edən X11 etibar olunan Cavabdeh Ləzfi qızına SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Etibarnamənin qeydiyyat tarixi xx.xx.2016, bitmə tarixi xx.xx.2020-ci ildir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ tərəfindən cinayət işinin rədd edilməsi barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir. İş materiallarında olan Əmlaka dair qiymətləndirmə Aktından görünür ki, avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin qiyməti, cəmi 1260,0 manat, xidmət haqqı, cəmi 1540,0 manat, ümumi məbləğ 2800,0 manat təşkil edir. İş materiallarında olan Şəxsə aid nəqliyyat vasitələri barədə məlumatdan görünür ki, SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X8 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnəmədən görünür ki, X12 ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1047 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Həşimova soyadı verilmişdir. İş materiallarında olan ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu qismində 34,0 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır, Cavabdeh Yolçu qızı xx.xx.2020-ci il tarixdə həmin avtomobili idarə edərkən X2 idarə etdiyi “VAZ 21074” minik markalı, 52BX489 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi ziyan vurmuşdur, vurulan zərər 1400 manat dəyərindədir, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən SUBARU TRİBECA markalı, 90BA446 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan idarə edilmişdir, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci və 332.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tədbir görülmüşdür, sığortaçı tərəfindən zərərçəkmiş İ.A.Quliyevə 1400 manat məbləğində sığorta ödənişi edilmişdir (ASC "xxxx" Sığorta Şirkəti müflis elan edildiyindən, əmlaka dəyən zərərlə bağlı kompensasiya ödənişi Sığorta Bürosu tərəfindən verilir), SUBARU TRİBECA markalı, 90BA446 markalı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X8 məxsusdur. E.R.Quliyevlə cavabdeh K.Y.Həşimova xx.xx.2006-cı il tarixdən rəsmi nikahdadırlar, sığorta predmeti olan nəqliyyat vasitəsi sığortalı və cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla həmin əmlak barədə tərəflər arasında əmlakın hüquqi statusunu müəyyən edən razılaşma mövcud olmamış və tərəflər əmlakdan birgə istifadə etməklə ona sahiblik etmişlər, cavabdeh iddia tələbini qəbul etmir. Bununla belə, Cavabdeh Yolçu qızının mülki hüquq məsuliyyətinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Halbuki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi avtomobil onun həyat yoldaşı E.R.Quliyevin mülkiyyətində olmaqla onların birgə nikah dövründə əldə etdikləri ümumi birgə əmlakdır. Məhkəmə, “nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır”, “ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir” prezumpsiyası nöqteyi-nəzərindən qeyd edir ki, ər-arvadın Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə müvafiq olaraq nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin birgə mülkiyyətçiləri olması avtomobilə dair etibarnamənin tələb edilməsini istisna edir və etibarnamənin tələb edilməsi Ailə və Mülki Məcəllələrinin qeyd olunan maddələri ilə uzlaşmır. Deməli, iddiaçının “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi” nöqtey-nəzərindən irəli sürdüyü tələb cavabdehə qarşı subroqasiya hüququ yaratmır. Beləliklə məhkəmə hesab edir ki, sığortalanmış əmlak sığortalı ilə cavabdehin ümumi əmlakı olduğundan və bu əmlakla bağlı tərəflərin hər hansı bir razılaşması aşkarlanmadığından qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı cavabdehə hər hansı bir etibarnamənin verilməsi kimi zərurət yaranmamışdır. Çünki istinad edilən əmlak sığortalının olduğu qədər cavabdehin də əmlakıdır və öz mülkiyyətində olan nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə hər hansı etibarnamə tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 213.1- ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəlləsinin 213.2- ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarında qeyd olunur ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1400 manat və ödənilmiş dövlət rüsumuna görə 34 manat, ümumilikdə 1434 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: «İcbari Sığorta Bürosu» X4 “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1400 manat və ödənilmiş dövlət rüsumuna görə 34 manat, ümumilikdə 1434 (bir min dörd yüz otuz dörd) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-606/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-606/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver