Məhkəmə qərarları › İş №e-2(011)-6141/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6141/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6141/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə Birbank Cashback debet kart müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən Bank (iddiaçı) Müştəriyə (cavabdehə “X3” ödəniş kartı verir, cavabdehin müraciəti əsasında bu Müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin kartla bağlı və (və ya) xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, Müştəri (cavabdeh) isə kartdan (və ya) kredit xəttindən istifadə edir, yaranmış borcların (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın müəyyən etdiyi taarif dərəcələrinə əsasən ödəyir. Kredit xəttindən istifadə müddəti xx.xx.2026-cı il tarixədək, kredit xəttinin itifadə edilə biləcək ümumi məbləği isə 15000 manat həddində müəyyən edilmişdir. Həmçinin, müqaviləyə görə iddiaçı kartdan, habelə kredit xəttindən istifadə eilməsi və ödənilməsi üçün iddiaçının (Müştərinin) adına və kartla bağlı AZN valyutasında cari hesab, habelə bonus, faiz və güzəştlərin hesabalanaraq toplandığı şərti cashback hesabı açır.

2. Cavabdeh UMİCO platforması vasitəsilə məhsul alarkən iddiaçı tərəfindən istifadəsinə verilmiş kartdakı pul vəsaitindən ödənişlər edərək 939,79 manat cashback (cashback - müştəri tərəfindən aparılan əməliyyatlara görə müvafiq əməliyyat mələğinin bankın daxili qayda, şərt, prosedur və digər sənədlərinə uyğun olaraq bank tərəfindən müştərinin hesabına mədaxil edilən hissəsidir) əldə etmiş və həmin pul vəsaiti nağdlaşdırılaraq cavabdeh tərəfindən məxaric edilmiş, daha sonra cavabdeh tərəfindən satın alınmış məhsul geri qaytarılmışdır. sa da, həmin məhsulun satın alınması nəticəsində əldə edilmiş 929,63 manat cashback geri qaytarılmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 929,63 manat pulun və ona hesablanmış 89,86 manat faiz olmaqla, cəmi 1019,49 manat pulun və 30,19 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli BirBank Cashback Debet kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Müştəri tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq Bank tərəfindən Müştərinin hesabına köçürülə bilər. Müştəri UMİCO platforması vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından edərək istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə Bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində dəfələrlə edərək 16488.18 manat faktiki ödəniş etmədiyi və mal almadığı halda 929.63 manat cashback əldə etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıdan aldığı kart hesabına xx.xx.2023-cü il tarixdə UMİCO platforması vasitəsilə (UMİCO Market) alış-veriş etmiş, sonradan aldığı məhsulları mağazaya geri qaytarmışdır. Aldığı məhsullara görə ona ümumilikdə 900 manatdan artıq cashback gəlmiş və həmin vəsaiti malları aldığı gün kartdan məxaric etmişdi. Borcunu hissə-hissə ödəməyə razıdır.

9. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

14. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

15. Maddə 958. Bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İşin mübahisəsiz haldır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə müqaviləsi Birbank Cashback debet kart müqaviləsi (hesab, kart, kredit üzrə) bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən qeyri-taksit əməliyyatları üzrə illik faiz dərəcəsi 25%, taksit əməliyyatatlaı üzrə isə 0% müəyyən edilmişdir.

21. Həmçinin, Müqavilənin 6.6-cı bəndinə əsasən Kart hesabı vasitəsilə aparılan əməliyyatın növündən asılı olaraq Bankın daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən Müştərinin həyata keçirdiyi əməliyyatın məbləğinin Bank tərəfindən müəyyən edilən faizi Bank tərəfindən Müştərinin Cashback hesabına Cashback kimi mədaxil edilə bilər. Cashback üzrə aylıq qazanıla biləcək maksimal məbləğ 500 (beş yüz) AZN müəyyən edilir. Bu Müqavilənin 3.2-ci bəndi ilə nəzərdə tutulmuş faizlər də müvafiq hesaba mədaxil edilsə də, faiz məbləğləri qeyd olunan limitə daxil edilmir. Bu, Bankın hüququdur vəzifəsi deyildir və bu hissədə nəzərdə tutulan şərtləri (cashback, qazanıla biləcək maksimal məbləğ) Bank birtərəfli qaydada dəyişdirilə və ya ləğv edilə bilər.

22. İş materiallarına əlavə edilmiş ödəniş (əməliyyat) cədvəlindən görünür ki, cavabdehin istifadəsində olan 416973*******8948 nömrəli kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 13098,50 manat, 3159,4 manat və 230,28 manat olmaqla, 3 dəfə ödənişər edilmiş, bu ödənişlər nəticəsində xx.xx.2023-cü il tarixdə 13098,50 manata görə 770,31 manat, 3159,4 manata görə 157,97 manat və 230,28 manata görə 11,51 manat pul vəsaiti (cashback fiaizi) 416973*******8948 nömrəli kart hesabına mədaxil edilmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə 13098,50 manat, xx.xx.2023-cü il tarixdə isə 3159,4 manat və 230,28 manat pul vəsaitləri yenə də cavabdehin istifadəsində olan 416973*******8948 nömrəli kart hesabına qaytarılmışdır.

23. Həmçinin, işə əlavə edilmiş aparılmış, “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin istifadəsində olan 416973*******8948 nömrəli kart hesabında 16506,25 manat kredit vəsaiti köçürülmüş, “UMİCO MARKET” platforması vasitəsilə alış üçün xx.xx.2023-cü il tarixdə 13098,5 manat, xx.xx.2023-cü il tarixdə 230,28 manat, xx.xx.2023-cü il tarixdə isə 3159,4 manat vəsait sərf edilmişdir. Malların qaytarılması nəticəsində xx.xx.2023-cü il tarixdə 13098,50 manat, xx.xx.2023-cü il tarixdə 230,28 manat, xx.xx.2023-cü il tarixdə isə 3159,4 manat pul 416973*******8948 nömrəli kart hesabına qaytarımışdır. Həmçinin, “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, xx.xx.2023-cü il tarixdə 939,79 manat “BirBank CASHBCK” vəsaiti cavabdehin istifadəsində olan 416973*******8948 nömrəli kart hesabına köçürülmüşdür.

24. Şərh edilənlədən də görünür ki, iddiaçı Müqaviləyə uyğun olaraq razılaşdırıkmış kredit vəsaitini cavabdehin istifadəsinə vermiş, kreditdən “UMİCO MARKET” platforması vasitəsilə alış-veriş üçün müəyyən edilmiş “cashbck”ə görə pul vəsaitini də cavadehə vermişdir. Lakin tərəflər arasında bağlanmış Müqaviləyə və ümumilikdə bank sektorunda formalaşmış işgüzar adətə uyğun olaraq “cashbck” hər hansı ödənişlər (alış-veriş, bank tərəfindən təqdim edilən müəyyən kateqoriyadan olan ödənişlər və s. üzrə) ödənişi həyata leçirən şəxsə qaytarılan pul vəsaitidir. Müqaviləyə görə Azərbaycan Respubliksı Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” eyini zamanda tərəflər arasındakı münasibətlərə tətbiq edilr.

25. Azərbaycan Respubliksı Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 6.1 və 6.2-ci bəndlərinə görə istehlakçı alınmış mallara görə bu Qaydaya əsasən ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarətkassa aparatı çekini tələb edir və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarılması portalda yoxlanılır (6.1). Satıcı ona təqdim olunan nəzarət-kassa aparatının çekinə əsasən ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərindən istehlakçıya bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərini tam məbləğdə istehlakçıya geri qaytarır (6.2).

26. Qaydalarda göstərilən müddəalardan da görünür ki, alıcı təəfindən alınmış mal geri qaytardıqda və ya dəyişdirildikdə malın alışına görə verilmiş ƏDV çıxıldıqdan sonra qalan məbləğ alıcıya (istehlakçıya) qaytarılır.

27. Sözügedən Qaydaların müddəalarının tərəflər arasındakı münasibətə də tətbiq edilməsi nəzərə alındıqda, cavabdeh aldığı malları qaytardığı halda hesablanmış cashback faizini iddiaçıya qaytarmağa borclu idi, çünki Müqavilənin 6.6-cı bəndinə əsasən cashback faizi müştəriyə bank tərəfindən verilən vəsaitdir və bu vəsaitin verilməsi bankın hüququ kimi təsbit edilmişdir. Odur ki, iddiaçı 929,63 manat pulun geri qaytarlmasını tləb etməkdə haqlıdır.

28. Lakin, məhkəm iddia tələbini 89,86 manat məbləğində faiz borcunun tutulması hissəsində qismən əsaslı hesab edir. İşin mübahisəsiz halıdır ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymiş, 929,63 manat məbləğində pul vəsitini qaytarmaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur. Lakin, iddiaçı faiz borcunun 89,86 manat məbləğində hansl əsasla hesablanması qaydasını iddia ərizəsində qeyd etməmiş, iddia tələbinin həmin hissəsini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, faiz borcu Milli Bankın 2024-cü il üçün bank uçot dərəcəsinə uyğun olaraq hesablanmalıdır. Milli Bankın 2024-cü il üçün bank uçot dərəcəsi ortalama 7.25% olmuşdur ki, 929.63 manat məbləğinin 7.25 faizi 67,89 manat təşkil edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 67,89 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə həmçinin iddianın 30,19 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 929,63 manat məbləğində əsas, 67,39 manat faiz olmaqla, cəmi 991,02 manat pul və ödənilmiş 30,19 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar