Məhkəmə qərarları › İş №e-2(011)-6168/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6168/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6168/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Cavabdeh 5750 manat pul vəsaitinin və 77,50 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən NAZ LİFAN minik markalı 99HG711 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Qazax rayonu, Qazax-Əskipara yolu, Ürkməzli kənd ərazisində 10OX581 dövlət qeydiyyat nişanlı Mercedes Benz 212D mikroavtobus markalı avtomobili ilə toqquşmuşdur və Qazax rayonu, Dəmirçilər k. yaşayan X3 avtomobil ilə vuraraq yüngül xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Qazax rayonu DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci, 327.6-cı, 328 və 330-cu maddələri ilə TP ******* qərar yazılmışdır. Mercedes Benz 212D mikroavtobus markalı, 10OX581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 manat ödənişi verilmişdir. X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, CML-4560/2022/1AKT693/23 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış “NAZ LİFAN” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz 212D” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və dəymiş zərər 6215 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, CML-4560/2022/1AKT694/23 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına sağlamlığa dəymiş yüngül zərərə görə sığorta məbləğinin 15%i, yəni 750 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan, Avtonəqliyyat vasitələrinin texniki ekspertizasından əldə olunmuş 5825 nömrəli rəydən görünür ki, “Mercedes Benz 212D” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 3395 manat, işçilik xidmətləri 2820 manat olmaqla cəmi zərər 6215 manat təşkil edir. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 3(023)-45/2023 saylı qərarında görünür ki, X5 AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və 200 manat miqdarında cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” ******* nömrəli qərardan görünür ki, X5 AR İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 tərəfindən verilən 191 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, 1990-cı il təvəllüdlü X2 bədənində müəyyən edilmiş xəsarətlər Sol bazunun iç səthinin tikişə ehtiyacı olan əzilmiş- cırılmış yarası sol bazunun iç səthinin sol saidin orta və aşağı 3/1-nın, sol dirsək nahiyəsinin və başın təpə nahiyəsinin sıyrıqları hər iki aşağı ətrafın bud nahiyəsinin qançırları küt-bərk əşyanın təsirindən törənmişdərlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və dərcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan, 005XOH********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 5000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan, 005XOH********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 750 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ərizə verilərkən 77.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi “Mercedes Benz 212D” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “NAZ LİFAN” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya zərər dəydiyinə görə, həmin vaxt cavabdehin yol nişanlarının tələblərinə riayət etməyərək, nəticədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuş və 5750 manat məbləğində pul vəsaiti (5000 manat avtomobilə dəymiş zərərə, 750 manat sağlamlığa dəymiş yüngül zərərə görə) yəni sığorta şirkəti tərəfindən ödənildiyinə görə, iddiaçının 5750 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 5750 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalıdır. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 77.50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat pul vəsaiti və 77.50 (yetmiş yeddi manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar