Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6227/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun qərarının ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən borclu İddiaçı 17000 manat məbləğində borcunun olmasınına dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2024cü il tarixli qərarların və xx.xx.2024-cü il tarixli xx/xx-197437/13 saylı sərəncamın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5702/2021 saylı qətnaməsinin icrası çərçivəsində Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin aliment üzrə borcun müəyyən edilməsi barədə hərəkətləri ilə razılaşmayaraq, icra məmurunun qərarlarını iddia icratı çərçivəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Qanunun 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-nin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında isə izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-1637/2024 saylı qərarında qeyd olunur ki, “...Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir...” İş materiallarından göründüyü kimi, iddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5702/2021 saylı icra vərəqəsi üzrə aliment borcunun hesablanması barədə icra məmurunun qərarının ləğv edilməsini xahiş edir. Belə ki, o, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmır və qeyd edir ki, aliment borcu onlara məlum olmayan səbəbdən hesablanmışdır. Alimentin ödənilməsinin müvafiq icra qaydası, məbləği müəyyən edildikdən sonra uşaqların mənafeyi və diqqətəlayiq digər halları nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan və ya ödəyən şəxslərin bu barədə müraciətləri Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir. İcra məmuru tərəfindən müəyyən edilmiş aliment borcu ilə razılaşmayan tərəflərin - tələbkar və ya borclunun, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkəsizliyindən) və qərarlarından şikayət etmək hüquqları vardır. Məhkəmə göstərilən qanunvericilik normalarında və vahid məhkəmə təcrübəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb icra sənədi üzrə aliment borcu ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılmalı olması, irəli sürülmüş hazırkı tələbə ayrıca mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Beləliklə məhkəmə hesab edir ki, mövcud iddia tələbinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və İddiaçı aliment borcunun müəyyən edilməsi üzrə icra məmurunun hərəkətlərindən məhkəmə qərarının icrası (icra icraatı) qaydasında şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya aliment borcunun müəyyən edilməsi üzrə icra məmurunun hərəkətlərindən məhkəmə qərarının icrası (icra icraatı) qaydasında şikayət ilə icra məmurunun olduğu yer üzrə məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-6227/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6227/2025
22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver