Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6229/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ona Qeydiyyat vəsiqəsi (ÖM seriyalı, 018058 nömrəli) verilmişdir. Yenidən həmin mənzilə dair Yeni qaydalarla: ünvan 1 ünvanı təyin edilərək iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh iddiaçının övladıdır, o, 2008-ci il tarixdə Azərbaycan Respublikasından gedərək, arvadı və övladı ilə birlikdə Rusiya Federasiyasında arvadına məxsus mənzildə yaşayır. Cavabdeh sonuncu dəfə 2023-cü ildə ölkə ərazisinə gəlmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və ölkə ərazisinə geri qayıtmamışdır. Cavabdeh hal-hazırda həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşıdır. O, hazırda da iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır.
3. Bundan başqa, cavabdeh 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Sankt- Peterburqdakı Baş Konsolluğu tərəfindən cavabdehə ünvanlanmış müraciətə cavab məktubunda onun tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikasının vətəndaşlığından çıxmağın mümkün olmadığı qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehin Mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzil ona məxsusdur. Həmin mənzildə onunla bərabər X5, X6, X4, Cavabdeh və X1 rəsmi qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan cavabdeh faktiki olaraq, 2008-ci ildən evdən çıxmış və Rusiya Federasiyasına köçmüşdür. 2011-ci ildən isə tam olaraq, onunla və digər ailə üzvləri ilə əlaqəsini kəsmişdir. Faktiki olaraq, 13 ildən çoxdur ki, ona məxsus olan mənzildə yaşamır, təsərüffat aparmır, onnula əlaqə saxlamır. Daha sonra, məlum olmuşdur ki, o Rusiya Federsiyası vətəndaşlığını almış, Azərbaycan Respublikasına səfər edəndə də müvəqqəti olaraq dostunun evinə qeydiyyata düşüb orada yaşayır. Həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyası Sankt- Peterburq şəhərində yerləşən konsulluğundan evə məktub daxil gəmiş, məktubdan görünür ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün müraciət etmiş, lakin prosessual pozuntulara görə ona bu barədə imtina gəlmişdir. Halhazırda yaşlı anası ilə maraqlanmayan cavabdehin mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını, konkret sərəncam vermək hüququnun icrasını məhdudlaşdırır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh müvafiq dövlət orqanlarına ünvanlandığı ərizəsində qeyd etmişdir ki, işləmək üçün harasa getmək onun mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə əsas vermir. Onun sözügedən Mənzildən istifadə hüququ var.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh 2008-ci il tarixdən ölkəni tərk edib, bu tarixdən sonra yalnız 4 dəfə ölkəyə qayıtmışdır.
9. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında mobil telefon vasitəsilə onunla əlaqə saxlanılan zaman bildirmişdir ki, hal-hazırda Rusiyada yaşayır. Sonuncu dəfə Azərbaycana 2023-cü ilin iyun ayında gəlmişdir. O vaxt atası rəhmətə getmişdi. Hər dəfə gələndə öz evində qalıb. Arvadı azərbaycanlıdır. Rusiyada arvadının mənzilində yaşayırlar. Rusiyadakı mənzil arvadının valideyinləri tərəfindən arvadına hədiyyə olunub. 2013-cü ildə o, konsulluğa müraciət etmişdir ki, azərbaycan vətəndaşlığından çıxsın, lakin ona bildirdilər ki, idmançı, paralimpiya çempiyonu olduğundan bu formada azərbaycan vətəndaşlığından çıxa bilməz. Onun Rusiyada yaşamaq hüququ var. O, dostunun evinə qeydiyyata düşmüşdür. Yanvar ayında gələndə atası təkid etdi ki, mütləq müvəqqəti qeydiyyata düşsün, çünki o, azərbaycan pasportunu gətirməyi unutmuşdur.
10. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, iddiaçı onun qonşusudur. Cavabdehi sonuncu dəfə 2023-cü il tarixdə atası vəfat edəndə görüb. O tarixdən əvvəl yalnız 2013-cü il tarixdə cavabdehi görüb. Özü 5 il, 2015-ci il tarixədək Rusiya Fedrerasiyasında yaşayıb, o tarixədək isə cavabdehi yalnız bir dəfə görüb. 2023-cü ildə gələndə mübahisəli Mənzildə deyil, başqa yerdə qalmışdı. O, Rusiya Federasiyasında işlədiyi müddətdə cavabdehi bir neçə dəfə görüb, ancaq ünsiyyətləri yaranmayıb.
Mülki işə tətbiq edilən hüquq:
11. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
12. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
13. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
14. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.
15. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
16. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. İddiaçı 1996-cı il tarixdən qeydiyyatda olan oğlunun uzun müddətdir Mənzilində yaşamadığını, buna görə də onun istifadə hüququnun itirilməsini istəyir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
24. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
25. 01 oktyabr 2009-cu il tarixdədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
26. Cavabdehin istifadə hüququ yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
27. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının oğludur. Cavabdeh isə 1996-cı il tarixdən iddiaçının ailə üzvü olaraq Mənzildə onunla birlikdə yaşamış və pasport qeydiyyatına alınmışdır. Qeyd edilən qanunvericilik müddəaları baxımından cavabdeh Mənzilin xx.xx.1996-cı il tarixdən mülkiyyətçisi olmuş idddiaçının ailə üzvü (oğlu) olduğu üçün onun Mənzildən istifadə hüququ yaranmışdır.
28. Lakin işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh 2008-ci ildən etibarən ölkədən çıxaraq Rusiya Federasiyasına getmişdir və Mənzildə daimi yaşamır. Daimi olaraq Rusiya Federasiyasında arvadına məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bu hal əvvəlki məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə daxil olmuş məlumat ilə təsdiq olunmuşdur.
29. İş materiallarında olan 133 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 173 saylı arayışda da qeyd olunur ki, qonşuların aktına əsasən cavabdeh Mənzildə qeydiyyatdadır, lakin yaşamır. Həmçinin, məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, 2013-cü ildən sonra cavabdehin Mənzidə daimi yaşadığını görməmişdir. Eləcə də, əvvəlki məhkəmə iclası zamanı cavabdehlə “Whatsup” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlanılmış və cavabdeh bildirmişdir ki, o, 2008-ci il tarixdən etibarən ölkədən çıxaraq Rusiya Federasiyasına getmiş, lakin hər il ölkəyə qayıtmışdır.
30. Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda onların istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ay müddətlə məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.
31. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
32. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasın tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə getmiş, hazırda da orada yaşayır. Məhkəmə onun Mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi və xarici ölkəyə köçüb orada daimi yaşaması ilə bağlıdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, o, Rusiya Federasiyasında ailəsi, yəni arvadı və övladı ilə birlikdə arvadına məxsus fərdi yaşayış evində yaşayır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğu tərəfindən cavabdehə ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, cavabdeh Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraicət etmiş, lakin zəruri sənədlər təqdim olunmadığından bu mümkün olmamışdır. Həmçinin, cavabdeh də izahatında Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Sankt- Peterburqdakı Baş Konsolluğuna müraciət etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müfaviq dövlət orqanlarına yazdığı ərizəsində ölkəni yalnız işləmək üçün tərk etdiyini qeyd etsə də, iş materiallarında olan sübutlar, tərəflərin izahatları onun müvəqqəti olaraq işləmək üçün deyil, daimi olaraq xarici ölkədə yaşamaq üçün getdiyini deməyə əsas verir. Cavabdehin Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Konsolluğa müraciət etməsi də, onun Azərbaycan Respublikasında daimi yaşamaq niyyətinin olmadığını bir daha sübut edir.
33. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, cavabdeh Mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, iddiaçının iddia tələbi təmin edilərək Mənzildən cavabdehin istifadə hüququna xitam verilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, giriş 494, M9, m2) mənzilinə dair Cavabdeh istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı