Məhkəmə qərarları › İş №e-2(011)-625/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-625/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-625/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Saria İsmailovanın nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı Saria İsmailovanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Saria İsmailova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki,ünvan 1 ünvanında yerləşən 103 saylı mənzili təxminən 1990-cı ildən Gürcüstan Respublikasında yaşayan zaman mənzilləri dəyişməklə iddiaçının mərhum yoldaşının adına order verilmişdir. İddiaçının yoldaşı vəfat etdikdən sonra vərəsəlik qaydasında xx.xx.2006-cı il tarixdə MH № ******* nömrəli Çıxarışla adına dövlət qeyddiyatına alınmışdır, hazırda da iddiaçının tam mülkiyyət hüququ ilə mülkiyyəti tanınmış və hazırda da istifadəsindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə qızının övladı olan nəvəsidir. Cavabdehlər ümumiyyətlə iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar. Sadəcə Bakı qeydiyyatına alınma üçün Cavabdeh1 razılıq verilərək qeydiyyat alınsada, nəvəsi olan Cavabdeh2 formal olaraq ananın qeydiyyatı üzrə yaşamadığı halda mənzilə qeydiyyata alınmışdır, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 103 saylı mənzil alınan tarixdən daimi olaraq nə iddiaçı, nədəki cavabdehlər çünki mütamadi olaraq kirayəşinlər yaşamışdır. Cavabdehlərdə hazırda onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamır. Cavabdehlərin hər ikisidə evlidir və daimi əsasla yaşayış yerlərini seçərək həyat yoldaşlarının evində yaşayırlar. Hazırda cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxmaması mənzilin mülkiyyətçisi kimi iddiaçının mənzil üzərində sərəncam vermək üququmu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Beləliklə, cavabdehlərin iddiaçının tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən artıq xeyli müddətdir ki, iddiaçı cavabdehlərə görə əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Bu isə iddiaçıya maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Həmçinin cavabdehlərin mənzildə qeydiyyatda alması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyinə imkan vermir, ona görə də hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edirəməsaslıdır. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirdi ki, mübahisəli ev cavabdeh Dilşad xanımın atasının evi olub, atasının vəfatından sonra iddiaçının mülkiyyətinə keçib, Dilşad xanım həmin evə qeydiyyata alınıb, atası şifahi olaraq evi qızına vəsiyyət edib, daha sonra Dilşad xanım ailə qurub və Gürcüstanda yaşayıb, hazırda mübahisəli mənzildə yaşamasa da, Bakıya tez-tez gəlib gedir. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində istifadədə olan 0,1775 ha torpaq sahəsində yerləşən 16 nömrəli 9 mərtəbəli binada ümumi 46,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 103 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İsmayılova Səriyənin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 98 saylı MKİS-in xx.xx.2024-cü il tarixli Arayışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 103 saylı mənzildə qeydiyyatdadırlar, lakin uzun müddətdir göstərilən ünvanda yaşamırlar. İş materiallarında olan Vərəsəlik hüququ haqqında şəhatnamədən görünür ki, Bakı şəhəri, Q.Yəhya küçəsi (İ.İsmayılov küçəsi), ev 16, m 103-də 3 otaqlı şəxsi mənzil X1 əmlakı kimi Saria İsmailovaya miras qismində keçmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ididaçı tərəfindən Bakı şəhər Xətai rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzil iddiaçıya məxsusdur, Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə nəvəsidir, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin evdə yaşamırlar. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə etməsinin hüquqi əsası, o cümlədən onların mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacları aradan qalxdığından, cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığından iddia tələbi təmin edilməli, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 9.2.5.-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (Latridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 103 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar