Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6269/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və X2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X9 küçəsində yerləşən 9 nömrəli evin, 120 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi 9 nömrəli evin 120 saylı mənzil Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Hazırkı iş üzrə üzrə cavabdehlər, yəni İddiaçı qardaşı Cavabdeh3, qardaşının həyat yoldaşı Cavabdeh4, qardaşı oğlu Cavabdeh5, qardaşı qızları Cavabdeh2 və Cavabdeh1 övladı X5 ilə birlikdə formal olaraq həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı 11 fevral 2009-cu il tarixdə Xətai RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polkovnik leytenant cənab R.Məmmədova ərizə ilə müraciət edərək hazırkı iş üzrə Cavabdeh3 digər ailə üzvləri ilə birlikdə qeydiyyata alınmalarını xahiş etmişdir. Qeydiyyata alınmalarını xahiş etsə də, faktiki olaraq həmin mənzildə yaşamamışlar, qeydiyyata alınmaları formal xarakter daşımışdır. Lakin cavabdehlər qeydiyyatda olduqları mənzildə heç vaxt yaşamadıqlarına baxmaraq indiyə kimi qeydiyyatdan çıxmamışlar. Bu isə İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka sərəncam vermək kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh3 digər ailə üzvləri ilə birlikdə özünə məxsus və mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən 195 nömrəli evin 46 saylı mənzilində yaşamaları, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-30082/2025 nömrəli məktubu ilə təsdiq edilir. Belə ki, xx.xx.2025-ci il tarixli, 19VB-172/2025 saylı vəkil sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-30082/2025 **********82 saylı arayışa əsasən Cavabdeh3 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 195, 46 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 9, 120 saylı mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsi xx.xx.2025-ci il tarixli 3-13-55/2-/-23869 saylı məktubu ilə bildirilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatı, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatı, öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Eyni zamanda qeyd edilmişdir ki, qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Sadalanan cavab məktubu ilə İddiaçı mənzilində cavabdehlərin qeydiyyatda qalmaları ilə nəticələnir ki, bu da onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək kimi hüquqlarını məhdudlaşdırır. Ona görə də, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər heç bir zaman mübahisə predmeti olan mənzildə yaşamamışlar və onların həmin mənzildən istifadə hüquqları mövcud deyil. Lakin, cavabdehlər mənzildə qeydiyyatda olduqlarından və müvafiq qurumlar tərəfidən qeydiyyatdan çıxarılmaları da yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Cavabdeh3 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil ataları tərəfindən alınmışdır, iddiaçı da cavabdeh özü də həmin mənzildə heç bir zaman yaşamayıblar. Mənzil 1996-cı il tarixdə alınıb, 1998-ci ildə isə iddiaçının mülkiyyətinə keçib. İddiaçı həmişə deyirdi ki, mənzili satacaq və satışdan əldə olunan pul da bacı və qardaşlar arasında 6 yerə bölünəcək. Lakin, son 3-4 aydır ki, iddiaçı mübahisə edir ki, mənzil yalnız onundur. O, əlavə olaraq bildirdi ki, əvvəllər kirayədə yaşamış, hazırda isə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 195 ünvanında yerləşən 46 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirmişdir ki, mənzildə əvvəllər iddiaçının ögey anası yaşayırdı. Lakin, o, cavabdehlərin həmin mənzildə yaşamalarını istəmədiyindən, onlar başqa yerdə yaşamaq məcburiyyətində qalıblar. Hazırda isə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 195 ünvanında yerləşən 46 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Sübutların tədqiqi: İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. “Elektron Notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və X7 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2009-cu il tarixində ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşmüşlər. Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli 3-13-55/2-1-23869 nömrəli məktubun surətindən görünür ki, İddiaçı cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi 1 saylı ünvan 3 ünvanlanmış məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi 1 saylı ünvan 3 ünvanlanmış məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.1998-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İşin müəyyən edilən halları: ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətindədir və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh3 iddiaçının qardaşı, Cavabdeh4 qardaşının arvadı, Rəşad İsmayılsoy, Cavabdeh2 Cavabdeh1 onların övladları, Dəniz Eminova isə Cavabdeh3 nəvəsidir. Cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə yaşamasalar da, orada pasport qeydiyyatındadırlar. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydə alınmış, cavabdehlər isə xx.xx.2009-cu il tarixdən sonra həmin mənzilə qeydiyyata düşmüşlər. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində mülkiyyətçi ilə bərabər digər şəxslərin yaşayış binasının tərkib hissələrindən istifadə hüquqlarının yarnmasının əsasları müəyyən edilmişdir. Həm Mülki Məcəllənin adı çəkilən müddəlarının mənası, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi praktika baxımından mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə edən şəxsləri 2 kateqoriyaya ayırmaq olar: birincisi, mülkiyyətçinin ailə üzvləri. Bunlara Mülki Məcəllənin 228.5-ci maddəsndə göstərilən şəxslər, yəni mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları aiddir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə həmin şəxslərin istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə ayrıca müqavilənin bağlanmasına zərurət yoxdur, bu halda istifadə hüququnun yaranması etibarlı ailə münasibətlərinə əsaslanır; ikincisi, digər şəxlər. Bu kateqoriya şəxslərin istifadə hüquqlarının yaranması əsasları isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuşdur. Bu halda isə digər şəxslərin istifadə hüquqlarının yaranması üçün onlar mülkiyyətçi ilə müvafiq müqavilə bağlamalı, həmin müqavilə notarial qaydada təsdiq edildikdən sonra istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır. Hazırkı mübahisəyə gəldikdə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər iddiaçının Mülki Məcəllənin 228.5-ci maddəsinin mənası baxımından, ailə üzvünə daxil deyil, onlar iddiaçıya münasibətdə istifadə hüququ yaranmalı olan digər şəxslər kateqoriyasına aiddir. Bu halda isə onların istifadə hüququnun yaranması üçün ikinci qaydanın, yəni ayrıca istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilməklə müqavilənin balanması və istifadə hüququnun dövlət reyestirndə qeydiyyata alınması gərəkdir. Sadalanan qanunvericilik aktı normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər nə iddiaçının ailə üzvü, nə də iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər olmamışlar. Bu halda isə, cavabdehlərin mənzildən istifadə hüquqları yaranmamışdır. Mövcud olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilə bilməz. Bununla yanaşı qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı) Məhkəmə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman iddiaçının hüquqi arzusunun cavabdehləri qeydiyyatdan çıxartmaq olması məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənlərə əsasən məhkəmə izah edir ki, Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 9 ünvanında yerləşən 120 saylı mənzilə münasibətdə cavabdehlərin əmlak hüquqları olmadığı müəyyən edildiyi üçün hazırkı qətnamə əsasında iddiaçı müvafiq icra hakimiyyəti orqanına (inzibati orqana) şəxslərin qeydiyyatdan çıxarılması üçün ərizə ilə müraciət etmək hüququna malikdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 9 ünvanında yerləşən 120 saylı mənzildən Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və X2 qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına qətnamə əsasında ərizə ilə müraciət etmək hüququna malik olması iddiaçıya izah edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-6269/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6269/2025
02.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver