Məhkəmə qərarları › İş №e-2(011)-6303/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6303/2023

11.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6303/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 93-də yerləşən 28 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 24 iyul 2023-ci il tarixində 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış əldə etmişdir. Həmin arayışa əsasən Cavabdeh mülkiyyətçi İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 93-də yerləşən 28 saylı mənzildə pasport qeydiyyatından hələ də çıxmadığını öyrənmişdir. Cavabdeh Hacıyeva (Əliyeva) Arzu Məzahir qızı İddiaçı qardaşı oğlu - X1 həyat yoldaşıdır. Cavabdeh Hacıyeva (Əliyeva) Arzu Məzahir qızı ilə X4 2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Lakin sonradan onların arasındakı münasibətlər gərginləşdiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh Hacıyeva (Əliyeva) Arzu Məzahir qızı onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, ev 93-də yerləşən 28 saylı mənzilə qardaşı oğlu ilə nikaha daxil olduqdan sonra qeydiyyata düşmüşdür. Belə ki, qardaşı oğlu X4 evləndikdən bir müddət sonra ondan xahiş etmişdir ki, evləri olmadığı üçün müəyyən sənədləşmə işlərinin aparılmasında onlara çətinlik yaranır və müvəqqəti olaraq özü və həyat yoldaşına (keçmiş) onun mülkiyyətində olan mənzilə qeydiyyata düşməyə icazə versin. İddiaçı qohumluq əlaqələrini nəzərə alaraq onlara onun mülkiyyətində olan mənzilə müvəqqəti olaraq qeydiyyata düşməyə icazə vermişdir, lakin qardaşı oğlu Hacı Əliyev və cavabdeh Arzu Əliyeva onun mülkiyyətində olan mənzildə heç vaxt yaşamamışdır. Sonradan onların arasında olan nikah pozulmuşdur. İddiaçı elə düşünmüşdür ki, Əliyev Hacı və Cavabdeh onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmışlar. Lakin 2023-cü ilin əvəllərində mənzillə bağlı sənədləşmə işləri apararkən ona məlum olmuşdur ki, Əliyev Hacı və Cavabdeh onun mülkiyyətində olan mənzildə hələ də qeydiyyatdadır. Bu barədə qardaşı oğlu Əliyev Hacı ilə əlaqə saxlamış və onun mənzilindən qeydiyyatdan cıxmalarını tələb etmişdir. Əliyev Hacı onun mülkiyyətində olan mənzildən qeydiyyatdan cıxmağına baxmayaraq onun keçmiş həyat yoldaşı hələ də onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam edir. Cavabdeh hal-hazırda valideyinləri ilə birlikdə Gorədil qəsəbəsində yaşayır. Cavabdehin qeyd olunan ünvanda qeydiyyatda olması müəyyən narahatçılıq, narazılıq və söz-söhbət yaradır. Belə ki, həmin evə dair xərclər onun tərəfindən ödənilir. Cavabdeh Hacıyeva (Əliyeva) Arzu Məzahir qızının həmin ünvanda qeydiyyatda olması əlavə xərclərə səbəb olur. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişi Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh ünvan 1, 28 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, 28 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə xx.xx.2011-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 97 saylı MKİS tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh M.Hadi küçəsi 93 saylı evin 28 nömrəli mənzilində pasport qeydiyyatında olsa da hazırda həmin ünvanda yaşamır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. X2 Məhkəməsi plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya və beynəlxalq müqavilələrin normalarından irəli gələn və onu inkişaf etdirən mülki qanunvericilik mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, Cavabdeh mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə imzalamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mübahisəli mənzil üzərində istifadə hüququ yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia ona münasibətdə rədd edilməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehin müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu tərəflərə izah edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Cavabdeh müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə ünvan 1 ünvanında yerləşən 28 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar